Müəmmər ibn Şəmsin “Bürş” adlı bir kəndi var idi ki, onu seyyid və ələvilərə vəqf etmişdi. Onun orada İbn Xətib adlı şiə olan təqvalı vəkil və naibi, bir də Osman adlı təəssübkeş sünni qulluqçusu var idi. Bu iki nəfər Müəmmər ibn Şəms tərəfindən kəndin işləri ilə əlaqədar onlara tapşırılan vəzifələri yerinə yetirirdilər. Amma daim bu iki nəfərin arasında məzhəb məsələləri ilə bağlı çəkişmələr müşahidə olunurdı.

 

Bir gün onlar yenə camaat arasında bir məsələ ətrafında mübahisə edirlər. İbn Xətib Osmana deyir: İndi ki, həqiqət mə`lum oldu və bu həqiqəti qəbul etmək istəmirsənsə, gəl belə bir iş görək, mən öz əlimə Həzrət Əlinin (ə), oğulları Həsən (ə) və Hüseynin (ə) və zövcəsi həzrət Zəhranın (ə) adlarını yazacağam, sən də öz əlinə Əbu Bəkrin, Ömərin və Osmanın adlarını yaz. Sonra camaat əllərimizi biri-birinə bağlayıb alovun içinə tutsunlar. Kimin əli yansa, haqsız, kiminki yanmasa, haqlıdır.

 

Osman isə buna razı olmur. Camaat da Osmana gülərək onu masqara edirlər. Pəncərədən baş verənləri izləyən Osmanın anası bərk narahat olur və bacardığı qədər oradakı şiələri söyməyə, lə`nətləməyə və acı sözlər deməyə başlayır. O, bərk hiddətlənərək, elə hey onlara nalayiq sözlər deyirdi ki, birdən gözlərindən bərk ağrı tutur və hər ikisi kor olur. Onu müalicə üçün Hilləyə aparırlar. Həkimlər əllərindən gələni etsələr də, heç bir faydası olmur və daha kimsə onun gözlərinin açılacağına ümid etmir.

 

Bir dəfə neçə nəfər şiə qadın onu yoluxmağa gedir və ona deyirlər: Sən şiələrə hörmətsizlik etdiyin üçün İmam Zaman (ə)-ın qəzəbinə gəlmisən. Bil ki, şiə olmayana qədər bu bəladan nicat tapmayacaqsan. Əgər şiə olsan, Allahın hökmən sənə şəfa verəcəyinə zaminik.

 

O, şiələrə hörmətsizlik etdiyindən bərk peşman olur və şiəliyi qəbul edir. Hillənin təqvalı və pak qadınları cümə axşamı onu “İmam Zaman (ə)-ın məqamı”na aparırlar və özləri onu bayırda gözləyirlər. Gecənin bir aləmində, birdən onun fəryad səsləri eşidilir və görürlər ki, o qadın ağlaya-ağlaya çölə çıxıb belə deyir: Sahibəzzəman (ə) mənə mərhəmət göstərdi, şəfa tapdım!

 

Artıq o, hər şeyi görürdü. Qadınlar sevincək, ondan İmam Zamanla (ə) necə görüşdüyünü soruşurlar. O, deyir: Siz məni “İmam Zaman (ə)-ın məqamı”na gətirdikdən sonra mən Həzrətdən imdad dilədim. Bir vaxt eşitdim ki, kimsə mənə deyir: Allah sənə şəfa verdi, qalx məqamdan çölə çıx və bu xoş xəbəri səni gözləyən qadınlara de. O an artıq hiss etdim ki, mən daha görürəm. Məqam nura qərq oldu və bir nəfərin qarşımda durduğunu gördüm. Ondan kim olduğunu soruşduqda, buyurdu: “Mən Sahibəzzəman Höccət ibn Həsənəm!” Yerimdən qalxıb ətəyindən yapışmaq istədikdə, bir göz qırpımında qeyb oldu.

 

Bu əhvalat Hillə şəhərində baş verir və sonralar dillər əzbərinə çevrilir. O qadının oğlu Osman da bu əhvalatdan sonra şiə olur.

 

İMAM ZAMANLA GÖRÜŞƏNLƏR – kitabında…

 

 

 


more post like this