601. Aqibət

1833. Allahın Peyğəmbəri (s):«Mömin həmişə aqibətinin pis olmasının qorxusu içindədir. Ruhu bədənindən çıxana və ölüm mələyi qarşısında zahir olan anadək Allahın razılığına, bağışlanmasına qovuşduğuna əminliyi olmur.»[1]

1834. Allahın Peyğəmbəri (s):«Bə‘zən insan uzun müddət Cənnət əhlinin işini yerinə yetirir, amma axırı Cəhənnəm əhlinin aqibəti olur.»[2]

1835. Allahın Peyğəmbəri (s):«Kimsənin işinin aqibəti sizə məlum olmayınca, ondan (yaxşı əməllərindən) heyrətə gəlməyin. Çünki insan ömrünün böyük hissəsini, ya bir müddətini yaxşı işlər görməklə keçirir və bu halda dünyadan köçərsə Cənnətə getmiş olar. Ancaq, (görürsən) insan birdən dəyişir və nalayiq işlər görməyə başlayır.»[3]

 

 

 

602. Yaxşı sonluğun səbəbləri

1836. İmam Əli (ə):«Allah-taalanın səni pis aqibətdən qorumasını istəyirsənsə, bil ki, sənə yetişən hər xeyir Allahın lütfündən və uğurundandır. Sənə yetişən hər pisliyə görə isə (bil ki,) Allah sənə möhlət və fürsət vermişdir. Onun sənə qarşı olan səbr və güzəştindən qorx.»[4]

1837. İmam Sadiq (ə) bir nəfərə xitabən: «Əgər əməlinin xeyirli sonluqla başa çatmasını və ölüm anında ən yaxşı əməllərinlə dünyadan köçməyini istəyirsənsə, Allahın haqqını qoru. Belə ki, Onun verdiyi nemətləri günah yolda xərcləmə, sənə qarşı göstərdiyi səbrə görə qürurlanıb, qafil olma. Bizi (Əhli-Beyti) yaxşı sözlərlə yad edən, ya bizim məhəbbətimizdən danışan bir kəs görəndə, ona hörmət et.»[5]

Mizanul-hikmətin xülasəsi 1-ci cild

 



[1] Biharul-Ənvar, c.71, səh.366, hədis13

[2] Kənzul-Ummal, hədis 545

[3] Kənzul-Ummal, hədis 589

[4] Biharul-Ənvar, c.70, səh.392, hədis60

[5] Uyune Əxbare Rza (ə), c.2, səh.4, hədis8


more post like this