Digər dini əsaslar kimi Axirət aləmi də iki yolla isbat olunur ki, onlardan biri ağıl və digəri isə ayə və rəvayətlərdən ibarətdir.

 

Birinci: Ağıl və düşüncə;

Ağıl və düşüncə yolu ilə Axirət aləmini bir neçə dəlillə isbat etmək olar:

1-Hikmət dəlili;

Bildiyiniz kimi hər bir insan ruh və cisimdən ibarətdir ki, onun əbədi həyatının əsas amili də ruhla bağlıdır.

İnsan bu dünyada zəhmət çəkib bir sıra ləzzətlərdən bəhrələnmək və nəhayət bu dünya ilə vidalaşıb torpaq altında çürüyərək aradan getmək üçün xəlq olunmamışdır. Çünki ölməklə bütün var dövlət, çəkdiyi zəhmətlər və s.. heçə çıxır və beləliklə də hər bir insanın həyat tərzi mə’nasız və puç sayılır.

İlahi sifətlərdən biri də Allahın hikmətli olmasıdır. Belə bir həyat tərzi isə Allahın hikmətindən çox-çox uzaqdır.

Digər tərəfdən də qeyd olunmalıdır ki, insan əbədilik və həmişə yaşamağı, ixtiyarında olan imkanların həmişəlik əlinda qalmağını sevən və tələb edən bir mövcuddur ki, 70-80 ildən sonra dünyadan köçüb qəbr evində çürümək qorxusu bu istəyi aradan apararaq onu nakam qoyur. Bu isə heç bir sağlam ağılla uyğun gəlmir.

Elə bütün bunlara görə də bu dünyadan sonra ayrı bir aləmin olması, ilahi hikmətin zəruriyyətlərindəndir.

2-Ədalət dəlili;

Bildiyiniz kimi insanlar öz əməllərində ixtiyar sahibi olub, istədikləri pis və yaxşı əməlləri əncam verə bilərlər.

Bə’zi insanlar ömürlərinin sonunadək Allaha bəndəçilik edib saleh əməllər görür, bə’ziləri isə ömürlərinin sonunadək günah işlərlə məşğul olur və hətta günah etdikləri halda dünyalarını dəyişirlər.

Digər tərəfdəndə bir çox insanlar dünyada öz imkanları, qüdrətləri və s.. şeylərdən istifadə etməklə zəif və imkansızlara istədikləri zülmləri edirlər ki, adətən bu cür zülmkarlar dünyada zəngin və firavan həyat sürür və heç də öz çirkin əməllərinin cəzasına çatmırlar.

Allahın sifətlərindən biri də onun ədalətli olmasıdır. Belə bir həyat tərzi (salehlər və günahkarların cavabsız qalması) heç də ilahi ədalətlə uyğun gəlmir və heç bir sağlam ağıl belə bir işi qəbul edə bilmir.

Beləliklə saleh bəndələr və günahkarları bir-birindən ayırd edib, salehləri mükafatlandırmaq, zülmkarları isə cəzalandırmaq üçün bu dünyadan başqa bir aləmin (axirət aləminin) olması ilahi ədalətin zəruriyyətlərindən sayılır və əks təqdirdə, bu həyat tərzinin Allah ədalətindən kənar olması kimi düşüncə və fikir meydana çıxa bilər.

3-Qüdrət dəlili;

Ağıl və düşüncə yolu ilə Axirət aləmini isbat edən dəlillərdən biri də ilahi qüdrətdən ibarətdir.

Axirət aləminin varlığı, çürüyüb aradan getmiş bir sıra varlıqların bir daha xəlq olunması bu işin qeyri-mümkünlüyü ilə inkar olunsa, ilahi qüdrətə əsasən bu fikirin yanlış olduğunu isbat edə bilərik. Məsələn, insanları müxtəlif bitki, meyvə və s.. şeylərdən ataların belində nütfə kimi, anaların bətnində körpə uşaq şəklində vücuda gətirən və hər bir körpəni boya-başa çatdıran, həmçinin varlıqları yoxdan xəlq edən Allah heç də çürümüş insanı bir daha dirildib Axirət aləmində hazır etməkdən aciz deyildir.

Allah-taala nəhayətsiz qüdrət sahibi olduğu halda bu kimi işləri həyata keçirməkdən aciz qalmaz. Məsələn, əgər bir mühəndis tikdiyi binanı dağıtdıqdan sonra onu yenidən inşa edəcəyini iddia etsə, hamı ona inanar. Çünki o, artıq bir dəfə bu işə qadir olduğunu sübuta yetirmişdir. Onun yenidən bu işi bacaracağına isə kimsə şübhə etməz.

Elə bütün bunlara əsasən axirət aləminin varlığı zəruri və olasıdır.

 

İkinci: Ayə və rəvayətlər;

Axirət aləminin isbatı üçün çoxlu ayə və rəvayətlər mövcuddur ki, burada onların bə’zisini qeyd edirik:

1-Zəlzələ surəsi:

«Bağışlayan və mehriban Allahın adı ilə! Yer möhkəm zəlzələ ilə titrədikdə və öz ağır yüklərini xaric, etdikdə, insan (Heyrətlə) deyər: Görəsən yerə nə olmuşdur? O vaxt yer, camaatı (böyük) xəbərlərdən agah edər. Çünki sənin Rəbbin ona belə ilham etmişdir. O gün xalq öz əməlllərinin (cəza və mükafatını) görmək üçün qəbrlərdən pərakəndə halda xaric olarlar. Beləliklə zərrə qədər xeyir əməl sahibi öz mükafatını görərcək və zərrə qədər şərr əməl sahibi (də) öz əməlinin cəzasına çatacaqdır.»

2-Təğabun surəsi, ayə-7:

«Kafirlər (belə) güman edirlər ki, (öldükdən sonra) bir daha dirilməyəcəklər…»

3-Mu’minun surəsi, ayə-16:

«Və (bütün bunlardan sonra) siz Qiyamət günü diriləcəksiniz.»

4-Nəql olunmuş rəvayətə əsasən Ubəyy ibni Xələf çürümüş bir sümüyü Həzrət Peyğəmbərin (s) yanına gətirib onu havaya sovuraraq dedi: «Bu çürümüş sümükləri bir daha kim dirildə bilər?» Allah-təala bu ayəni nazil etməklə ona belə cavab verdi:

«O öz xilqətini unudan halda bizə misal çəkərək, «bu çürümüş sümükləri bir daha kim dirildə bilər?»- dedi. (Ey peyğəmbər!) Ona de ki, onları ilk dəfə yaradan Allah (çürümüş sümüyü) bir daha dirildəcək və o Allah hər şeyi xəlq etməyə (qadir və ) bilicidir.»[111]

5-həzrət Əmirəl Mö’minin Əli əleyhissalam buyurur:

«Qiyamət günü mö’minlər, kafirlər və münafiqlər dəstə-dəstə gələrək öz əməllərinin (mükafat və cəzasını) görəcəklər…»[112]

Beləliklə qeyd olunmuş bir sıra əqli dəlillər, həmçinin ayə və rəvayətlərə əsasən bu dünyadan sonra Axirət aləminin varlığı zəruri və bəlli olur.

 

http://sualcavab.ge


more post like this