Uyğun suallara allahşünaslıq bəhslərində yetərincə cavab verilmişdir. Keçmiş, bu gün, gələcək kimi məfhumlar məhdud düşüncəli və məhdud varlıqlı insana aiddir. İnsanın vücudu zaman və məkan baxımından məhduddur. Əgər insan vardırsa, bu varlığın konkret zamanı və məkanı vardır. İnsanın məkanca məhdud olması onun üçün “yaxın, uzaq”, zamanca məhdud olması isə “keçmiş, bu gün, gələcək” kimi məfhumlar yaradır. Əgər vücudumuz bütün varlıq aləmini tutmuş olsaydı, bizim üçün “yaxın, uzaq” məfhumlarının əhəmiyyəti olardımı?!
İnsanın zamanca məhdud oması “keçmiş, bu gün, gələcək” kimi məfhumlar ortaya çıxarır. “İndi” dedikdə yaşadığımız anı nəzərdə tuturuq. “Keçmiş” “indidən” əvvəlki, “gələcək” isə “indidən” sonrakı ömür dönəmimizdir. Demək, hər üç məfhum üçün miqyas insanın özüdür.
Məsələn, bizim üçün keçmiş sayılan bir dövr, keçmişdə yaşamış insanlar üçün bu gün sayılmışdır. Eləcə də, keçmişdəki insanların gələcək saydığı dövr bizim üçün bu gündür.
Bəli, zaman və məkanca qeyri-məhdud bir varlıq üçün bu məfhumların mənası yoxdur. Onun üçün keçmiş də, bu gün də, gələcək də eynidir. O hər dövrü görür və hər andan xəbərdardır.
Məsələn, yol kənarındakı otağın divarındakı dəlikdən yola baxan insan yoldan ötən karvandakı dəvələri bir-bir görə bilir. Onun baxış borusu məhdud olduğundan düşüncəsində keçmiş, indi, gələcək məfhumları yarır. Bu adam üçün gördüyü dəvədən əvvəlki dəvə “keçmiş”, sonrakı dəvə isə “gələcəkdir”. Amma otaqdan bayırda durub, karvanı müşahidə edən adam üçün bütün dəvələr eyni zamanda hərəkət edir.
Başqa sözlə, zaman və məkandan ucada duran varlıq üçün bütün hadisələr əyanidir. Doğrudan da, gələcəkdə baş verəsi hadisələr hələ ki, baş verməmişdir. “İndi” dedikdə yaşadığımız an nəzərdə tutulur. Amma bu o demək deyil ki, gələcək öz sferasında da mövcud deyil. Əksinə, hər bir varlıq öz sferasında mövcuddur və onu varlıq aləmindən silib-atmaq olmaz. Sabahın hadisəsi bu günə aid olmasa da, onun varlığı inkar edilməməlidir




more post like this