Azərbaycan tarixində dərin hörmət və rəğbət bəslənən böyük din xadimlərindən biridə görkəmli şəxsiyyət Axund Mirzə Əbu Turab Axundzadədir. 1817 –ci ildə Bakıda İçərişəhərdə tanınmış ruhani ailəsində dünyaya göz açmışdır. Onun əsl adı bizə məlum deyildir. Bildiyimiz kimi Əbu Turab Həzrət Əli (ə) –ın adlarından biridir. Bu ləqəbi ona İslam Peyğəmbəri (s.a.v.v) vermişdir. Mənası “ Torpaq atası ” deməkdir. Bu ad Axund Mirzəyə Ərəbistanda dini təhsil aldığı illərdə bir ləqəb kimi verilmişdi. Mirzə Əbu Turab Axundzadə, sözun həqiqi mənasında Abşeron torpağının “ Atası ” idi. İlk təhsilini o dövrdə Bakının məşhur təhsil ocaqlarından sayılan Mirzə Həsib Qüdsinin mədrəsəsində almışdır. Cəhalət və xurafat hökm sürdüyü dövrdə həmin mədrəsənin üstünlüyü ondan ibarət idi ki, orada İlahiyyat elmləri ilə yanaşı dünyəvi elmlərdə tədris olunurdu. Təəssüflər olsun ki, həmin mədrəsənin nə tarixi, nə də onun banisi olan şair, maarifçi Din Xadimi Mirzə Həsib Qüdsinin fəaliyyəti bu günədək iişıqlandırılmamış və təhqiq olunmamışdır.

Təkcə bu faktı göstərmək olar ki, uzun illərdən bəri bəzi hüzr məclislərində “ Yasin ” surəsindən sonra oxunan tilavət tərifi Mirzə Həsib Qüdsi tərəfindən icad edilmişdir. Ərəb və fars dillərini mədrəsədə mükəmməl öyrənən Əbu Turab bununla kifayətlənmir, təhsilini davam etdirmək üçün Ərəbistana yola düşür. Təhsilini Mədineyi Menəvvərədə Və Nəcəfi-Əşrəfdə başa vurur və hələ tələbəlik illərində Məkkə ziyarətində olur. Yeri gəlmişkən qeyd etmək istərdik ki, Mədinədə təhsil almış ilk yeganə alimlərdəndir. Əbu Turab Axundzadə dövrünün ən görkəmli İlahiyyatçılarından hesba olunurdu. O, Bakının bir çox məscidlərində moizələr edərdi və bəzən moizələrini Erəb dilindədə soyləyərdi. O, əsasən Bakının Əmircan məscidində fəaliyyət göstərirdi ki, bunun da səbəbi vardı. Bu din xadimi elmin və maarifin tərəfdarı. 1901 –ci ildə öz qızını H.Z.Tağıyevin qızlar məktəbinə qoymuşdur. 1845-46 –cı illərdə alim 2 dəfə Tiflis şəhərinə dəvət olunmuş, Qafqaz baş canişini M.S.Verensov və Zaqafqaziya Şeyx-ül-İslamı Axund Məhəmmədəli tərəfindən qəbul edilmiş, ona Bakı vilayət qazısı vəzifəsi təklif olunmuşdu. Amma o, bu vəzifədən imtina etmişdi. Əbu Turab özünün ruhanilik fəaliyyəti ilə İslam dinini təhqir edənlərə qarşı amansız olmuşdu. Axund Mirzənin Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağayev və Əli bəy Hüseynzadə ilə eləcə də, başqa ictimai xadimlərlə mübahisələri olmuşdur. Onun 1907 –ci ildə əvvəlcə “ Həyat ” qazetində sonra isə Tiflisdə kitabça şəklində çap olunmuş “ Biz hansı elmlər lazımdır ” məqaləsi həmin dövrdə müxtəlif mübahisələrə səbəb olmuşdu. Axund turab yazırdı: “ Təbiətin hikmətini bilməklə insan olmaq olmaz. Ilahi hikməti ilə kamilləşmək insani insan edər ”. Məqalənin başqa hissəsində deyilir:
“ Tibb elmini bilməklə xəstəliklərə əlac etmək olar, lakin onunla insanlığı kəsb etmək olmaz ”.
Azərbaycan xalqının fəxri, milyonçu H.Z.Tağıyevin Əbu Turab Axundla yoldaşlıq və dostluq çümasibətləri olmuşdur. Yaşca ondan böyük olan Axundla Hacı ehtiramla davranarmış. Təsadüfi deyildir ki, Hacı öz şəxsi faytonundan istifadə etməyə yalnız Axund Turaba icazə vermişdir. H.Z.Tağıyev dünyadan köçməzdən çox-çox əvvəl vəsiyyət etmişdi ki, öləndə onu Axund Mirzə Əbu Turabın məzarının ayağ tərəfində basdırsınlar. Bu vəsiyyət Hacı tərəfindən təsadüfən edilməmişdi.
Onun maraqlı bir tarixi vardır. H.Z.Tağıyev kiçik oğlu İlyasın hüzüründə məclisi Əbu Turab Axundzadə aparırdı. O, “ Yasin ” surəsini başa vurduqdan sonra, Hacı ona belə bir sualla müraciət edir:
“ Yasin ” surəsində belə bir ayə var: “ innəmə əmruhu iza əradə şeyən ən yəqulu ləhu kun fəyəkun ” (Yasin surəsi 83 –cü ayə). Onun mənası nədir?
Əbu Turab avab verir:
“ Hər Şey Allah-Təalanın əlindədir, nə istəsə həmin andaca icra olunur ”.
Bu hadisədən düz 10 il sonra 1920 –ci ildə Qızıl ordu Azərbaycanı işğal edir. Aprelin 27 -də milyonçu olan H.Z.Tağıyevin aprelin 28 –də artıq heç nəyi qalmamişdı. Əbu Turab Axundzadə bunu deyirmiş, Hacı onun sözlərini həmən vaxt başa düşmüşdü. Hacının vəsiyyətinə əməl olunmuşdu. Onu Mərdəkanda “ Şirhəsən altı ” deyilən qəbristanlıqda Axund Mirzə Əbu Turabın məzarının ayaq tərəfində dəfn etmişdilər. Axund Turabın yetişdirdiyi tələbələrindən biri onun qohumu Bakı vilayət qazısı Axund Mir Məhəmməd Kərim Müzəffərzadə idi. Onun qazılığına razılığı 1904 –cü ildə Əbu Turab Axundzadə vermişdi. Məlumdur ki, Mir Məhəmməd Kərim Müzəffər Quranın “ Kəşfül-həqaiq ” adlı üç cilddən ibarət Azərbaycan dilində təfsirini vermişdir. Dörd il üç aya yazılan bu Əsərin əsas müddəaları Əbu Turab Axundzadə ilə razılaşdırılmış, onun dəyərli məsləhətləri nəzərə alınmışdı. Axudn Əbu Turab həmçinin tanınmış publisist idi. Hansı mövzuda yazırsa-yazsın insanları həmişə maarifə, biliyə və birliyə çağırırdı. Orucov qardaşlarının nəşriyyatında onun “ İslam firqələrinin səbəbləri ” –adlı kitabı nəşr olunmuşdu. Bu kitab ilə o İslamiyyət içərisində təfriqə salanları ifşa etmişdir.
Öz dərin ağlı, zakası, mərifəti və xeyirxahlığı ilə hörmət qazanmış, Baki alimlərinin başçıcı Mirzə Əbu Turab Axundzadə 1910- cu ildə Mərdəkandakı bağında vəfat etmişdir. Bakı milyonçusu Ağa Mürtəza Muxtarov hörmət əlaməti olaraq, onun qəbri üstündə memarlıq cəhətdən insanın diqqətini cəlb edən, günbəz inşa etdirmişdir. Allah hər ikisinə rəhmət eləsin. Amin!

ceferiler.com


more post like this