﴿ وَمَا أَصَابَكُمْ يَوْمَ الْتَقَى الْجَمْعَانِ فَبِإِذْنِ اللّهِ وَلِيَعْلَمَ الْمُؤْمِنِينَ ﴾

 

TƏRCÜMƏ:

 

«İki dəstənin bir-biri ilə qarşılaşdığı gün düçar olduğunuz şey (Ühüd müharibəsindəki böyük məğlubiyyət və yetmiş nəfərin öldürülməsi) Allahın izni və icazəsi ilə idi (ki, sizi imtahan) və möminləri məlum etsin (və əzəli elmi mövcud gerçəkliklə üst-üstə düşsün).»

 

TƏFSİR:

 

Allah-təala hər bir iş üçün müəyyən bir səbəb yaratmışdır. Məğlubiyyətin də, qələbənin də müəyyən sirləri vardır. Sizin «Ühüd» müharibəsindəki məğlubiyyətiniz də səbəb-nəticə qanununa tabe idi. Siz müharibədə süstləşdiniz, döyüş nizamı və taktikasını pozdunuz, qənimət yığmaq üçün hərislik göstərdiniz, nəticədə məğlub oldunuz. Bu da bütün müharibələrdə Allah-təalanın dəyişməz qanunudur.

 

İNCƏ MƏTLƏBLƏR

 

  1. Həm məğlubiyyət, həm də qələbə Allahın iradəsi və izni ilə gerçəkləşir. Allahın izn və iradəsi də ilahi sünnələrdən ibarətdir.

 

  1. Acı və şirin hadisələr insanların sınağa çəkilib bir-birindən seçilməsi üçün meydandır.

 

AYƏ 167:

 

﴿وَلْيَعْلَمَ الَّذِينَ نَافَقُواْ وَقِيلَ لَهُمْ تَعَالَوْاْ قَاتِلُواْ فِي سَبِيلِ اللّهِ أَوِ ادْفَعُواْ قَالُواْ لَوْ نَعْلَمُ قِتَالاً لاَّتَّبَعْنَاكُمْ هُمْ لِلْكُفْرِ يَوْمَئِذٍ أَقْرَبُ مِنْهُمْ لِلإِيمَانِ يَقُولُونَ بِأَفْوَاهِهِم مَّا لَيْسَ فِي قُلُوبِهِمْ وَاللّهُ أَعْلَمُ بِمَا يَكْتُمُونَ﴾

 

TƏRCÜMƏ:

 

«Və münafiqləri məlum etməsi üçün! (Elə ki,) onlara “gəlin Allah yolunda vuruşun, ya (öz ərazilərinizi) müdafiə edin!”- deyildi, dedilər: “Əgər biz döyüşməyi bilsəydik, mütləq sizə tabe olardıq!” Onlar həmin gün, imandansa küfrə daha yaxın idilər. Onlar həmişə ağızları ilə qəlblərində olmayan şeyi deyirlər. Allah onların gizlətdiklərini daha yaxşı biləndir.»

 

TƏFSİR:

 

Bu ayədə məğlubiyyətin digər bir səbəbinə işarə edilir və buyurulur ki, onun səbəbi bu idi ki, münafiqlər başqalarından seçilsin.

 

Sonra Qurani-Kərim müharibədən əvvəl münafiqlərlə bəzi müsəlmanlar arasında gedən söhbətləri belə bəyan edir: Müsəlmanların bəzisi (İbn Abbasın nəql etdiyinə görə, Ömərin oğlu Əbdüllah) Əbdüllah İbn Əbu Səlulun öz dostları ilə birlikdə İslam ordusundan ayrılaraq Mədinəyə qayıtmaq qərarına gəldiklərini gördülər və ona dedilər: “Gəlin Allah xatirinə və Onun yolunda müharibə edin, ya da heç olmazsa sizin özünüzü və qohum-əqrəbanızı təhdid edən təhlükə qarşısında müdafiə olunun.”

 

Lakin onlar çox süst və gülünc bəhanələr gətirərək dedilər ki, əgər biz müharibə olacağını bilsəydik, hökmən sizə tabe olardıq.

 

Bunların hamısı sözsüz ki, bəhanə idi. Çünki müharibənin baş verməsi labüd idi, müsəlmanlar da əvvəldə qələbə çalmışdılar. Sonradan baş verən məğlubiyyət isə onların yol verdikləri nöqsanlı hallardan və səhvlərdən irəli gəlirdi. Allah-təala buyurur: Yalan deyirlər, onlar həmin gündə imandan daha çox küfrə yaxın idilər.

 

Yuxarıdakı cümlədən məlum olur ki, küfrün də, imanın da müxtəlif dərəcələri vardır və insanların əməl və əqidələrinə bağlıdır.

 

Onlar öz dilləri ilə qəlblərində olmayan şeyləri deyir, irəli sürdükləri təkliflərində inadkarlıq göstərdilər. Çünki onlar demişdilər ki, müharibə gərək Mədinənin içərisində baş versin. Onlar ya düşmən zərbələrinin qorxusundan, ya da İslama çox meyilli olmadığından müharibədə iştirak etməkdən imtina etdilər.

 

Lakin Allah münafiqlərin gizlətdiyi şeylərdən tam agahdır. Həm bu dünyada onların həqiqi simalarını ifşa edib batini niyyətlərini müsəlmanlara bildirir, həm də axirətdə onlardan lazımınca hesab alacaqdır.

Nurul-Quran – «ALİ-İMRAN» SURƏSİ

 

 

 

 


more post like this