«De: Sizə bunlardan da xeyirlisini xəbər verimmi? Təqvalılar üçün Rəbbi yanında (evlərinin və ağaclarının) altından çaylar axan cənnətlər vardır ki, orada əbədidirlər. Həmçinin (orada cismi və ruhi çirkinliklərdən) pak olan zövcələr və Allah tərəfindən razılıq vardır. Allah Öz bəndələrini görəndir»

 

TƏFSİR:

 

Allah-təala əvvəlki ayədə dünyanı dəyərsiz hesab edir, insanları dünyaya məftun olmaqdan çəkindirir. Bu ayədə isə axirət aləminin çox yüksək və qiymətli olduğunu bəyan edir və insanları bu yola təşviq edir.

 

Müfəssirlər «əunəbbiukum» sözü ilə başlanan sual cümləsində «ində Rəbbihim» kəlməsini onun sonu hesab edir və deyirlər ki, cavab olaraq xəbər verilən şey «cənnatun təcri» kəlməsindən başlayır.

 

Buna əsasən ayənin mənası belə olur: Sizə əvvəldə qeyd olunanlardan, yəni dünya şəhvətlərindən, ləzzətlərdən və onun cilvələrindən daha yaxşı olan bir şeyi xəbər verimmi?!

 

«Lilləziynəttəqəv» – o kəslər üçün ki, haram işlərdən çəkinər, təqvalı olarlar.

 

«İndə Rəbbihim» – Pərvərdigarın yanında “Cənnətun təcri min təhtihəl-ənhar” − ağaclarının altından çaylar axan bağlar vardır.

 

«Xalidinə fiha» – onlar behiştdə həmişəlik olaraq qalacaqlar.

 

«Əzvacun mutəhhərəh» – yəni hər növ zahiri aludəliklərdən və batini çirkinliklərdən, xoşagəlməz əxlaq, sifət və rəftarlardan pak olan zövcələr vardır.

 

«Rizvanun minəllah» – bu behiştdən əlavə, onlar üçün Allahın razılığı da vardır.

 

«Vəllahu bəsirun bil-ibad» – Allah-təala bəndələrin bütün rəftar və əməllərinə agahdır.

Nurul-Quran – «ALİ-İMRAN» SURƏSİ

 

 

 

 


more post like this