Hacı Nuri “Nəcmus-Saqib”də yazır: Həmədanda tamam əhli şiə olan Bəni Raşid adlı bir tayfa vardır ki, şiə olmalarının səbəbi qəribə bir əhvalatla bağlıdır. Deyilənə görə onlardan biri bir dəfə Məkkəyə həcc ziyrətinə gedir. Ziyarəti başa vurduqdan sonra qayıdarkən belə qərara gəlir ki, atdan düşüb bir qədər piyada getsin. Bir qədər yol getdikdən sonra yorulub yolun kənarında yatır ki, yorğunluğu çıxsın. O istəyirdi ki, arxadan gələn karvan ona çatdıqda, yuxudan oyanıb yoluna onlarla birlikdə davam etsin.

 

O deyir: Yuxudan məni gün şüalarının hərarəti oyatdı. Ətrafa nəzər saldıqda kimsəni görmədim. Özüm də bu yollara nabələd idim. Amma Allaha təvəkkül edib yoluma davam etdim. Bir qədər getdikdən sonra hər tərəfi yaşıllıq olan bir əraziyə çatdım. Yer o qədər təravətli idi ki, sanki ora təzə yağış yağmışdı. Mən hələ o vatxa qədər belə ab-havası olan bir yer görməmişdim. Ortada gün tək parlayan bir qəsr görünürdü. Öz-özümə dedim: Kaş, biləydim bu qəsr kimindir. Bu maraq məni qəsrə tərəf çəkib apardı. Qəsrin qapısı astanasında ağ paltarlı iki nəfər xidmətçi dayanmışdı. Onlara yaxınlaşıb salam verdim. Onlar da ədəblə mənim salamımı aldılar. Ora daxil olmaq istədikdə, mənə dedilər: Əvvəl burada gözlə icazə alaq. Onlardan biri qəsrə girdi və bir neçə dəqiqədən sonra qayıdıb dedi: Gəl içəri. Mən qəsrə daxil oldum və xidmətçi mənim qabağımda gedir, mənə yol göstərirdi. Nəhayət, bir otağa gəlib çatdıq. Xidmətçi pərdəni yuxarı qaldırıb dedi: Gir içəri.

 

Mən içəri daxil oldum. Gördüm ki, otağın ortasında bir cavan divara söykənmiş və başı üzərində də divardan qılınc asılmışdı. O, gecə qaranlıqda ay kimi işıq saçan nura bənzəyirdi. Mən ona salam verdim. O da özünə məxsus mehribanlıqla cavab verib dedi: Bilirsən, mən kiməm? Dedim: Xeyr. Buyurdu: Mən dünyanın sonunda qiyam edəcək və qılıncla dünyada ədaləti bərqərar qılacaq Ali Məhəmmədin canişiniyəm.

 

Bunu eşitcək, qarşısında yerə yıxıldım və üzümü yerə sürtməyə başladım. Buyurdu: Belə etmə! Başını yuxarı qaldır. Sən filankəssən (adımı çəkdi) və dağ ətəyində Həmədan adlanan şəhərdənsən. Dedim: Düzdür, düzdür! Ey mənim sərvərim! Buyurdu: Şəhərinə qayıtmaq istəyirsənmi? Dedim: Bəli, istəyirəm. İstəyirəm qayıdıb onlara sizinlə görüşümüzü də göz aydınlığı verim! İstəyirəm onlara deyim ki, Allah-təala mənə necə böyük lütf etmişdir! Gördüm, əli ilə xidmətçisinə işarə etdi ki, dediklərimə əməl etsin.

 

Xidmətçi əlimdən tutub mənə bir kisə pul verdi və mənimlə birlikdə qəsrdən çölə çıxdı. Mən də İmam Zamanla (ə) vidalaşıb oranı tərk etdim. Oradan bir neçə addım aralanmışdıq ki, uzaqdan ağac və minarələri görünən bir şəhər gördük. Xidmətçi mənə dedi: Bu şəhəri tanıyırsanmı? Dedim: Ora Həmədanın yaxınlığında yerləşən Əsədabad şəhərinə oxşayır. Xidmətçi dedi: Bəli, ora Əsədabad şəhəridir. Get, Allah amanında.

 

Bundan sonra mən daha onu görmədim. Kisənin ağzını açdıqda, gördüm ki, içində qırx əşrəfi qızıl pul var. Beləliklə, Həmədana yola düşdüm və orada qohum-əqrabamı başıma yığıb İmam Zamanla (ə) görüşdüyümü bildirdim. Bundan sonra onlar şiə məzhəbini qəbul etdilər. Nə qədər ki o pullar bizdə idi, naz-ne`mət içində yaşayıb yoxsulluğun nə olduğunu bilmədik.

 

İMAM ZAMANLA GÖRÜŞƏNLƏR – kitabında…

 

 

 


more post like this