Mərhum Mirzə Məhəmmədəli Gülüstani İsfahani əmisi seyyid Məhəmmədəlidən belə bir əhvalat nəql edir:

 

İsfahanda nalbənd Cə`fər adlı bir şəxs var idi ki, bə`zən İmam Zamanla (ə) görüşdüyünü və “təyyül-ərz” etdiyini iddia edirdi. Təbii olaraq o, camaatla az ünsiyyətdə olardı. Camaat da həqiqətdən bixəbər olduqları üçün onun söylədiklərini əfsanə hesab edirdilər.

 

Bir dəfə İsfahandakı “Təxti-fulad”a (qəbiristan) ziyarətə gedirdim. Yolda Cə`fərin mənə tərəf gəldiyini gördüm. Mən ona yaxınlaşıb dedim: İstəyirsənsə, birgə gedək. Dedi: Nə olar, gedək.

 

Yol gedərkən ondan soruşdum: Camaat sizin barənizdə bə`zi şeylər danışır. Onlar düzmi deyirlər? Yə`ni, sən doğurdanmı İmam Zamanla (ə) görüşmüsən? Əvvəl sualıma cavab vermək istəmədi və buna görə də dedi: Keçək bunların üstündən və başqa məsələlər barədə danışaq. Amma mən israrla ondan sualıma cavab verməsini istədim. Dedi: İyirmi beş dəfə Kərbəlaya ziyarətə getmişəm. İyirmi beşinci səfərimdə yəzdli bir şəxs mənimlə yol-yoldaşı oldu. Bir neçə kilometr getdikdən sonra o xəstələndi və get-gedə xəstəliyi güclənməyə başladı. Nəhayət, elə bir yerə gəlib çatdıq ki, yol təhlükəli olduğundan karvan iki gün orada qalmalı oldu. Həmin müddətdə yolda olan başqa bir karvan gəlib bizə çatdı və hər iki karvan birləşərək birgə yola düşdü. Xəstənin vəziyyəti isə daha da ağırlaşırdı. Karvan hərəkət etmək istədikdə, gördüm ki, onu heç cür yerindən tərpətmək olmaz. Bunun üçün də onun yanına gedib dedim: Mən gedirəm, sənin sağalmağın üçün dua edəcəyəm. Vidalaşmaq istədikdə, onu ağlamaq tutdu. Mən çox mütəəssir oldum. Çünki, Ərəfə günü yaxınlaşırdı və iyirmi beş il idi ki, Ərəfə gününü Kərbəlada keçirirdim. Amma yoldaşımın belə bir ağır vəziyyətdə olması məni çox sarsıtdı. Axı, onu necə tək qoyub gedə bilərdim. Nə edəcəyimi bilmirdim. O, ağlaya-ağlaya mənə dedi: Qardaşım, bir saatdan sonra mən öləcəyəm. Xahiş edirəm, bu bir saatı da gözlə. Mən öldükdən sonra ulağım, xurcunumda olan bütün əşyalarım qoy sənin olsun. Amma xahiş edirəm, cənazəmi Kərbəlaya aparıb orada dəfn et. Ona ürəyim yandı və onun yanında qalmalı oldum. Bir saatdan sonra o, dünyasını dəyişdi. Karvan da məni gözləməyib yoluna davam etdi. Mən də onun cənazəsini uzunqulağa qoyub Kərbəlaya tərəf hərəkət etdim. Amma karvandan nə bir əsər var idi, nə də bir əlamət. Ondan qalan yalnız qatı toz idi. Bir sözlə mən onlara çata bilmədim. Təqribən, altı kilometr yol getdikdən sonra həm təklik məni qorxuya salırdı, həm də cənazə. Bir az yol getdikdən sonra dayandım. Cənazə heç cür uzunqulağın belində qərar tutmurdu. O gah bu tərəfə sürüşürdü, gah da o tərəfə. Axır gördüm ki, heç cür onu apara bilməyəcəm. Çox mə`yus oldum. Çarəsiz qalıb yerimdən şəhidlər ağası İmam Hüseynə (ə) salam verdim və ağlaya-ağlaya dedim: Ağa! Mən sizin bu ziyarətçinizlə nə edim? Əgər onu bu səhrada qoyub getsəm, üzərimə ağır məs`uliyyət düşəcək. Özümlə aparmaq istəsəm də, görürsən ki, bunu bacarmıram. Nə edim, çarəsiz qalmışam.

 

Bir də gördüm ki, dörd nəfər süvari mənə tərəf gəlir. Onlardan biri alicənab nəzərə çarpırdı. O mənə yaxınlaşıb dedi: Cə`fər, bizim ziyarətçimizlə nə edirsən? Dedim: Axı, nə edim? Çarəsiz qalmışam, nə edəcəyimi bilmirəm. Bunu demişdim ki, o üç nəfər atdan düşüb mənə yaxınlaşdı. Əlində nizə tutan o üç nəfərdən biri əlindəki nizəni yerə vurdu və oradan su çıxdı. Cənazəyə elə oradaca qüsl verdilər. Sonra o qabaqda durdu və o biriləri də arxasında durub cənazəyə meyyit namazı qıldılar. Namazı qılıb qurtardıqdan sonra birlikdə onu uzunqulağa möhkəm bağlayıb bir göz qırpımında gözdən itdilər.

 

Mən yoluma davam etməyə başladım. Bir az getdikdən sonra gördüm ki, məndən əvvəl hərəkət edən karvana çatıram. Onları ötüb keçdim və bir azdan ondan əvvəl yola düşən başqa bir karvan gördüm. Çox keçmədən mən onları da ötüb keçdim və bir neçə dəqiqədən sonra Kərbəla yaxınlığındakı ağ körpüyə çatdım və şəhərə daxil oldum. Kərbəlaya bu qədər tez çatmağım üçün heyrət içində idim. Nəhayət, onu aparıb Kərbəlanın “Vadiyul-əymən” qəbiristanlığında dəfn etdim. Mənim yol-yoldaşlarım iyirmi gündən sonra gəlib Kərbəlaya çatdılar. Onlar məndən nə vaxt və necə gəldiyimi soruşdular. Mən də onlara yolda başıma gələnləri danışdım və onlar da bu hadisədən heyrətə gəldilər.

 

Beləliklə, Ərəfə günü gəlib çatdı və mən İmam Hüseyn (ə)-ın ziyarətgahına gedtim. Amma oradakıların bə`zilərini heyvan surətlərində görüb qorxu içində evə qayıtdım. Həmin gün yenə evdən bayıra çıxdıqda, yenə də insanları müxtəlif heyvan surətlərində gördüm. Qəribə burasındadır ki, həmin səfərdən bir neçə il sonra da Kərbəlaya Ərəfə günü gələndə, yenə bə`zilərini müxtəlif heyvan surətlərində görürdüm. Amma başqa günlərdə isə bu hal məndə olmurdu. Bundan sonra belə qərara gəldim ki, Ərəfə günündə Kərbəlaya gəlməyim. Amma mən bu sözləri İsfahan camaatına danışdığım zaman onlar buna inanmır, qulaq ardına vururdular. Daha, qəti qərara gəldim ki, bu barədə kimsə ilə danışmayım. Bir müddət belə də etdim.

 

 

 

 

 

Mərhum Əllamə Məclisi (eləcə də mərhum Şeyx Abbas Qumi) atasından “Yəmani hirzi” duasının arxasınca belə bir əhvalat nəql edir:

 

Bu “hirz”i Əmir İshaq Əstərabadi Allahın yer üzündəki xəlifə və canişini İmam Zaman (ə)-a istinadən nəql edir ki, onun yazılma əhvalatı belədir:

 

Seyyid İshaq Əstərabadi deyir ki, bir dəfə Məkkə yolunda karvandan geri qaldım. Yorğunluq bir tərəfdən, sıxıntı və susuzluq da digər tərəfdən məni sağ qalacağıma ümid yeri qoymadı. Bunun üçün də qibləyə tərəf uzanıb kəlməyi-şəhadətimi oxumağa başladım. Bir də gördüm ki, ağam və sərvərim, Allahın yer üzündə bütün insanlar üçün tə`yin etdiyi xəlifə və canişini Sahibəzzəman (ə) başımın üzərində dayanıb mənə deyir: Ey İshaq! Qalx ayağa. Mən ayağa qalxdım, amma çox susuz idim. İmam Zaman (ə) mənə su verib sirab etdi və sonra öz atına mindirib birlikdə yola düşdük. Mən yolda Yəmani duasını oxumağa başladım və səhv etdiyim yerlərdə İmam Zaman (ə) səhvlərimə düzəliş verirdi.

 

Bir də gördüm ki, Məkkənin Əbtəh adlanan məntəqəsindəyəm. İmam Zaman (ə) məni atından düşürüb bir göz qırpımında görünməz oldu. Karvanım isə Məkkəyə düz, doqquz gündən sonra çatdı. Məkkə camaatı arasında mənim oraya təyyül-ərzlə gəldiyim yayıldığı üçün özümü onlardan gizlətməyə çalışırdım.

 

Mərhum Məclisi yazır: Həmin seyyid dörd dəfə həcc ziyarətinə getmişdir. Kərbəladan Məşhədə İmam Rza (ə)-ın ziyarətinə getdiyi zaman onunla görüşə nail oldum və onda bir çox kəramətlər gördüm. Həmin kəramətlərdən biri də onun İsfahanda yuxuda əcəlinin yaxınlaşdığını və tezliklə dünyasını dəyişəcəyini görməsi idi. Həmin ərəfədə o mənə dedi: Əlli ildir Kərbəlanın yaxınlığında məskən salmışam ki, orada dünyamı dəyişim.

 

Borcları haqda mənə danışdı ki, onlardan biri də həyat yoldaşının mehriyyəsi idi. O, istəyirdi ki, həmin məbləği Məşhəddə ona o qədər borcu olan şəxsdən alsın. Dostlardan bə`ziləri bundan xəbər tutub həmin məbləği ona verdilər. Sonra biz bir nəfər şəxsi də ona qoşaraq birlikdə Kərbəlaya yola saldıq.

 

Həmin şəxs sonralar nəql edirdi ki, yolda o özünü çox yaxşı hiss edirdi. Amma Kərbəlaya çatıb borcunu verdikdən sonar xəstələnib dünyasını dəyişdi. Allah ona rəhmət etsin.

 

İMAM ZAMANLA GÖRÜŞƏNLƏR – kitabında…

 

 

 

 


more post like this