﴿ وَلْتَكُن مِّنكُمْ أُمَّةٌ يَدْعُونَ إِلَى الْخَيْرِ وَيَأْمُرُونَ بِالْمَعْرُوفِ وَيَنْهَوْنَ عَنِ الْمُنكَرِ وَأُوْلَـئِكَ هُمُ الْمُفْلِحُونَ ﴾

 

TƏRCÜMƏ:

 

«Gərək sizdən (aranızda) (insanları) xeyir işə dəvət edən, yaxşı işə buyuran və pisliklərdən çəkindirən bir dəstə olsun. Məhz onlardır nicat tapanlar!»

 

TƏFSİR:

 

Əmr be məruf və nəhy əz münkər kimi vacib əməl ilə əlaqədar nazil olan ayənin ittihad və vəhdətə dəvət edən iki ayənin arasında yerləşdirilməsinin səbəbi bəlkə də bu ola bilər ki, təfriqəyə düçar olmuş hər hansı bir ictimai sistemdə ya xeyir işlərə dəvətetmə qüdrəti yoxdur, yaxud da bu dəvətlər heç bir müsbət təsirə malik deyildir.

 

Əmr be məruf və nəhy əz münkər iki yolla yerinə yetirilir:

 

1. Ümumi vəzifə olaraq hər kəs bu işi öz bacardığı qədər yerinə yetirməlidir.

 

2. Hər hansı bir qrup və ya təşkilat öhdəsinə aldığı vəzifə olaraq bu işi tam qüdrətlə yerinə yetirir. (Bu, bir sürücüyə bənzəyir ki, əgər maşın yolunda yol-hərəkət qaydalarının əksinə hərəkət edərsə, həm başqa sürücülər ona etiraz edər, həm də yol polisi onun törətdiyi pozuntuların qarşısını almaq üçün ciddi tədbir görər.)

 

Əmr be məruf və nəhy əz münkər barəsində çoxlu rəvayətlər nəql olunmuşdur. Təkcə Həzrət Əlinin (ə) buyurduğu aşağıdakı kəlamı qeyd etmək kifayətdir: «Əgər əmr be məruf və nəhy əz münkər olmasa, yaxşı işlər tərk edilər, pis işlər cəmiyyətə hakim olar. Bu zaman dua etsəniz də qəbul olunmaz.»[ «Nəhcül-bəlağə», Həzrət Əlinin (ə) vəsiyyətnaməsi, 47-ci məktub]

 

İNCƏ MƏTLƏBLƏR

 

1. İslam cəmiyyətində dövlət tərəfindən dəstəklənən bir qrup – yoxlanış qrupu olmalıdır ki, insanların davranış, hərəkət və rəftarlarına və ümumiyyətlə, cəmiyyətin vəziyyətinə nəzarət etsin.

 

2. Cəmiyyəti xeyir işlərə dəvət etmək əmr-bemərufdan öndədir.

 

3. Cəmiyyətin islah olunması, fəsadın və fəsad əhlinin qarşısının alınması müəyyən şəkildə məsul işçinin və qüvvənin olmadığı halda mümkün deyildir.

 

4. Cəmiyyətin inkişafı və islah olunması üçün ürək yandıranlar həqiqi nicat tapanlardır. (Tənbəllərin və bu kimi işlərə laqeyd yanaşanların qurtuluşdan payları yoxdur.)

 

5. Xeyir işlərə dəvət etmək, əmr be məruf və nəhy əz münkər işi cəmiyyətdə daimi şəkildə olmalıdır, heç də müvəqqəti və müəyyən mövsümlərlə bitməməlidir. (Bu işlərin indiki zaman formasında gətirilməsi davamiyyəti göstərir.)

 

6. Qurtuluş yalnız insanın özünün nicatı ilə bitmir, başqalarına da nicat verilib inkişafa doğru sövq etdirilməsi qurtuluşun şərtlərindəndir.

 

7. Xeyrə dəvət edən şəxs həm İslamı, həm camaatı, həm də bu işin yerinə yetirilməsi yollarını tanımalıdır. Ona görə də buyurulur ki, ümmətin hamısı deyil, bəzi şəxsləri bu işi yerinə yetirməlidir.

 

8. Yaxşı işlərə dəvət etmək pis işlərdən çəkindirməkdən öncə gəlir. (Əgər yaxşı işlərin yolu açılsa, pis işlərə yaranan şərait azalacaqdır.)

Nurul-Quran – «ALİ-İMRAN» SURƏSİ

 

 

 

 

 


more post like this