Sufilik neçə firqəyə bölünmüşdür?
Sufi firqələrinin adları hansılardır?
SUFİ FİRQƏLƏRİ (2)
11. Əhli həqq;
Əhli həqq dərviş məsləkli sufi firqələrindən olmuşdur. Əli ibni Əbu Talibə qarşı məhəbbətdə ifrata vardıqları üçün «Əliyullah» kimi də məşhur olmuşlar. Onlar bu adı öz üzərlərindən götürmələrinə və Allahın Əli ibni Əbu Talibə hülul etməsinə dair onlara aid olunan e᾿tiqadı rədd etmələrinə baxmayaraq, bə᾿zi ifratçı əqidələrinə görə ğulatlardan hesab olunmuş, sünni və şiə alimləri tərəfindən küfr etməkdə ittiham edilmişlər.
Əhli həqq tərəfdarlarının əksəriyyəti İranın qərb və İraqın kürdlər yaşadığı məntəqədə məskunlaşmışlar. Onları başqalarından fərqləndirən ən başlıca xüsusiyyətlərindən biri də, dodaqlarının üstünü örtən uzun və qalın bığ saxlamaları olmuşdur. Əhli həqq belə bir əqidədədir ki, Əli ibni Əbu Talib bığını azaltmamış və ömrünün sonunadək belə qalmışdır. Bunun üçün də Əhli həqq bığlarını qırxmağı günah və olduqca qəbahətli bir iş hesab etmişlər.
Onlar özlərinin dərin və tarixi köklərə yiyələndiklərini güman etmiş və belə bir əqidədə olmuşlar ki, onların firqələri Hicrətin 2-ci əsrində meydana gəlmiş, 7-ci əsrdə isə yeni mərhələyə başlamışdır. Bə᾿zilərinə görə bu firqə 4-cü əsrdə Şah Xuvəysin ləqəbi ilə məşhur olan «Mübarək şah» tərəfindən tə᾿sis edilmişdir. Şah Xuvəysin İranın Loristan nahiyəsində sufi qütblərindən və sufi təriqətlərindən birinin rəhbəri olmuşdur. Ölüm ayağında öz tərəfdarlarına, vəfat etdikdən yüz il sonra Soltan Səhhak, ya İshaq adlı şəxsin cisminə hülul edərək onların rəhbərliyini öz üzərinə götürəcəyini və᾿də vermişdir. Beləliklə, Əhli həqq tərəfdarları illər boyu Səhhakın intizarında olmuş, nəhayət onu taparaq ətrafına toplaşmışlar. Onların tənasüx və hülul nəzəriyyəsinə olan e᾿tiqadları da məhz buradan nəş᾿ət tapmışdır. Çünki Əhli həqq belə bir əqidədə olmuşdur ki, ölüm, ruhun günahdan təmizlənməsi üçün cismin birindən digərinə keçmə vasitəsidir. Belə ki, ruh ikinci cismə keçməklə daha da ucalaraq ilahiləşir. Şah Xuvəysin öz tərəfdarlarına tə᾿lim verdiyi hülul məsələsi (öz ruhunun Soltan Səhhakın cisminə keçəcəyi) onlar üçün əqidəyə çevrilmişdir və bu etiqad hələ də qalmaqdadır.
Əhli həqqin islam, zərdüşt, yəhudi, məsihi, mani və hind dinlərindən meydana gəlmiş əqidə əsasları «Başlanğıc» adlı kitablarında ətraflı izah edilmişdir. Əhli həqq İslam dininin vacib etdiyi ibadi məsələləri qəbul etmir və özlərinə xas olan ibadətlər yerinə yetirirlər. Əlbəttə, ilk mərhələdə şəriət adlandırdıqları mə᾿nəvi seyri lazım bilirlər. Lakin bu mərhələni arxada qoyduqdan sonra, yə᾿ni təriqət, mə᾿rifət və həqiqət mərhələsinə qədəm qoyduqları zaman, artıq şər᾿i ibadətlərin yerinə yetirilməsində heç bir lüzum görmürlər. Əhli həqq sufiləri həftədə bir və ya bir neçə dəfə «Cəmxanə» adlandırdıqları ibadətgahlara toplanıb öz mərasimlərini «Yə Əli» zikri ilə başlayırlar. İbadət mərasimləri zərb, qaval və digər musiqi alətləri ilə davam etdirilir. Şe᾿r və digər zikirlər oxunduqdan sonra növbə sima və rəqs mərhələsinə çatır.
12. Məlamətiyyə;
Məlamətiyyə firqəsi Xorasan sufi təriqətlərindən olmuş və özlərini Əhli həqq hesab etmişlər. Bilmək lazımdır ki, sufi firqələrinin bir çoxu özlərini Əhli həqq kimi tanıtdırmaq istəmişlər və bu heç də onların əqidə və e᾿tiqadlarını davam etdirmək deyildir.
Məlamətiyyə, Həmdun Qəssarın davamçılarına deyilir. Onların Məlamətiyyə adlandırılmasının əsas səbəbi firqə üzvlərinin camaatın danlaq və tənqidlərini qəbul etmələri olmuşdur. (Məlamət – ərəb dilində danlamaq və tənqid etmək deməkdir). Onlar belə bir əqidədə olmuşlar ki, sufi özünün xeyirxah işlərini hamıdan gizli saxlamalı və zahirdə özünü elə göstərməlidir ki, başqaları onları danlayıb tənqid etsin. Yə᾿ni insanlar onlara təhqir gözü ilə baxıb e᾿tinasızlıqla yanaşsınlar.
13. Əhli fütuvvət;
Əhli fütuvvət və ya «cəsurların şahı» sufi tə᾿limlərinin tə᾿siri altına düşərək onların bir çox adət-ən᾿ənələrini qoruyub saxlaya bilmişdir. Onlar öz ayinlərinin (əqidə əsaslarını) azadlıq, mehribançılıq, səxavət, ehtiyacı olanlara yardım etməkdən ibarət olduğunu hesab edirlər. Belə ki, Əyyarlar adlanan bir qrup şəxs (Yə᾿qub Ləys Səffari də onlardan biri idi) yoxsullara kömək məqsədilə varlıların var-dövlətini qarət edər, oğurlanmış şeylərdən özlərinə bir şey götürmədən onu yoxsullar arasında bərabər şəkildə bölüşdürərdilər. Əlbəttə, oğurluq Əhli fütuvvət tərəfindən hamılıqla qəbul edilməmişdir.
Onlar Əli ibni Əbu Talibi özlərinə rəhbər hesab edərək Peyğəmbərin (s) Ühüd döyüşündə onun barəsində «Əlidən yaxşı bir insan və Zülfüqardan yaxşı bir qılınc yoxdur» buyurduğuna istinad edərək ona «cəsurların şahı» ləqəbini vermişdilər.
Cəsurlar ayinində xirqə «cəsur şalvarı» ilə əvəz olundu. Onlar şeyx və mürşidlərə fəxri şalvar alaraq kəmərlərini də onların əli ilə qurşayardılar.
14. Qələndəriyyə;
Qələndəriyyə sufi təriqətinin başqa bir qolunu təşkil edir və Məlamətiyyəyə yaxın hesab olunur. Onların mə᾿na və mənşəyi haqda bir çox ehtimal və fərziyyələr irəli sürülsə də, həqiqi mə᾿nası hələ də dəqiq mə᾿lum deyildir. Mə᾿lum olan bir şey varsa, o da qələndəriyyənin sufi təriqətlərinin bir qolunu təşkil etməsidir. Lakin onlardan fərqli olaraq xanəgah adət-ən᾿ənələrini və sufilik mə᾿qamını gizli saxlamağı qəbul etmirlər. Qələndəriyyənin özünəməxsus xüsusiyyətlərindən biri də baş və üz (hətta qaşlarının) tüklərini qırxıb əllərinə zənbil alaraq yolçuluq etməkdən ibarətdir. Baş və üz tükləri şeyx və mürşidlər tərəfindən qırxılar və onlara qayçı mürşid deyilərdi.
15. Nəqşbəndiyyə;
Nəqşbəndiyyə firqəsi Xacəqan kimi tanınan sufi təriqətlərinin davamını təşkil edir. Nəqşbəndiyyə Hicrətin 6-cı əsrində Xacə Əbdülxaliq Ğuçdəvani tərəfindən tə᾿sis olunmuşdur. Hicrətin 10-cu əsrindən e᾿tibarən, bu firqə Xacə Bəhaüddin Məhəmməd Nəqşbəndi Buxarinin adı ilə bağlı olaraq «Nəqşbəndiyyə» kimi məşhurlaşmağa başladı və hal-hazırda Orta Asiyanın müxtəlif məntəqələrində, Hindistan və Xorasanın şimalında fəaliyyət göstərir.
16. Qadiriyyə;
Qadiriyyə firqəsi Abdul Qadir Gilani tərəfindən tə᾿sis olunmuşdur. O Hicrətin 561-ci ilində vəfat etmişdir. Bir çox xürafi əqidələrə malik olan Qadiriyyə firqəsi hal-hazırda Afrikanın şimal-qərb, Hindistan və Türkiyənin Antalya şəhərində fəaliyyət göstərir.
17. Şazəliyyə;
Şazəliyyə firqəsi Əli ibni Əbdullah Şazəli Məğribinin (591-656 Hicri) tərəfdarları hesab olunurlar. O, şimali Afrika ölkələrinin məşhur sufi şeyxlərindən olmuşdur. Şazəliyyənin əqidə əsasları bunlardan ibarətdir:
1. İstər aşkarda, istərsə də gizlində ilahi təqvaya riayət etmək;
2. Dil və əməldə Peyğəmbərin (s) sünnəsinə əməl etmək;
3. Hər zaman insanlardan ehtiyacsız olmaq;
4. Allahın bəxş etdiyi bütün ne᾿mətlərdən (istər az olsun, istərsə də çox) razı olmaq;
5. Müsəlman, məsihi və yəhudiləri bərabər hesab etmək. Şazəliyyə firqəsinin davamçıları hal-hazırda Şimali Afrikada məskunlaşmışlar.
18. Ticaniyyə;
Bu firqə Əbu Abbas Əhməd ibni Məhəmməd Ticani (1150-1230 Hicri) tərəfindən tə᾿sis olunmuşdur. O, Əlcəzairdə dünyaya gəlmiş və Mərakeşin Fas şəhərində vəfat edərək elə oradaca dəfn olunmuşdur. Qəbri, Ticaniyyə tərəfindən indinin özündə də ziyarət olunur. Həcc ziyarətinə getmək istəyən hər bir ticani ilk növbədə onun qəbrini ziyarət etməlidir. Hal-hazırda Afrikanın qərb və şərq ölkələrində Ticaniyyənin bir çox tərəfdarları vardır. Əmir Əbdül Qadir Cəzairi Əlcəzairdə fransızların istismarına qarşı aparılan mübarizə hərəkatına rəhbərlik etmişdir. Çoxlu zikr demək Ticaniyyə ardıcıllarının əsas ayinlərindən hesab olunur. Firqəyə rəhbərlik edən mürşidlər öz davamçılarına müəyyən vaxtlarda zikr etməyi tövsiyə edib onlara, bunun yeni-yeni növlərini tə᾿lim etməlidirlər.
19. Müridiyyə;
Bu firqə 19-cu əsrdə Seneqalda Əhməd Vəbamba tərəfindən tə᾿sis olunmuşdur. Əhməd Vəbamba əvvəllər Afrikanın Qadiriyyə sufi təriqətinə mənsub olmuş, sonralar Müridiyyə kimi məşhur olan yeni sufi firqəsinin əsasını qoymuşdur. 1887-ci ildə Seneqalda tə᾿sis etdiyi Tuba şəhəri Afrika sufilərinin müqəddəs dini mərkəzi olmuşdur. Müridiyyənin əqidə əsasları Ticaniyyə və Qadiriyyə firqələrinin əqidə və e᾿tiqadlarından ibarət olmuşdur.
20. Nurbəxşiyyə;
Bu firqə Seyyid Məhəmməd Nurbəxşə mənsub edilir. O, Seyyid Əli Həmdaninin irfani baxışlarının tə᾿siri altına düşərək dinin təbliği üçün Kəşmirə getmiş və orada Həmdaninin əqidəsini geniş şəkildə yaya bilmişdir. İndinin özündə də Kəşmirlə yanaşı, Hindistan, Pakistan və İranın şərq nahiyəsində özünə bir çox tərəfdar yığa bilmişdir. Nurbəxşiyyənin əqidə əsasları İmamiyyəyə daha yaxındır, bid᾿ət və xurafatlardan çox az mütəəssir olmuşdur.
21. Sənusiyyə.
Sənusiyyə tərəfdarları hal-hazırda Şimali Afrikada məskunlaşmışlar. Bu firqə milliyətcə Əlcazairli olan Seyyid Məhəmməd ibni Əli Sənusi (1202-1276) tərəfindən tə᾿sis olunmuşdur. Sənusi bir tərəfdən şimali Afrika sufilərinin, digər tərəfdən də sələfiyyə əqidəsinin tə᾿siri altına düşərək, İslam e᾿tiqadlarını saflaşdırmaq məqsədilə, öz adı ilə bağlı olan bu firqəni tə᾿sis edir. O, belə bir əqidədə idi ki, müsəlmanların pərakəndə hala düşmələrinin və xarici dövlətlərin onların üzərində hakim olmalarının əsas səbəbi batil və yanlış ideologiyaların onların əqidəsinə tə᾿sir etməsidir. Bu səbəbdən də Sənusiyyənin sufi üslubu 1-ci əsrin təqva və pəhrizkarlığına qayıtmaqdan ibarət olmuşdur. Hərçənd Sələfilərə tutulan iradlar Sənusiyyəyə də şamil olunur. Lakin sufilərin sima, musiqi ilə vəcd və zikr, rəqs kimi qayda-qanunları Sənusiyyə firqəsində nəzərə çarpmır.
SUALLAR VƏ TAPŞIRIQLAR
1. Əhli həqqin əqidə əsaslarını izah edin.
2. Məlamətiyyə kimə deyilir?
3. Əhli fütuvvət kimlərə verilən addır?
4. Qələndərlər kimlər olmuşlar?
5. Şazəliyyə və Ticaniyyənin əqidələrini bəyan edin.
6. Müridiyyə və Nurbəxşiyyə kimlər tərəfindən tə᾿sis olunmuşdur?
7. Sənusiyyə kimin tərəfindən tə᾿sis edilmiş və kimlərin əqidə və e᾿tiqadlarının tə᾿siri altında olmuşdur?
İslam məzhəbləri ilə tanışlıq kitabı.

 

 


more post like this