﴿ شَهِدَ اللّهُ أَنَّهُ لاَ إِلَـهَ إِلاَّ هُوَ وَالْمَلاَئِكَةُ وَأُوْلُواْ الْعِلْمِ قَآئِمَاً بِالْقِسْطِ لاَ إِلَـهَ إِلاَّ هُوَ الْعَزِيزُ الْحَكِيمُ ﴾

 

TƏRCÜMƏ:

 

«Allah (əzəldən Öz elmi ilə, dünyanı yaratdıqdan sonra Öz yaradılış qüdrəti ilə və daha sonra peyğəmbərlərin, ağılın və səmavi kitabların dili ilə) ədalətə əsaslanaraq (və işlərini ədalət üzərində möhkəmləndirərək) Ondan başqa bir məbudun olmamasına şəhadət verdi. Həmçinin mələklər və elm sahibləri (də şəhadət verdilər). (Bəli) Ondan başqa bir məbud yoxdur. Yenilməz qüdrət və (xilqət və şəriətdə) möhkəm yaradılış sahibidir.»

 

TƏFSİR:

 

Allah-təala varlıq aləmində yeganə və vahid sistem yaratmaqla Öz Zatının yeganəliyinə şəhadət verir. Yəni yaradılış aləmində mövcud olan qanunauyğunluqlar, nizam-intizam və s. hamısı varlıq aləminə yeganə qüdrətin hakim olmasından söhbət açır. Başqa sözlə desək, Allah-təala yaradılışın qəribəlik axarlarında həyatın şahidləri olan hikmətli ixtiraları ilə Özünün yeganə olmasından xəbər verir, Öz məxluqlarının yaranmasını Özünün yeganəliyinə şahid gətirir. Eyni zamanda insanlara başa salır ki, Onun yaratdığı varlıqların oxşarını yaratmağa belə bir kəsin qüdrəti yoxdur. Mələklər də mövcud elm və qüdrəti, yaradılışın qəribəliklərini görməklə Allahın yeganə olmasına şəhadət verirlər. Elm sahibləri və alimlər də yaradılış aləmində elmi təcrübələrlə sübuta yetirib dərk etdikləri qəribəlikləri görməklə bunları yarada biləcək qüdrətin Allahdan başqa heç bir varlıqda olmadığını anlayır və məhz buna görə də Allahın yeganə olmasına şəhadət verirlər. «Elm sahibi» kəlməsinin bütün alimlərə aid edilməsinə baxmayaraq, rəvayətlərə əsasən məqsəd peyğəmbərlər və imamlardır.

 

«Qaimən bil-qist» – mələklər şəhadət verirlər ki, ədaləti bərqərar edən Allahdan başqa heç bir məbud yoxdur. O, yeganədir, Ondan başqa heç bir məbud yoxdur, ruzi verən, bəndələri ilə ədalət əsasında rəftar edən və heç bir işdə zülmə yol verməyən də məhz Odur.

Nurul-Quran – «ALİ-İMRAN» SURƏSİ

 

 

 

 


more post like this