﴿ وَمَا كَانَ لِنَبِيٍّ أَن يَغُلَّ وَمَن يَغْلُلْ يَأْتِ بِمَا غَلَّ يَوْمَ الْقِيَامَةِ ثُمَّ تُوَفَّى كُلُّ نَفْسٍ مَّا كَسَبَتْ وَهُمْ لاَ يُظْلَمُونَ ﴾

 

TƏRCÜMƏ:

 

«(Həm səmavi şəriətlər və həm də sağlam ağıl baxımından) heç bir peyğəmbərə (qənimətlə əldə edilmiş mallarda və sairədə öz ümmətinə) xəyanət etmək yaraşmaz. Xəyanət edən hər bir kəs Qiyamət günü xəyanət etdiyi şeylə birlikdə gələcəkdir. Sonra hər bir şəxsə əldə etdiyi şeyin müqabilində tam və kamil əvəz veriləcəkdir. Onlara zülm edilməyəcək, haqlarından kəsilməyəcəkdir.»

 

TƏFSİR:

 

Bəlkə də bu ayə qənimət əldə etmək məqsədi ilə «Ühüd»dəki keşikçi postlarını qoyub gedənlərə xitab edilir; onlar qənimətdən məhrum olacaqlarını güman edərək rəhbərlərinin «sizin payınız qorunur və Rəsuli-Əkrəmin (s) tərəfindən veriləcəkdir» – deyə verdiyi xəbərdarlıqları görməməzliyə vurmuşdular.

 

İNCƏ MƏTLƏBLƏR

 

  1. Peyğəmbərlər əmanətdar şəxslərdir. Hər kəs əmanətdar insan tərbiyə etmək istəsə, onun özü xəyanətçi olmamalıdır (çox təəssüflə, Allah tərəfindən təyin olunmayan rəhbərlər arasında xəyanət edənlər çox da az deyildir).

 

  1. Peyğəmbərin (s) səhabələrinin heç də hamısının kifayət qədər imanı yox idi. Hətta onların bəziləri Rəsuli-Əkrəmin (s) xəyanət etməsinə ehtimal verirdilər!!!

 

  1. Heç kəs camaatın sui-zənnindən amanda deyildir.

 

  1. Bu gün (bu dünyada) camaatın malının aparılması və onun başqa bir gündə (Qiyamət günündə) yenidən gətirilməsi çox ağır cəza növüdür; çünki belə bir şəxs Qiyamətdə peyğəmbərlərin, şəhidlərin və ümumiyyətlə bütün insanların hüzurunda xəyanət etdiyi malla birlikdə gətiriləcəkdir. Ğəşş (satışda mala başqa şey qatmaq), saxtakarlıq, xəyanət və s. bunların hamısı ayədə qeyd olunan «ğəllin» (xəyanətin) nümunələrindəndir.

 

  1. Qiyamətin yad edilib xatırladılması xəyanətin qarşısını alan amillərdəndir.

 

  1. Allah ədalətlidir; həm mükafatı kamil şəkildə verir, həm də bu barədə zərrə qədər belə ifrata varmır.

 

  1. Pak insanları və ilahi övliyaları həmişə müdafiə etmək lazımdır.

 

  1. Bir tərəfdən imanın zəifliyi, digər tərəfdən də dünya malına məhəbbət insanı Peyğəmbərə (s) qarşı sui-zənn etməyə vadar edir.

 

  1. Qiyamət elə bir səhnədir ki, yaxşı əməl sahibləri öz yaxşı işləri ilə, xəyanətkarlar da öz xəyanət etdikləri şeylərlə birlikdə məhşərə gətiriləcəklər.

Nurul-Quran – «ALİ-İMRAN» SURƏSİ

 

 


more post like this