«Şübhəsiz, Allah möminlərin boynuna onlara (mələklərdən və cinlərdən deyil) özlərindən Onun ayələrini onlara oxuyan, onları paklaşdıran və onlara (səmavi) kitabı, şəriət hökmlərini və əqli maarifi öyrədən bir peyğəmbər göndərən zaman haqq qoydu. Həqiqətən onlar bundan əvvəl açıq-aydın bir azğınlıqda idilər.»

 

TƏFSİR:

 

«Minnət» kəlməsi etalon kimi qəbul edilən bir daş mənasına olan «mənn» kökündən alınmışdır. Buna əsasən hər növ ağır və qiymətli nemət minnət adlandırılır. Amma kiçik nemətləri daha böyük cilvələndirmək, qiymətli hesab etmək xoşagəlməz işdir. Buna əsasən böyük neməti bağışlamaq gözəl, kiçik nemətləri böyük cilvələndirmək isə xoşagəlməzdir.

 

İNCƏ MƏTLƏBLƏR

 

  1. Peyğəmbərlərin göndərilməsi ən böyük ilahi nemət və asimani hədiyyədir.

 

  1. Peyğəmbərlər camaatın özlərindən olmuşlar. [Peyğəmbərlərin camaat arasından seçilməsinin çoxlu bərəkətləri vardır:
  2. Camaat onların keçmişlərini tanıyıb e’timad edirlər.
  3. İlahi göstəriş və qanunları icra etməkdə hamıdan irəlidirlər.
  4. Camaatın qəm-qüssələrinə şərik olub dərdlərini hiss edirlər.
  5. Camaat istədiyi vaxt onlara müraciət edə bilir.]

 

  1. İnsanların ruhunun və nəfsinin saflaşdırılması elm öyrənməkdən irəlidir, təzkiyə və təlim peyğəmbərlərin proqramlarının sərlövhəsində qərar tutmuşdur.

 

  1. Besətin bütün insanlar üçün nəzərdə tutulduğuna baxmayaraq, yalnız möminlər bu böyük nemətin şükrünü yerinə yetirərək hidayət nurundan bəhrələnirlər.

 

  1. İnsanların təkamülü və ruhlarının saflaşdırılması ilahi ayələr və peyğəmbərlərin məktəbi sayəsində olmalıdır (müəllimləri və tərbiyəçiləri ilahi ayələr və peyğəmbərlər olmayan hər hansı bir riyazət və tərkidünyalıq bir növ azğınlıq sayılır).

 

  1. Peyğəmbərlərin besəti kimi böyük bir nemətin qədrini daha yaxşı bilmək üçün İslam ümmətinin İslamdan əvvəlki (cahiliyyət) dövrünə nəzər salmaq lazımdır. [Ərəblər arasında belə bir məsəl var: «Hər şey özünün ziddi ilə tanınar.» Həzrət Əlinin (ə) «Nəhcül-bəlağə»də buyurduqlarından aydın olur ki, cahiliyyət dövründə insanların nə sağlam bir mədəniyyəti var idi, nə də sağlam bir səhiyyələri. Həzrət Əlinin (ə) qardaşı Cə’fər Təyyar Həbəşistana hicrət edən zaman Nəcaşinin qarşısında cahiliyyət dövründə cəmiyyətə hakim olan vəziyyəti belə bəyan edir: «Biz əvvəllər bütlərə pərəstiş edirdik, halbuki indi yeganə Allaha pərəstiş edirik. O dövrlərdə ölü heyvanların ətini yeyir, fəsadla məşğul olurduq, qohum-əqrəba ilə əlaqələri kəsib qonşularla pis rəftar edirdik, qoluzorlular zəif insanların haqqını tapdalayırdılar.»]

 

  1. Çox qaranlıq və azğın mühitlərdə belə qurucu işlər görmək olar.

 

  1. Peyğəmbərlərin məktəbində insanın təlim-tərbiyəsi ilə yanaşı, ruhi cəhətdən pərvəriş olunması və saflaşdırılmasının hər ikisi İslami görüş mehvərində bəyan edilir.

Nurul-Quran – «ALİ-İMRAN» SURƏSİ


more post like this