﴿ أَمْ حَسِبْتُمْ أَن تَدْخُلُواْ الْجَنَّةَ وَلَمَّا يَعْلَمِ اللّهُ الَّذِينَ جَاهَدُواْ مِنكُمْ وَيَعْلَمَ الصَّابِرِينَ ﴾

 

TƏRCÜMƏ:

 

«Yoxsa Allah aranızdan cihad edənləri və səbirliləri məlum etməmiş (üzə çıxarmamış və Onun əzəli elmi xaricdə gerçəkləşməmiş) Cənnətə daxil olacağınızı güman edirsiniz?!»

 

TƏFSİR:

 

Bu ayədə möminlərin cihad, səbr və müqavimət ruhiyyələrinə işarə olunur. Çünki behişt yolu elə səbr və cihad yolundan ibarətdir. Quranda buyurulur: «Səlamun əleykum bima səbərtum!” [Ey behişt əhli, səbr və müqavimət etdiyinizə görə sizə salam olsun!] Belə bir təbir gətirilməsində incə işarələr vardır. Ayədə «sizin həccə gedib, oruc tutmağınız, xüms-zəkat verməyinizə görə salam olsun» – deyə buyurulmur, çünki hər bir əməlin yerinə yetirilməsi səbr və müqavimət tələb edir.

 

İNCƏ MƏTLƏBLƏR

 

  1. Sadəcə iman gətirmək kifayət deyildir, əməl, fəaliyyət, işgüzarlıq da lazımdır. (Behişti dəyərə görə verirlər, bəhanəyə görə yox.)

 

  1. Behiştin açarı səbr və cihaddır (qəm-qüssələr, şadlıqlar, günahlar, itaətlər və bir sözlə, böyük və kiçik cihad müqabilində səbr etmək).

 

  1. Cihadla yanaşı, səbr və müqavimət də lazımdır. Çünki müharibənin başlanması və davam etdirilməsi müəyyən tələfatlara səbəb olur, müharibədən sonra da baş verən çatışmazlıqların aradan qaldırılmasında səbr və təmkinə ehtiyac vardır.

 

  1. Puç, batil, xam xəyallardan və yersiz təvəqqelərdən əl çəkin.

 

AYƏ 143:

 

﴿ وَلَقَدْ كُنتُمْ تَمَنَّوْنَ الْمَوْتَ مِن قَبْلِ أَن تَلْقَوْهُ فَقَدْ رَأَيْتُمُوهُ وَأَنتُمْ تَنظُرُونَ ﴾

 

TƏRCÜMƏ:

 

«Şübhəsiz, siz ölümlə qarşılaşmamışdan qabaq onu arzulayırdınız (möminlər Ühüd müharibəsindən qabaq şəhid olmağı arzulayırdılar). Beləliklə, həqiqətən (Ühüd müharibəsində) ona baxdığınız halda gördünüz onu! (Bəs onda sarsıntı və döyüşdən qaçmaq nə üçündür?)»

 

TƏFSİR:

 

Bu ayənin nazilolma səbəbində qeydə olunur ki, «Bədr» müharibəsində müsəlmanlar qələbə çaldılar və onlardan bəziləri şahadət dərəcəsinə nail oldu. Bu zaman bəziləri arzu edib deyirdilər ki, kaş biz də «Bədr» müharibəsində iştirak edib Allah yolunda şəhadətə çataydıq. Lakin sonrakı il baş verən «Ühüd» müharibəsində elə həmin şəxslər döyüş meydanından qaçdılar. Bu ayə nazil olub onları tənqid atəşinə tutdu.

 

İNCƏ MƏTLƏBLƏR

 

  1. Özünüzün uzun-uzadı arzularınıza aldanmayın, hər şüara və hər şüar verənə xatircəm olmayın.

 

  1. Böyük şəxsiyyətlər təcrübə və əməl meydanında sınaqdan keçirilir:

 

Sözün əməldə isbat olunması gələn zaman

 

Rüsvay olar “mən-mən” deyən dil pəhləvanı olan.

 

Kərbəla şəhidlərinin ziyarətində oxuyuruq: «Kaş biz də sizinlə olaydıq və şəhadətə çataydıq.» Doğrusu, heç fikirləşmişik ki, əmələ gəldikdə nə edirik?

Nurul-Quran – «ALİ-İMRAN» SURƏSİ

 

 

 

 

 


more post like this