﴿وَلاَ يَحْسَبَنَّ الَّذِينَ يَبْخَلُونَ بِمَا آتَاهُمُ اللّهُ مِن فَضْلِهِ هُوَ خَيْرًا لَّهُمْ بَلْ هُوَ شَرٌّ لَّهُمْ سَيُطَوَّقُونَ مَا بَخِلُواْ بِهِ يَوْمَ الْقِيَامَةِ وَلِلّهِ مِيرَاثُ السَّمَاوَاتِ وَالأَرْضِ وَاللّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌ﴾

 

TƏRCÜMƏ:

 

«Allahın Öz lütf və rəhmətindən verdiyində (səmavi kitab elmi və dünya malında) xəsislik edən kəslər, bu xəsisliyin onların xeyirlərinə olmasını güman etməsinlər. Əksinə, bu onlar üçün şərdir. Tezliklə xəsislik etdikləri şey (həmin elm və malın zəncir surətindəki gerçək təcəssümü) Qiyamət günü boyunlarının boyunduruqu olacaqdır. Göylərin və yerin mirası Allaha məxsusdur (hamı yox olacaq və yalnız O qalacaqdır). Allah etdiklərinizdən xəbərdardır.»

 

TƏFSİR:

 

AĞIR ƏSARƏT ZƏNCİRİ

 

Bu ayədə paxılların Qiyamət günündə düçar olacaqları vəziyyət izah edilir. Onlar mal-dövləti, dünya sərvəti qazanıb onun qorunmasına çalışmış, Allah bəndələrinə infaq etməkdən imtina etmişlər. Bu ayədə insanın malik olduğu mal-dövlətin vacib hüququ olan zəkatdan söz açılmadığına baxmayaraq Əhli-beytin (ə) və təfsirçilərin nəzərində bu ayə zəkat verməkdən boyun qaçıranlar barəsində nazil olmuşdur.

 

Əvvəldə buyurulur: Paxıllıq edənlər və Allahın Öz fəzl və mərhəməti ilə onlara verdiyi şeyləri Onun yolunda xərcləməyənlər güman etməsinlər ki, bu iş onların xeyrinədir. Əksinə, bu iş tamamilə onların ziyanınadır. Onların təsəvvür etdiklərinin əksinə olaraq bu iş onların ziyanına tamam olur.

 

Sonra onların Qiyamətdəki vəziyyətləri belə vəsf edilir: Tezliklə, Qiyamət günündə paxıllıq etdikləri şeylər (mal-dövlətlər) zəncir kimi onların boynundan asılacaqdır.

 

Bu cümlədən məlum olur ki, vacib hüququ – xüms-zəkat verilməyən və cəmiyyət tərəfindən istifadə edilməyən mal-dövlət, eləcə də yalnız fərdi istəklər yolunda, bəzən isə dəlisov hərəkətlərlə puç və əbəs yerlərə işlədilən, yaxud müəyyən səbəblərə görə üst-üstə yığılan mal-dövlət Qiyamət günündə «əməllərin təcəssüm etməsi» qanununa əsasən, insanın digər çirkin və yaramaz əməlləri kimi təcəssüm tapacaqdır və qəti əzab surətinə düşəcəkdir.

 

Sonra digər bir mühüm məsələyə işarə edilir və buyurulur ki, istər bu mal-dövlət Allah yolunda və Onun bəndələri üçün xərclənsin, istərsə də xərclənməsin, labüd olaraq onun sahibindən ayrılmalıdır, Allah yerdə və göydə olanların, bütün şeylərin varisidir.

 

İndi ki belədir, yaxşı olar ki, onlardan ayrılmazdan öncə onun mənəvi bərəkətlərindən bəhrələnsin və nəticədə bu mal-dövlət həsrət və məsuliyyət zənciri olaraq sahibinin boynundan asılmasın.

 

Ayənin axırında buyurulur: «Allah sizin əməllərinizdən agahdır.»

 

Deməli, Allah həm paxıllıq etməyinizi, həm də Allah yolunda cəmiyyət üçün xərcləməyinizi bilir. Buna görə də hər kəsə münasib mükafat verəcəkdir.

Nurul-Quran – «ALİ-İMRAN» SURƏSİ

 

 


more post like this