﴿ وَلاَ تَكُونُواْ كَالَّذِينَ تَفَرَّقُواْ وَاخْتَلَفُواْ مِن بَعْدِ مَا جَاءهُمُ الْبَيِّنَاتُ وَأُوْلَـئِكَ لَهُمْ عَذَابٌ عَظِيمٌ ﴾

 

TƏRCÜMƏ:

 

«(Yəhudi və xristianların) parçalanan və aşkar dəlillər gəldikdən sonra ixtilafa düçar olan kəslər(i) kimi olmayın. Onlar üçün böyük bir əzab vardır.»

 

TƏFSİR:

 

Keçmiş dövrlərdə insanların ixtilafa düşmələrinin acınacaqlı təsirlərindən ibrət almalı və bilməliyik ki, bütün ixtilafların mənşəyi həmişə cəhalət deyil. İnsanın nəfs istəkləri də ixtilaf yaradır. İxtilaflar və təfriqələr təkcə sizin dünyadakı qüdrətinizi sarsıtmır, həm də Qiyamətdə cəhənnəm əzabına düçar olmağınızdan ötrü zəmin yaradır.

 

AYƏ 106:

 

﴿ يَوْمَ تَبْيَضُّ وُجُوهٌ وَتَسْوَدُّ وُجُوهٌ فَأَمَّا الَّذِينَ اسْوَدَّتْ وُجُوهُهُمْ أَكْفَرْتُم بَعْدَ إِيمَانِكُمْ فَذُوقُواْ الْعَذَابَ بِمَا كُنْتُمْ تَكْفُرُونَ ﴾

 

TƏRCÜMƏ:

 

«Bəzi üzlərin ağ və bəzi üzlərin qara olacağı gündə! Üzləri qara olanlara gəldikdə (onlara deyiləcək): “İman gətirdikdən sonra kafir oldunuz?! Elə isə küfr etdiyiniz şeyin müqabilində dadın bu əzabı!”»

 

TƏFSİR:

 

Bəlkə də Qiyamətdə üzlərin ağ və ya qara olması insanların bu dünyada olan ruhani halətlərinin təcəssüm etməsi ilə əlaqədardır. Dünyada Allahın vilayət və hakimiyyətini qəbul edənləri Allah zülmətdən çıxarıb nura doğru aparar, Qiyamət günündə də onların üzləri nurani olar. Lakin tağutun, tüğyançıların vilayətini qəbul edənləri tağutlar nurdan zülmətə, nəfs istəklərinə, təfriqəyə, şirkə, cəhalətə doğru sövq etdiyindən onlar Qiyamət günündə qaranlıq simalarla zahir olarlar.

 

“Küfr” sözü Quranda 16 dəfə imandan sonra, 2 dəfə İslamdan sonra, 3 dəfə Allaha iman gətirdikdən sonra, buzova pərəstiş edənlərə işarə edilən zaman, 27 dəfə elmi olduğu halda bilərəkdən inkar edənlərə işarə edilən zaman işlədilmişdir. Bunların hamısı da bizim hamımız üçün təhlükənin varlığına dair ciddi bir xəbərdarlıqdır.

Nurul-Quran – «ALİ-İMRAN» SURƏSİ

 

 

 

 

 


more post like this