Ayətullah seyyid Təyyib Cəzayiri[15] deyir: Təhsillə əlaqədar İraqda yaşadığım illərdə, Kərbəlada olarkən (1364 h.q.) Hindistandan olan Əbu Sahib adlı e`tibarlı bir dostum mənə belə bir əhvalat danışdı:

 

Dostlarımdan biri İmam Hüseyni (ə) ziyarət etmək üçün Hindistandan Kərbəlaya gəlmişdi. Gecə-gündüz hərəmdə dua edirdi ki, İmam Zamanla görüşsün. O, əmin idi ki, İmam Zaman həmişə cəddi İmam Hüseynin ziyarətinə gəlir. Bu fikirlərlə öz arzusunu orada olan tələbələrdən bə`zisinə bildirir və soruşur ki, mən İmam Zamanla görüşə bilərəmmi? Bu arzuya çatmağın yolu nədir? Tələbələrdən biri ona deyir: Əgər sən qırx gecə cümə axşamları hərəmdə ibadət və riyazətlə məşğul olsan, Allah qoysa öz istəyinə çatarsan. Çünki Allah-təala İmam Hüseynə şəhadətinin müqabilində üç şey lütf etmişdir:

 

  1. Onun qübbəsi altında edilən dua müstəcab olar.

 

  1. Onun türbətinə şəfa bəxş etmiş.

 

  1. İmamət məqamı (qiyamətə qədər) onun nəslinə mənsubdur.[16]

 

Bu sözləri eşidən sonra o, qırx gecə cümə axşamları İmam Zamanı görmək ümidi ilə İmam Hüseynin hərəmində qalır. O, bütün gecəni rüku və səcdə halında ağlayıb-sızlamaqla ibadətə məşğul olur. Nəhayət, qırx gecə başa çatır, amma o öz hacətinə çatmır.

 

Səhər açılanda o, narahat və qəmli halda hərəmdən çölə çıxır. Hərəmin həyətində dayanıb gözlərindən yaş axıda-axıda, başqasının diqqətini cəlb etməyəcək şəkildə öz-özü ilə danışmağa başlayır: “Mənə qırx gecə hərəmdə qalmağı təklif edən adam məni boş və bihudə bir işə vadar etdi. Ey kaş, o adam indi burada olardı, mənim bu halımı görərdi ki, vaxtım, malım necə zay olmuşdur! İndi mən öz ölkəmə necə qayıdacağam, nə pulum var, nə də halım.”

 

O, bu sözləri zümzümə etdiyi halda yaxınlığında durmuş, əyninə iraqlılara məxsus libas geymiş, başını şal (ərəblərin başlarına saldıqları örtük) ilə örtmüş bir ərəb, sanki bu sözləri eşidib başa düşürmüş kimi, yaxına gəlib fəsih hind dilində ona dedi: Nə olub, filankəs? (onu öz adı ilə çağırır) Niyə belə qəmgin və pərişansan? O, tanımadığı ərəbin onu adı ilə çağırması və hind dilində danışmasından təəccüblənsə də, ona e`tina etmir. Fikirləşir ki, yəqin bu adam Kərbəla əhlidir, ola bilsin hindlilərlə çox oturub-durduğu üçün hind dilində yaxşı danışır. Buna görə də ona deyir:

 

–Mənim işimin sənə nə dəxli var?

 

–Haradan bilirsən ki, sənin işinin mənə dəxli yoxdur?

 

–Çünki sənin mənim müşkülümü həll etməyə gücün çatmaz.

 

–Sənin nə müşkülün var?

 

–Mən mövlam Sahibəzzamanı görmək arzusunda idim. Uzaq Hindistan ölkəsindən qalxıb bu qədər yolu ziyarət üçün gəlmişəm. Burada olan ruhanilərdən biri mənə dedi ki, əgər qırx gecə cümə axşamları imam Hüseynin (ə) qübbəsi altında dua etsən, duan müstəcab olar. Mən əhli-əyalımı buraxıb qırx həftədir ki, burada qalmışam. Nə pulum var idisə, xərclənib qurtarıb.

 

–Əhəmiyyət vermə və özün də nigaran olma. Sənin yol xərcin düzələcək və vətəninə də qayıdacaqsan.

 

–Yol xərcinin düzəlməyinin, ya vətənə dönməyimin faydası nə olacaq? Nəticəsiz, əliboş geri dönməyin nə xeyri ki, məqsədimə çatmamışam. Mən bu qədər vaxtı burada ona görə qalmamışam ki, Allahdan pul, mal istəyim. Mən qırx gecəni ona görə oyaq qalmışdım ki, İmamı görüm. Mənim imamı görməkdən başqa heç bir niyyətim olmayıb. Sizcə bu mümkün olmayan bir arzudur?

 

O, deyir: Sözlərim bu yerə çatanda həmin ərəbin üzündə təbəssüm aşkar oldu. Gülümsündüyü halda mənə dedi: İndi də öz imamının üzünü görə bilmədin? Dedim: Yox. Dedi: Artıq bundan yaxşı necə görə bilərsən? (Yə`ni sənin qarşında dayanmış şəxsi bundan yaxşı necə görmək olar? Sən hal-hazırda onun üzünə baxıb söhbət edirsən.) Bunu dediyi halda birdən qeyb oldu. Mən heyrət içində donub qaldım. Sağıma, soluma baxdım, kimsəni görmədim. Haçandan-haçana özümə gəldim. O, mənim dilimdə danışır, halımı bilirmiş, amma mən isə onu tanımamışam, onunla ədəbsiz danışmışam. Birdən məni ağlamaq tutdu. Görüşün bu qədər az olmasına təəssüf etdim. Onunla dikbaşlıqla danışmağıma bərk peşman oldum. Bir az keçmiş bir nəfər gəlib mənə pul verdi. Bu pul mənim yol xərclərimi yetərincə ödəyirdi. Allah-təala mənim bu haldan çıxarıb gözəl bir əhval-ruhiyyə ilə əvəz etdi.[17]

 

İMAM ZAMANLA GÖRÜŞƏNLƏR – kitabında…

 

 

 


more post like this