﴿ إِذْ هَمَّت طَّآئِفَتَانِ مِنكُمْ أَن تَفْشَلاَ وَاللّهُ وَلِيُّهُمَا وَعَلَى اللّهِ فَلْيَتَوَكَّلِ الْمُؤْمِنُونَ ﴾

 

TƏRCÜMƏ:

 

«O zaman sizdən iki dəstə süstlük və zəiflik göstərmək (və yolun yarısından ayrılaraq qayıtmaq) istədi halbuki, Allah onların köməkçisi və yardımçısı idi (və elə buna görə də onları bu fikirdən daşındırdı). Möminlər gərək yalnız Allaha təvəkkül etsinlər.»

 

TƏFSİR:

 

Müsəlmanlardan iki qrup – Ovs qəbiləsindən Bəni-Səlimə, Xəzrəc qəbiləsindən isə Bəni-Harisə müharibədə iştirak etməmək qərarına gəlmişdilər. Onların ruhi cəhətdən süst olması kimi müəyyən amillər qeyd etmişlər. O cümlədən:

 

  1. Onlar düşmənin çox olduğunu görüb qorxmuşdular.

 

  1. Onlar narahat idilər və «nə üçün məşvərət məqamında onların rəylərinə nəzər yetirilmədi və «Ühüd» dağının ətəkləri əvəzinə şəhərin içində səngər qurmadılar?» − deyə fikirləşirdilər.

 

  1. Nə üçün Peyğəmbər (s) onlarla həmpeyman olan yəhudilərin müsəlmanlara kömək etməsinə icazə vermədi və s.

 

Lakin Allah-təala Özünün lütf və mərhəməti ilə onları günah tələsinə düşməkdən saxladı, müharibə meydanından qaçmağa qoymadı və onları Öz vilayəti dairəsində qoydu.

 

  1. Cəbhəyə gedənlərin hamısı eyni deyildi.

 

  1. Ruhi süstlüyün və əhval-ruhiyyənin aradan qaldırılmasının yeganə yolu Allaha təvəkkül etməkdir, bu da yalnız möminlərə nəsib olur.

 

AYƏ 123:

 

﴿ وَلَقَدْ نَصَرَكُمُ اللّهُ بِبَدْرٍ وَأَنتُمْ أَذِلَّةٌ فَاتَّقُواْ اللّهَ لَعَلَّكُمْ تَشْكُرُونَ ﴾

 

TƏRCÜMƏ:

 

«Həqiqətən, Allah sizə Bədr (döyüşün)də gücsüz və pənahsız olduğunuz halda kömək etdi. Buna görə də Allahdan qorxun ki, bəlkə şükr edəsiniz.»

 

TƏFSİR:

 

Bu ayələr məğlubiyyətə düçar olmuş müsəlmanların ruhiyyəsini gücləndirmək üçün çox böhranlı bir şəraitdə nazil olmuşdur. Əvvəlcə müsəlmanların «Bədr» müharibəsində nəzərə çarpacaq böyük müvəffəqiyyətlərinə və qələbələrinə işarə edir ki, bu xatirələri onların zehnində canlandırmaqla öz gələcəklərinə nikbin olsunlar. Buna görə də buyurulur: Allah «Bədr»də sizə qələbə əta etdi, halbuki, düşmənlə müqayisədə zəif və sayınız az idi, müharibə təchizatınız isə ümumiyyətlə, onlarla müqayisə olunası deyildi.

 

Sizin sayınız 313 nəfər, döyüş sursatınız isə çox az idi, lakin müşriklərin sayı 1000 nəfərdən artıq idi və başdan-ayağa döyüş sursatı ilə yaraqlanmışdılar.

 

Belə isə xətaya yol verməkdən, öz rəhbərinizin fərmanları ilə müxalifət etməyi təkrarlamaqdan uzaq olun ki, Allahın müxtəlif nemətlərinin şükrünü yerinə yetirə biləsiniz.

 

İNCƏ MƏTLƏBLƏR

 

  1. İlahi və qeybi yardımları, xüsusilə müharibə meydanlarında unutmayın.

 

  1. Qeybi imdadların şükrünü yerinə yetirmək belə ola bilər ki, ondan sui-istifadə edib qürurlanmayasınız və həmişə Allah qarşısında təqvaya riayət edəsiniz.

Nurul-Quran – «ALİ-İMRAN» SURƏSİ

 

 

 


more post like this