﴿ وَلاَ يَحْسَبَنَّ الَّذِينَ كَفَرُواْ أَنَّمَا نُمْلِي لَهُمْ خَيْرٌ لِّأَنفُسِهِمْ إِنَّمَا نُمْلِي لَهُمْ لِيَزْدَادُواْ إِثْمًا وَلَهْمُ عَذَابٌ مُّهِينٌ ﴾

 

TƏRCÜMƏ:

 

«Küfr edən kəslər onlara verdiyimiz möhlətin öz xeyirlərinə olmasını güman etməsinlər. Əslində Biz onlara (başa düşmələri üçün) möhlət veririk (lakin sonda bu, səbəb olur) ki, onlar (öz) günah(ların)ı artırsınlar. Onlar üçün alçaldıcı bir əzab vardır.»

 

TƏFSİR:

 

Quran münafiqlər, kafirlər, zəif imanlı şəxslər barəsində «güman etməyin» kəlməsini dəfələrlə işlətmişdir. Səbəbi də odur ki, bu kimi şəxslər düzgün uzaqgörənlikdən və təhlildən, kamil əqldən və aşkar batindən məhrumdurlar. Onlar yaradılış aləmini əbəs və oyun-oyuncaq, dünyanı əbədi qalacaq yeri, izzət və başıucalığı kafirlərin ətrafına fırlanmaqda güman edir, ömrün uzun olmasını xeyir-bərəkət sayırlar ki, Quran ayələrində bu kimi puç və xam xəyallar açıqlanaraq ifşa edilmişdir.

 

Bəzən küfr əhli güclü maddi imkanlara, rifah və asayişə malik olmalarını özlərinin ləyaqətli olmasına əsas səbəb hesab edirlər. Halbuki, Allah-təala onlara, haqq qarşısında inadkarlıq etdiklərinə, büsbütün küfr və fəsada aludə olduqlarına görə möhlət verir ki, öz yaramaz əməllərində qərq olsunlar.

 

Tarixdən bildiyimiz kimi, məlun Yəzid İmam Hüseyni (ə) şəhid etdikdən sonra o Həzrətin (ə) əhli-əyalını Həzrət Zeynəbi Kubra (ə) ilə birlikdə əsir tutub Şama apardı. Yəzid öz məclisində tam qürurla Həzrəti Zeynəbə (ə) dedi: “Gördünüzmü, Allah bizimlədir?!” Zeynəbi Kubra onun cavabında həmin ayəni oxudu və buyurdu: “Mən səni alçaq və hər növ təhqirə layiq bilirəm. Ürəyin nə istəyirsə onu da et. Lakin Allaha and olsun, bunu bilməlisən ki, Allah nurunu heç vaxt söndürə bilməzsən.”

 

Bəli, Yezid kimi əyyaşlar üçün xaredici əzab hazırlanmışdır. Onların dünyadakı xəyali və puç izzətləri axirətdə xarlıq və zillətlə yanaşıdır.[ «Biharül-ənvar», 45-ci cild, səh. 133]

 

Bir sözlə, müqəssirlər iki cürdür: Onların bəzilərinin islaholunma qabiliyyətləri vardır. Allah-təala onları nəsihət ilə, acı və şirin hadisələrlə qarşılaşdıraraq ayıldır. Bəziləri isə hidayət olunmağa əsla layiq deyildir. Allah belə şəxsləri öz başlarına buraxır ki, onların bütün fəsad törədən qabiliyyətləri özünü büruzə versin. Buna görə də İmam Baqir (ə) həmin ayə ilə əlaqədar buyurmuşdur: «Ölüm kafirlər üçün bir nemətdir. Çünki nə qədər sağ qalsalar, bir o qədər artıq günah edərlər.»[ «Nurus-Səqəleyn» təfsiri, 1-ci cild, səh. 413]

 

İNCƏ MƏTLƏBLƏR

 

  1. İnsana möhlət verilməsi onun Allah dərgahında sevimli olmasına dəlil ola bilməz. Belə isə dünyanın bər-bəzəklərinə aldanmayın.

 

  1. Nemətlər yalnız o zaman faydalı ola bilər ki, haqq yolunda, xeyir işlərdə, cəmiyyətin düzgün inkişafı üçün istifadə edilsin.

 

  1. Ömrün uzun olması mühüm deyil. Əsas məsələ ondan necə bəhrələnməkdir. İmam Səccad (ə) «Məkarimül-əxlaq» duasında Allahdan istəyərək deyir:«Pərvərdigara, əgər mənim ömrüm şeytanın örüşünə çevrilsə, onu kəs!»[«Biharul-ənvar», 72-ci cild, səh. 61, 30-cu hədis]

 

  1. Tələm-tələsik və dərhal mühakimə yürütməyin; işin axırını və axirəti də nəzərə alın.

 

  1. Zalımların hakimiyyətdə olmaları və asayişdə yaşamaları onların haqq olmasına, Allahın onlardan razı olmasına dəlil deyil. Buna görə də onların müqabilində sükut etməyə heç bir əsas yoxdur.

Nurul-Quran – «ALİ-İMRAN» SURƏSİ

 

 


more post like this