﴿ إِن تَمْسَسْكُمْ حَسَنَةٌ تَسُؤْهُمْ وَإِن تُصِبْكُمْ سَيِّئَةٌ يَفْرَحُواْ بِهَا وَإِن تَصْبِرُواْ وَتَتَّقُواْ لاَ يَضُرُّكُمْ كَيْدُهُمْ شَيْئًا إِنَّ اللّهَ بِمَا يَعْمَلُونَ مُحِيطٌ ﴾

 

TƏRCÜMƏ:

 

«Sizə bir xeyir və yaxşılıq yetişdikdə, (bu) onların halını pisləşdirər, pislik və narahatçılıq yetişdikdə isə ona şad olarlar. Əgər səbr etsəniz və təqvalı olsanız, onların hiylələri sizə heç bir ziyan yetirə bilməz. Həqiqətən Allah onların etdiklərini (elm və qüdrəti ilə) əhatə etmişdir.»

 

TƏFSİR:

 

Bu ayədə düşmənlərin kin və ədavət nişanələrindən biri xatırladılır və buyurulur ki, əgər sizə qələbə və zəfər, eləcə də gözəl bir hadisə nəsib olsa, onlar narahat olarlar, xoşagəlməz bir hadisə üz versə, onlar sevinərlər. Amma əgər onların kin-küdurətləri və düşmənçilikləri müqabilində müqavimət göstərib pəhrizkar olsanız, onlar xaincəsinə tədbirlər vasitəsi ilə sizə azacıq belə xəsarət vura bilməzlər. Çünki Allah onların əməllərinə tamamilə əhatəlidir.

 

AYƏ 121:

 

﴿ وَإِذْ غَدَوْتَ مِنْ أَهْلِكَ تُبَوِّىءُ الْمُؤْمِنِينَ مَقَاعِدَ لِلْقِتَالِ وَاللّهُ سَمِيعٌ عَلِيمٌ ﴾

 

TƏRCÜMƏ:

 

«Və (yada sal) o zaman(ı) ki, möminləri döyüş üçün düşərgələrdə yerləşdirdiyin halda (Ühüd döyüşündə) sübh çağı öz əhlindən (ailəndən) ayrıldın. Allah həmişə (danışıqlarınızı) eşidən və (fikirlərinizi) biləndir.»

 

TƏFSİR:

 

Bu ayədən başlayaraq İslam tarixində çox mühüm və əhatəli bir hadisə olan «Ühüd» müharibəsi barəsində söhbət açılır. Əvvəlcə Peyğəmbərin (s) düşərgə salmaq üçün bir yer seçmək məqsədilə Mədinədən çıxmasına və «Ühüd» dağının ətəyinə getməsinə işarə olunur və buyurulur: Yada sal o zamanı ki, sübh çağı Mədinədən, öz qohum-əqrəbanın yanından çıxdın ki, düşmənlə döyüş aparmaq üçün möminlərə bir mərkəz seçəsən. Allah eşidən və biləndir.

 

İNCƏ MƏTLƏBLƏR

 

  1. Hərbi düşərgə, eləcə də müdafiə üçün strateji məntəqənin seçilməsi hər kəsin işi deyildir (Peyğəmbərin (s) özü şəxsən hərbi məntəqəni təyin edir).

 

  1. Strateji, coğrafi, hərbi əməliyyat proqramları işə başlamazdan əvvəl hay-küydən uzaq, aram bir fəzada baş verməlidir.

 

  1. Müharibə ilə əlaqədar olan işlərin araşdırılması üçün sübh ən yaxşı vaxtdır.

 

  1. Müharibə ərəfəsində əhli-əyaldan qəlbən ayrılmaq lazımdır.

Nurul-Quran – «ALİ-İMRAN» SURƏSİ

 

 

 

 


more post like this