Qurani-kərimdə və dini rəhbərlərin buyuruqlarında bəzən Allah haqqında elə təbirlə rastlaşırıq ki, bu təbirlər insanın zehnində Allahın cisim olması təsəvvürünü yaradır. Məsələn, “Allah sizin işlərinizi görür” və s. hansı ki, Allah-təalanın cismə aid xüsusiyyətlərdən uzaq olduğuna əminik. Demək, uyğun təbirlərə münasibətdə diqqətli olmalı, onların məcazi mənalarını dəqiqləşdirmək lazımdır. İslam tarixində “mücəssəmə adlandırılmış firqələr haqqında məlumatlar vardır. Bu firqələrin adından göründüyü kimi, onlar Allahın cisim olduğunu iddia etmişlər. Belə bir əqidənin yaranmasının əsas səbəbi yuxarıda misal çəkdiyimiz ayə və rəvayətlərin düzgün dərk olunmamasıdır.
Hansı ki, Allah-təalanın cisim olmadığını açıq-aşkar bildirən ayə və rəvayətlər kifayət qədərdir. Bu ayə və rəvayətlərdə Allahın cisim olmadığı, onun müqəddəs zatının oxşarsızlığı bildirilir. Aydın olur ki, Allahın görüb-eşitməsini bəyan edən ayələrdə gözlə görmək, qulaqla eşitmək nəzərdə tutulmur. Müqəddəs buyuruqlarda “görmək, eşitmək” ifadələri məcazi məna daşıyır.
Qeyd edilməlidir ki, nitqimizdə işlətdiyimiz kəlmələr gündəlik ehtiyaclarımızın aradan qaldırılması üçün nəzərdə tutulmuşdur. Biz Allah, Onun sifətləri, axirət haqqında danışarkən gündəlik işlətdiyimiz sözlərdən istifadə etməyə məcburuq. Nitqimizdəki sözlər maddi mahiyyət daşısa da, biz həmin bu sözlərlə qeyri-maddi həqiqətlər haqqındakı düşüncələrimizi bəyan edirik. Məsələn, Allah-təalanın bütün danışılan sözlərdən xəbərdar olduğunu bildirmək üçün “Allah hər şeyi eşidir” deyirik. Hansı ki, bu “eşitmə “qulaqla eşitmə deyil. Allaha aid edilən “görmə də “eşitmə kimi məcazi məna daşıyır.
Beləcə, əgər deyilirsə ki, Allah gözəldir, söhbət maddi gözəllikdən getmir. “Allah gözəldir” deyərkən Onun həqiqi kamilliyi nəzərdə tutulur. Çünki Allah-təala ağlımıza gələn və gəlməyən bütün kamilliklərin sahibi olan bir varlıqdır. Belə bir vücudun insanlar tərəfindən gözəl adlandırılması təbiidir. “Allahla görüş” dedikdə isə bizim dünya həyatımızdakı görüş yox, Allahın qüdrətinin, ədalətinin müşahidəsi nəzərdə tutulur. Allahın vücudunun nişanələri və sifətlərinin təzahürləri ilə görüş Onun özü ilə görüş sayılır. Əmirəl-möminin (ə) buyurur: “Nə gördümsə, gördüyümdən qabaq, gördüyümdən sonra, gördüyümlə eyni vaxtda Allahı da gördüm.” Həzrət (ə) nəzərdə tutur ki, bütün mövcudları müşahidə edərkən Allahın elm və qüdrətini görmək olar.


more post like this