﴿وَمَا مُحَمَّدٌ إِلاَّ رَسُولٌ قَدْ خَلَتْ مِن قَبْلِهِ الرُّسُلُ أَفَإِن مَّاتَ أَوْ قُتِلَ انقَلَبْتُمْ عَلَى أَعْقَابِكُمْ وَمَن يَنقَلِبْ عَلَىَ عَقِبَيْهِ فَلَن يَضُرَّ اللّهَ شَيْئًا وَسَيَجْزِي اللّهُ الشَّاكِرِينَ﴾

 

TƏRCÜMƏ:

 

«Muhəmməd (səlləllahu əleyhi və alihi və səlləm) yalnız bir peyğəmbərdir ki, ondan öncə (də) peyğəmbərlər gəlib getmişlər. Buna görə də əgər o ölsə və ya öldürülsə, siz öz keçmişinizə qayıdacaqsınız (əqidələrinizdən əl çəkəcəksiniz)?! Öz keçmişinə qayıdan şəxs Allaha heç bir ziyan vurmaz. Allah tezliklə şükr edənləri mükafatlandıracaqdır.»

 

TƏFSİR:

 

Müxtəlif sünni və şiə təfsirlərində qeyd olunur ki, «Ühüd» müharibəsində kafirlər tərəfindən atılan bir daş Peyğəmbərin (s) mübarək dişlərinə dəydi, onun ağzından qan axmağa başladı. Bu zaman uca səslə dedilər ki, «Məhəmməd öldürüldü!» Bəziləri də Müsəbin şəhid olması ilə Peyğəmbərin (s) şəhid olmasını güman etdilər. Bu şayiə nəticəsində kafirlər sevindilər və ruhiyyələri yüksəldi, bəzi müsəlmanlar isə süstləşərək müharibə meydanından qaçmağa başladılar, hətta bəziləri kafirlərin başçısı Əbu Süfyandan aman almaq fikrinə düşmüşdü. Bunların müqabilində bir dəstə müsəlman da uca səslə deyirdi: «Əgər Məhəmməd də olmasa Məhəmmədin yolu və Məhəmmədin Allahı həmişəlikdir, meydandan qaçmayın!»

 

İNCƏ MƏTLƏBLƏR

 

  1. İslam cəmiyyəti o qədər möhkəm və mütəşəkkil olmalıdır ki, hətta onun rəhbərinin aradan getməsi ilə də cəmiyyətə zərbə dəyməməlidir.

 

  1. İslam Peyğəmbəri (s) ilahi sünnəyə tabedir. Ölüm və həyat kimi təbii qanun və şəraitlər onun barəsində də cərəyan edir.

 

  1. Məgər əvvəlki peyğəmbərlərin ölməsi ilə ardıcılları onların dinindən dönürdülərmi?!

 

  1. Şayiə yaymaq düşmənin hiyləgərlik planlarından birdir (bu, ayənin nazilolma səbəbinə diqqət yetirməklə məlum olur).

 

  1. İnsanların kafir və ya mömin olmasının Allah üçün heç bir zərəri və ya faydası yoxdur (dindən dönmək, yaxud kafir olmağın nəticəsi insanların özlərinə aid olur.)

 

  1. Haqq yolunda müqavimət göstərmək əməllə edilən ən yaxşı şükür növüdür ki, onun da mükafatı Allah tərəfindən verilir.

Nurul-Quran – «ALİ-İMRAN» SURƏSİ

 

 

 


more post like this