﴿ وَمَا كَانَ لِنَفْسٍ أَنْ تَمُوتَ إِلاَّ بِإِذْنِ الله كِتَابًا مُّؤَجَّلاً وَمَن يُرِدْ ثَوَابَ الدُّنْيَا نُؤْتِهِ مِنْهَا وَمَن يُرِدْ ثَوَابَ الآخِرَةِ نُؤْتِهِ مِنْهَا وَسَنَجْزِي الشَّاكِرِينَ ﴾

 

TƏRCÜMƏ:

 

«Heç kəsin Allahın əzəli istək və əmri olmadan ölməsi mümkün deyildir. (Hər bir canlının ölümü) müəyyən olunmuş, vaxtlı bir yazıdır. Kim (öz səylərindən) dünya mükafatı istəsə, ondan ona verərik və kim axirət mükafatı istəsə, ona ondan verərik. Şükr edənləri tezliklə mükafatlandıracağıq.»

 

TƏFSİR:

 

Qeyd olunduğu kimi, Peyğəmbərin (s) «Ühüd» müharibəsində şəhid edilməsi ilə əlaqədər yayılan əsassız şayiələr müsəlmanların çoxunun qəlbinə vəhşət və qorxu saldı, hətta onlardan bəziləri müharibə meydanından qaçmışdı, bəziləri də İslam dinindən çıxaraq əvvəlki vəziyyətə dönmək fikrinə düşmüşdü. Bu kimi insanları tənbeh edib qəflətdən ayıltmaq üçün buyurulur: Ölüm yalnız Allahın əlindədir və Allahın əmri ilədir. Hər kəs üçün əvvəldən təyin olunmuş bir əcəl vardır ki, ondan qaçıb xilas ola bilməz.

 

Deməli əgər Peyğəmbəri-Əkrəm (s) bu döyüş meydanında şəhadət şərbətini içsəydi, ilahi sünnədən başqa bir iş baş verməyəcəkdi. Digər tərəfdən də müharibə meydanından qaçmaq əcəli təxirə sala bilməz. Eləcə də cihad meydanlarında iştirak etmək insanın əcəlini tezləşdirməz.

 

Ayənin axırında buyurulur: İnsanın işgüzarlığı və fəaliyyəti heç vaxt zay edilməz. Əgər bir kəsin hədəfi və məqsədi yalnız maddi və dünyəvi nəticələr almaq olsa («Ühüd» döyüşündə iştirak edən bəzi döyüşçülər kimi. Onlar yalnız qənimət əldə etmək üçün döyüşürdülər), nəhayət ondan müəyyən qədər bəhrə əldə edər. Amma hədəf daha yüksək olarsa, insanların səy və fəaliyyətləri əbədi həyat, ali-insani fəzilətlər kəsb etmək üçün sərf olunsa, yenə də öz hədəflərinə nail olacaqlar. Əgər dünya və axirət səadətinə çatmağın hər ikisi insanın müsbət fəaliyyətinə bağlıdırsa, onda nə üçün insan öz varlıq və vücud sərmayəsini ikinci yolda, yəni daha yüksək məram və davamlı yolda işlətməməlidir?

 

Sonra bir daha təkidlə buyurulur: «Biz şükr edənlərin mükafatını tezliklə verəcəyik.»

Nurul-Quran – «ALİ-İMRAN» SURƏSİ

 

 

 


more post like this