﴿ الَّذِينَ يَقُولُونَ رَبَّنَا إِنَّنَا آمَنَّا فَاغْفِرْ لَنَا ذُنُوبَنَا وَقِنَا عَذَابَ النَّارِ. الصَّابِرِينَ وَالصَّادِقِينَ وَالْقَانِتِينَ وَالْمُنفِقِينَ وَالْمُسْتَغْفِرِينَ بِالأَسْحَارِ ﴾

 

TƏRCÜMƏ:

 

16. « Ey Rəbbimiz, həqiqətən biz iman gətirdik, belə isə günahlarımızı bağışla və bizi odun əzabından qoru» deyən kəslər.»

 

17. «Həmin səbrlilər, etiqad, danışıq və əməldə düz olanlar, itaət edənlər, (mallarını) Allah yolunda xərcləyənlər və səhərlər bağışlanma diləyənlərdirlər.»

 

TƏFSİR:

 

Bu ayələrdə, əvvəldəki ayədə qeyd olunan pərhizkar və təqvalı insanların bəzi səciyyəvi xüsusiyyətləri belə bəyan edilir: “Pərhizkar və təqvalı şəxslər onlardır ki, «Pərvərdigara, biz Sənə və Sənin Rəsuluna iman gətirdik. Bizim günahlarımızı əfv edib ört və bağışla. Bizi cəhənnəm odunun əzabından qoru»”-deyərlər.

 

Sonra Allah-təala onların digər gözəl xüsusiyyətlərini və ilahi bəndəyə məxsus olan insani keyfiyyətlərini də qeyd edərək onları tərifləyir və buyurur: “Pərhizkar insanlar – səbr edənlər, doğru danışanlar, təvazökarlıq göstərənlər, infaq edənlər və səhər vaxtları istiğfar edib Allahdan bağışlanmaq diləyənlərdir.” Başqa sözlə, onlar aşağıdakı xüsusiyyətlərə malikdirlər:

 

1. Dünya çətinlikləri və haram işlər müqabilində, eləcə də ibadətin çətinliyinə səbr edərlər.

 

2. Danışıqda və əməldə sədaqətlidirlər.

 

3. Heç bir qürur hissi keçirmədən, özünü yüksək tutmadan Allah dərgahında həqiqi mənada bəndəlik edərlər.

 

4. Allahın onlara ruzi olaraq verdiyi hər şeydən ehtiyaclılara, yoxsullara, fəqirlərə infaq edərlər.

 

5. Səhər çağları Allah-təaladan bağışlanmaq diləyərək Onunla raz-niyaz, münacat edərlər.

 

«Vəl-munfiqinə», yəni öz mal-dövlətlərini yaxşı işlərdə xərcləyən, həm vacib, həm də müstəhəb zəkatı verənlərdir.

 

«Vəl-mustəğfirinə bil-əshar» cümləsinin hansı məna ifadə etməsi barədə dörd nəzər irəli sürülmüşdür:

 

1. Səhər vaxtı namaz qılanlar (Qütadədən nəql olunur).

 

Bu mənanı İmam Rza (ə) öz atasından (ə), o da İmam Sadiqdən (ə) nəql etmişdir.[ «Məcməul-bəyan», 2-ci cild, səh. 419]

 

2. Səhər çağı Allahdan bağışlanmaq istəyənlər (Ənəsin nəzəri).

 

3. Sübh namazını camaat namazı şəklində qılanlar (Zeyd ibn Əsləmin nəzəri).

 

4. Sübh açılana qədər namaz qılıb, sonra Allahdan bağışlanmaq istəyənlər (Həsənin nəzəri).

 

İmam Cəfər Sadiqdən (ə) nəql olunur ki, hər kəs səhər çağı yetmiş dəfə istiğfar etsə, bu ayə ona da şamil olar.[ «Məcməul-bəyan», 2-ci cild, səh. 419]

 

Ənəs ibn Malik Peyğəmbəri-Əkrəmdən (s) nəql edir: “Allah-təala buyurur: «Mən yer əhlinə (günah əməllərinə görə) əzab nazil etmək istəyirəm, lakin məscid tikənləri, gecəni səhərə kimi ibadətlə keçirənləri və səhər çağı istiğfar edənləri nəzərə alıb əzabı onlardan dəf edirəm.»

 

Bəzi rəvayətlərdə qeyd olunur ki, insan bir il müddətində müntəzəm olaraq Vətr namazının qunutunda yetmiş dəfə «əstəğfirullahə Rəbbi və ətubu iləyh» desə, bu ayə onun halına şamil olar.

 

Rəsuli-Əkrəmdən (s) nəql olunur: “Allah-təala buyurur: «Mən yer əhlinə əzab nazil etməyi iradə edirəm, lakin məscid abad edənlərə, Mənim yolumda bir-biri ilə dostluq edənlərə və səhər çağı istiğfar edənlərə baxanda bəlanı onlardan dəf edirəm.»

Nurul-Quran – «ALİ-İMRAN» SURƏSİ

 

 

 


more post like this