﴿مَثَلُ مَا يُنفِقُونَ فِي هِـذِهِ الْحَيَاةِ الدُّنْيَا كَمَثَلِ رِيحٍ فِيهَا صِرٌّ أَصَابَتْ حَرْثَ قَوْمٍ ظَلَمُواْ أَنفُسَهُمْ فَأَهْلَكَتْهُ وَمَا ظَلَمَهُمُ اللّهُ وَلَـكِنْ أَنفُسَهُمْ يَظْلِمُونَ﴾

 

TƏRCÜMƏ:

 

«Onların bu dünya həyatında (İslamla düşmənçilik yolunda, yaxud riyakarlıqla və ya hər hansı bir xeyir işdə) xərclədikləri malların misalı özünə zülm etmiş bir dəstənin əkinlərinə (cəza olaraq) əsən və onu məhv edən çox soyuq külək kimidir. Allah onlara zülm etməyib, lakin onlar özlərinə zülm edirlər.»

 

TƏFSİR:

 

Ayədəki «sirr» kəlməsi həm yandırıcı istilik, həm də şiddətli soyuq mənasında gəlmişdir. Diqqət yetirilməli məsələ budur ki, ilahi dünyagörüşdə bütün işlərdə əqidə və məqsəd əsas rol oynayır. Həmin münasibətlə bağlı qeyd olunur ki, kafirlərin batil yolda xərclədikləri büdcələrdən, çoxlu mal-dövlətdən nigaran olmayın. Bunlar yandırıcı və məhvedici küləyin əsdiyi əkin sahələrinə bənzəyir. İslamın əvvəllərindən indiyə qədər İslam və müsəlmanlar əleyhinə müxtəlif hiyləgərlik planları, töhmətlər, hücumlar, müharibələr, təbliğatlar aparılmışdır, lakin Allah dini günbəgün inkişaf edib yayılmaqdadır. Hər hansı bir qövm Allahın qəzəbinə düçar olursa, bu Allahın bəndələrə zülm etməsi mənasına deyil, əksinə, onların öz əməllərinin nəticəsidir.

 

AYƏ 118:

 

﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ لاَ تَتَّخِذُواْ بِطَانَةً مِّن دُونِكُمْ لاَ يَأْلُونَكُمْ خَبَالاً وَدُّواْ مَا عَنِتُّمْ قَدْ بَدَتِ الْبَغْضَاء مِنْ أَفْوَاهِهِمْ وَمَا تُخْفِي صُدُورُهُمْ أَكْبَرُ قَدْ بَيَّنَّا لَكُمُ الآيَاتِ إِن كُنتُمْ تَعْقِلُونَ﴾

 

TƏRCÜMƏ:

 

«Ey iman gətirənlər, özünüzdən başqasını özünüzə sirdaş dost etməyin. Onlar sizin barənizdə heç bir fitnə-fəsaddan çəkinmir və əziyyətə düşməyinizi çox istəyirlər. Düşmənçilik (elə) ağızlarından (sözlərindən) bəllidir və sinələrində gizlətdikləri daha böyükdür. Əgər düşünürsünüzsə, biz sizin üçün (onların halının) nişanələri(ni) bəyan etdik.»

 

TƏFSİR:

 

YADLARI ÖZ SİRRİNİZƏ MƏHRƏM ETMƏYİN

 

Bu ayə müsəlmanların kafirlərlə münasibətini bəyan edən ayələrin ardınca nazil olaraq çox həssas və mühüm bir məsələni xatırladır, incə bir təşbehlə möminlərə xəbərdarlıq verərək buyurur: “Ey iman gətirənlər, öz məsləkinizdə olanlardan başqasını sirlərinizə dost, sirdaş seçməyin, yadları öz gizli sirlərinizdən xəbərdar etməyin!”

 

Keçmişdə onlarla dost olmağınız, (dində və məsləkdə ayrı olduğunuza görə) sizə əzab-əziyyət vermək fikrində olmamalarına mane olmaz. Onlar həmişə sizin əzab-əziyyətə düşməyinizi istəyirlər.

 

Onların batini fikirlərinin sizin üçün faş olmaması, sirlərinin ifşa edilməməsi üçün adətən, əməl və rəftarlarında özlərini gözləyir, çox ehtiyat və diqqətlə danışırlar. Bütün bunlarla belə onların ədavət və düşmənçilikləri sözlərindən aşkar olur.

 

Bir sözlə, bu ayədə Allah-təala düşmənin batinini tanıma yolunu göstərir və sizi onların batindəki fikirlərindən agah edərək buyurur: “Onların qəlblərində sizə qarşı olan ədavət və düşmənçilikləri dildə dediklərindən qat-qat böyükdür.”

 

Sonra əlavə edilir: «Biz bu ayələri sizin üçün bəyan etdik ki, onda dərindən düşünəsiniz, onun vasitəsi ilə öz düşməninizi dostlarınızdan seçə biləsiniz, nicat və qurtuluş yolunu düşmənlərin şərindən ayırd edə biləsiniz.»

 

AYƏ 119:

 

﴿هَاأَنتُمْ أُوْلاء تُحِبُّونَهُمْ وَلاَ يُحِبُّونَكُمْ وَتُؤْمِنُونَ بِالْكِتَابِ كُلِّهِ وَإِذَا لَقُوكُمْ قَالُواْ آمَنَّا وَإِذَا خَلَوْاْ عَضُّواْ عَلَيْكُمُ الأَنَامِلَ مِنَ الْغَيْظِ قُلْ مُوتُواْ بِغَيْظِكُمْ إِنَّ اللّهَ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ﴾

 

TƏRCÜMƏ:

 

«Budur, sizin bütün (səmavi) kitablara (hətta onların kitabına) imanınızın olmasına (onların isə sizin kitabınıza imanlarının olmamasına) baxmayaraq onları sevən (yenə də) sizsiniz və onlar sizi sevmirlər. Sizinlə görüşdükləri zaman “iman gətirdik” deyirlər. Bir-birləri ilə xəlvətə çəkildikləri zaman isə, sizə qarşı olan qəzəblərinin çoxluğundan barmaqlarının ucunu gəmirirlər. De: “Acığınızdan ölün! Həqiqətən Allah ürəklərdə olanı biləndir.”»

 

TƏFSİR:

 

Bu ayədə müsəlmanlara xitab edilərək buyurulur ki, siz qohumluq, yaxud qonşuluq və yaxud başqa səbəblərə görə onları sevirsiniz, amma bundan qafilsiniz ki, onlar sizi sevmirlər; siz Allah tərəfindən nazil olan bütün kitablara – həm öz kitabınıza, həm də digər səmavi kitablara iman kətirmisiniz, lakin onlar sizin asimani kitabınıza iman gətirməmişlər.

 

Sonra Quran onların əsl simasını, həqiqi mahiyyətini və iç üzünü açaraq buyurur: “Kitab əhlindən olan bu dəstə münafiqdir. Təklikdə olduqları zaman sizə qarşı bəslədikləri ədavət, qəzəb və kinin şiddətindən barmaqlarını dişləyirlər. Ey Peyğəmbər, de: “Qəlbinizdə olan bu qəzəblə ölün! Bu qüssə öldüyünüz günə qədər sizdən götürülməyəcəkdir.” Siz onların batini vəziyyətindən agah deyilsiniz, amma Allah agahdır. Çünki Allah onların qəlblərinin zatına agahdır.”

Nurul-Quran – «ALİ-İMRAN» SURƏSİ

 

 

 

 


more post like this