﴿إِن يَمْسَسْكُمْ قَرْحٌ فَقَدْ مَسَّ الْقَوْمَ قَرْحٌ مِّثْلُهُ وَتِلْكَ الأيَّامُ نُدَاوِلُهَا بَيْنَ النَّاسِ وَلِيَعْلَمَ اللّهُ الَّذِينَ آمَنُواْ وَيَتَّخِذَ مِنكُمْ شُهَدَاء وَاللّهُ لاَ يُحِبُّ الظَّالِمِينَ﴾

 

TƏRCÜMƏ:

 

«Əgər (Ühüd döyüşündə) sizə yara və zərər-ziyan dəydisə (Bədr döyüşündə də) o biri dəstəyə onun kimi yara və zərər-ziyan dəydi. Biz bu (qələbə və məğlubiyyət) günləri(ni daha kamil bir quruluşun xeyiri,) Allahın iman gətirənləri üzə çıxarması (və Onun əzəli elminin xarici aləmdə gerçəkləşməsi) üçün, həmçinin sizin aranızdan (axirətdə insanların əməllərinə şahid durmaq üçün) şahidlər götürmək üçün insanların arasında növbə ilə dolandırırıq. Allah zalımları sevmir.»

 

TƏFSİR:

 

Bu ayə müsəlmanlara təskinlik verməklə yanaşı, həqiqəti bəyan edir və buyurur ki, əgər siz haqq məqsəd və ilahi hədəflər yolunda, aydın gələcək naminə fiziki cəhətdən zərərə düçar olmuşsunuzsa, narahat olmayın, sizin düşmənləriniz də öldürülüb-yaralanmışlar. Siz bu gün «Ühüd»də qələbə qazanmamışsınızsa, sizin düşmənləriniz də dünən «Bədr» döyüşündə məğlubiyyətə uğramışlar. Deməli, imtahan və sınaqlarda səbirli, müqavimətli olmaq lazımdır.

 

İNCƏ MƏTLƏBLƏR

 

  1. Siz müsəlmanlar səbir və müqavimətdə kafirlərdən geri qalmamalısınız.

 

  1. Həyatın acılı-şirinli hadisələri həmişəlik deyildir.

 

  1. Müharibələrdə, həyatın enişli-yoxuşlu yollarında həqiqi iman sahibləri iman iddiaçılarından seçilib ayrılırlar.

 

  1. Allah-təala acınacaqlı «Ühüd» müharibəsində sizin özünüzdən şahidlər tutdu ki, rəhbərə itaət etməkdən boyun qaçırmağın məğlubiyyətə necə səbəb olduğunu görəsiniz.

 

  1. Kafirlərin müvəqqəti qələbələri onların Allah yanında sevimli olmalarına dəlil ola bilməz.

 

AYƏ 141:

 

﴿ وَلِيُمَحِّصَ اللّهُ الَّذِينَ آمَنُواْ وَيَمْحَقَ الْكَافِرِينَ ﴾

 

TƏRCÜMƏ:

 

«Və həmçinin iman gətirənləri xalis etmək və saflaşdırmaq, kafirləri tədriclə məhv etmək üçün!»

 

TƏFSİR:

 

Bu ayədəki «təmhis» kəlməsi hər növ eybdən paklanmaq, «məhq» isə tədrici olaraq azalıb yox olmaq deməkdir. Sanki Allah-təala «Ühüd» müharibəsindəki məğlubiyyətlə müsəlmanların zəif cəhətlərini göstərmək istəyirdi ki, onlar bu nöqsanlı halları aradan qaldırıb özlərini islah etmək fikrinə düşsünlər və sonrakı hərəkətlər üçün kifayət qədər hazırlığa malik olsunlar. Bəzən baş verən məğlubiyyətlər insanı yuxudan oyadır və onun həyatında həlledici rol oynayır. Bu da insanı qəflətə daldıran qələbələrdən daha yaxşıdır.

Nurul-Quran – «ALİ-İMRAN» SURƏSİ

 

 


more post like this