﴿ قُل لِّلَّذِينَ كَفَرُواْ سَتُغْلَبُونَ وَتُحْشَرُونَ إِلَى جَهَنَّمَ وَبِئْسَ الْمِهَادُ ﴾

 

TƏRCÜMƏ:

 

«Kafirlərə de: «Tezliklə (İslama) məğlub olacaqsınız və (axirətdə özünüzün pərakəndə qəbirlərinizdən) Cəhənnəmə doğru toplanacaqsınız». Ora qalmaq üçün çox pis yerdir.»

 

TƏFSİR:

 

«Məcməul-bəyan» təfsirində, eləcə də Fəxr Razinin, Mərağinin və başqalarının təfsirində qeyd olunur ki, müsəlmanlar hicrətin ikinci ilində «Bədr» müharibəsində qələbə çalan zaman yəhudilərdən bir dəstəsi dedi: “Bu qələbə Məhəmmədin peyğəmbərlik iddiasının doğru olmasının bir nişanəsidir. Çünki Tövratda Onun qələbə çalacağı qabaqcadan deyilmişdir.” Yəhudilərdən bir qrupu isə belə dedi: “Çox da tələsməyin, bəlkə sonrakı müharibələrdə məğlubiyyətə uğradılar?!”

 

Hicrətin üçüncü ilində baş verən «Ühüd» müharibəsində müsəlmanlar məğlub olduqda həmin yəhudilər sevindilər. Yuxarıdakı ayə nazil olaraq buyurdu ki, tələsik mühakimə yürütməyin, çox yaxın gələcəkdə siz məğlub olacaqsınız.

 

İNCƏ MƏTLƏBLƏR

 

1. Quranın möcüzələrindən biri onun öncədən verdiyi xəbərlərin doğru çıxmasıdır. Belə ki, çox çəkmədən müsəlmanlar Mədinədə Bəni-Qureyzə və Bəni-Nəzir tayfalarını məğlub etdilər. Məkkə fəth olunan zaman müşriklərin kökü yer üzündən kəsildi.

 

2. Möminlərə ümid və təskinlik verilməsi və kafirlərin təhdid olunması düzgün rəhbərliyin və hədəfə olan imanın göstəricisidir.

 

3. Peyğəmbərlər bu dünyanın məğlubiyyəti və axirət aləminin xəsarəti barədə bir-birilə eyni nəzərə malik olmuşlar.

Nurul-Quran – «ALİ-İMRAN» SURƏSİ

 

 

 


more post like this