﴿ أَوَلَمَّا أَصَابَتْكُم مُّصِيبَةٌ قَدْ أَصَبْتُم مِّثْلَيْهَا قُلْتُمْ أَنَّى هَـذَا قُلْ هُوَ مِنْ عِندِ أَنْفُسِكُمْ إِنَّ اللّهَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ ﴾

 

TƏRCÜMƏ:

 

«Sizə bir müsibət üz verən zaman (Ühüd müharibəsində yetmiş nəfəriniz öldürülərkən) – ki, əlbəttə, onun iki qatını siz (onlara) vurmuşdunuz (Bədr müharibəsində onlardan yetmiş nəfəri öldürüb, yetmiş nəfərini əsir götürmüşdünüz) – “bu müsibət necə və haradandır?” deyirsiniz?! De: “Bu sizin öz tərəfinizdəndir (çünki bu müharibədə Peyğəmbərin əmrindən çıxdınız).” Həqiqətən Allah hər bir şeyə qadirdir.»

 

TƏFSİR:

 

Müsəlmanlar «Ühüd» müharibəsində 70 nəfər şəhid verdikdən sonra məğlub olduqları zaman «nə üçün biz məğlubiyyətə uğradıq?» -deyə bir-birindən soruşurdular. Allah-təala buyurdu: Siz bu xəsarətin ikiqat artığını keçən il «Bədr» müharibəsində düşmənə vurmusunuz. Siz o zaman onlardan 70 nəfərini öldürüb 70 nəfərini də əsir tutmuşdunuz. Bundan əlavə, builki məğlubiyyət də məhz sizin təfriqəyə düşüb süstlüyə düçar olmağınız, rəhbərinizin göstərişlərinə itaət etməməyiniz ucbatından və öz tərəfinizdən olmuşdur.

 

İNCƏ MƏTLƏBLƏR

 

  1. Yekun mühakimə yürüdərkən acılıqların və şirinliklərin hər ikisini eyni zamanda nəzərdə tutun (siz təkcə «Ühüd»dəki məğlubiyyəti nəzərə alır, «Bədr»dəki qələbəni unudursunuz).

 

  1. Məğlubiyyətin amillərini araşdırarkən əvvəlcə özünüzdəki batini, ruhi və ideoloji amilləri araşdırıb təhlil edin, sonra isə başqa amilləri araşdırın.

 

  1. Allah-təala hər bir işə qadirdir, lakin biz ondan istifadə etmək üçün lazımi ləyaqət və şəraitlərə malik olmalıyıq.

 

  1. Sadəcə müsəlman olmağın qələbə üçün kifayət edəcəyini əsla güman etməyin ki, hər bir məğlubiyyətdə «niyə» və «nə üçün» sözlərindən istifadə edəsiniz. Bilmək lazımdır ki, iman gətirməkdən əlavə, Allahın dəyişməz qanun və nizamlarına da diqqət yetirmək lazımdır.

Nurul-Quran – «ALİ-İMRAN» SURƏSİ


more post like this