﴿ لَيْسَ لَكَ مِنَ الأَمْرِ شَيْءٌ أَوْ يَتُوبَ عَلَيْهِمْ أَوْ يُعَذَّبَهُمْ فَإِنَّهُمْ ظَالِمُونَ ﴾

 

TƏRCÜMƏ:

 

«Onların heç bir işi sənin əlində deyil. (Allah) ya onlara nəzər salaraq tövbə etmələrinə kömək edər, ya da onlara (bu dünyada möhlət, axirətdə isə) əzab verər. Çünki onlar zalımdırlar. (Bu dörd işin hamısı Allaha aiddir və sənin vəzifən yalnız Onun əmrlərini çatdırmaq və əmri yerinə yetirməkdir.)»

 

TƏFSİR:

 

Əgər rəhbər tam sədaqətli olsa, hətta bütün məsuliyyəti onun üzərindən götürən ayələri belə tam sədaqətlə, çəkinmədən oxuyar. Allah-təala buyurur: «Sənin bu işdə heç bir rolun yoxdur.»

 

Şiə və sünni təfsirlərində qeyd olunduğu kimi «Ühüd» müharibəsində Peyğəmbərin (s) dişi sınıb qan axdığı zaman o həzrət (s) Allaha ərz etdi: «Bu camaat necə düz yola hidayət olub nicat tapa bilər?» Yuxarıdakı ayə nazil olaraq buyurdu ki, sən camaatın qurtuluşa çatmasına cavabdeh deyilsən. Ola bilsin ki, gələcəkdə onlar Allah tərəfindən bağışlanar. Həm də mümkündür ki, öz hallarına buraxılıb cəzalandırılsınlar.

 

İNCƏ MƏTLƏBLƏR

 

  1. Tövbə yolu hətta haqq cəbhəsindən qaçan fərarilər, yaxud müsəlmanlara ən ağır xəsarətlər vuran kafirlər üçün belə bağlı deyildir.

 

  1. Dərhal, tələm-tələsik mühakimə yürütməyin.

 

  1. Əfv etmək və ya cəzalandırıb əzab vermək Allaha məxsusdur (şəfaət məqamı da Allah tərəfindən övliyaların ixtiyarına verilən bir hədiyyədir. O, Allahın izn və icazəsi olmadan gerçəkləşmir. Peyğəmbərin (s) Allah qarşısında, özü üçün heç bir müstəqilliyi yoxdur.)

 

  1. Camaata nazil olan əzabın səbəbi məhz onların etdikləri zülm və haqsızlıqdır.

 

AYƏ 129:

 

﴿ وَلِلّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الأَرْضِ يَغْفِرُ لِمَن يَشَاء وَيُعَذِّبُ مَن يَشَاء وَاللّهُ غَفُورٌ رَّحِيمٌ ﴾

 

TƏRCÜMƏ:

 

«Göylərdə və yerdə olanlar (onların özləri də daxil olmaqla) Allahın həqiqi mülküdür (çünki yaratmaq, qorumaq, idarə etmək və aradan aparmaq, bunların hamısı Onun əlindədir). İstədiyini (və layiq bildiyini) bağışlayır və istədiyinə (bütün dəlillər təqdim olunub qurtardıqdan sonra) əzab verər. Allah çox bağışlayan və mehribandır.»

 

TƏFSİR:

 

Bu ayə əvvəlki ayəni təkidləndirərək buyurur ki, bütün varlıq aləminin yaradılması və hökmranlığı Allahın əlində olduğu üçün insanları cəzalandırmaq da Onun əlindədir. Maraqlıdır ki, bu ayədə Allahın qəzəbinə düçar olan şəxslərə qürur və ya ümidsizlik hakim olmasın deyə, konkret və müəyyən şəkildə bəyan edilmir ki, nəticədə bütün insanlar ümidlə qorxu arasında olsunlar. Aydındır ki, əfv etmək, yaxud əzaba düçar etmək ilahi hikmətlə əlaqədardır, insanın özündə və ya onun cəmiyyətdə yaratdığı zəminlərdən asılıdır.

Nurul-Quran – «ALİ-İMRAN» SURƏSİ

 


more post like this