Bu nadir hadisə deyil. Valideynlər uşağın məktəbdən imtinasını günah kimi dəyərləndirirlər. Əslində uşağı danlamazdan qabaq məktəbdə olub, vəziyyəti öyrənmək lazımdır. Adətən, məktəbdən imtina edən uşaqların məktəblə bağlı problemləri olur. Bəzən uşağı kimsə hədələyir, hansısa səbəbdən onda qorxu yaranır. Hətta müəllimin rəftarı da uşaqda belə bir reaksiya doğura bilər. Uşağın problemini həll etməyə çalışın. Onu əmin edin ki, bütün çətinlikləri aradan qaldıracaqsınız.
Uşağı belə bir imtinaya sövq edən səbəblərdən biri də onun məktəb tələbləri ilə ayaqlaşa bilməməsidir. Məktəb tələbləri qarşısında özünü gücsüz görən uşaq bu mühitdən uzaqlaşmağa çalışır. Əlbətdə ki, valideyn uşağı məktəbə qoymazdan qabaq onun gücünə, qavrayışına əmin olmalıdır. Bəzi valideynlər isə, əksinə, uşağı məktəbə qoymaq istəmirlər. Təbii ki, uşaq da evi məktəbdən üstün tutur.
Səbəb nə olur olsun, uşağa evdə qalmağa icazə verməyin. Əgər uşaq desə ki, məktəbə getsəm ürəyim ağrıyacaq − dərhal məktəblə əlaqə saxlayın. Uşaq sizin narahatlığınızdan iki mühüm həyat dərsi alacaq. Əvvəla öyrənəcək ki, qarşıya çıxan çətinliyi həll etmək lazımdır. İkinci dərs isə budur ki. çətinliyi həll etmək üçün ürəyinizcə olmayan işləri də görməyə məcbursunuz.
Əgər uşağa evdə qalmağa icazə versəniz, onu məktəbə göndərmək hər gün daha da çətinləşəcək. Eləcə də, uşaq qarşısına çıxan problemləri həll etmək əzmini itirir, təslimçi mövqe tutacaq.


more post like this