Əgər Allah-təalanın təqdirləri ilə tanış olsaq, görəcəyik ki, varlıq aləmində real həyatdan kənar qəza-qədər adlı hərəkətverici bir qüvvə yoxdur. Allahın təqdirləri varlıq aləminə hakim olan qaydalar toplusundan ibarətdir. Bu qaydalar insanın xoşbəxtlik və bədbəxtlik yollarını qəti şəkildə müəyyənləşdirmişdir. Amma insan hər hansı bir yolu seçməkdə azaddır. Məsələni aydınlaşdırmaq üçün misallar göstərək:
1. Tənbəl, bir-birləri ilə didişən, təbii gücünü səmərəsiz işlərə sərf edən, zamanını və mühitini tanımayan, öz xeyrini düşünüb, başqalarını unudan millətlər haqqında Allahın təqdiri (qanunu, yazısı) budur ki, bu millətlər tez-gec bədbəxt olmalıdırlar. Amma zəhmətkeş məhrumları haqqında düşünən, sinfi fərqləri aradan qaldırmağa çalışan, insan şəxsiyyətini qiymətləndirən, varlıları yoxlullarının haqqını ödəyən millətlər haqqında isə Allahın təqdiri budur ki, bu millət daim rahatlıqda, tərəqqidə olsun. Normal düşüncəyə malik olan hansı insan bu iki təqdirin reallığını inkar edə bilər?!
Allah-təalanın bu təqdiri, bir növ yazısı dünyadakı bütün xalqlara aiddir. Millətlərin taleyində onların istəyindən başqa bir şey amil sayılmır. Biz insanlar isə öz səthi mühakimələrimizə əsaslanaraq, hansısa bir yolu seçir, bu yolun təbii zərərləri ilə qarşılaşdıqda qəza-qədəri günahlandırırıq. Hansı ki, qəza-qədər insana yox, insanın seçdiyi yola aid bir məsələdir.
2. Böyük imkanlarla, polad əsəblərlə, dərin düşüncə ilə həyata qədəm qoymuş gəncin qarşısında iki təqdir dayanır. Hər şey bu gəncin hansı təqdiri seçməsindən ibarətdir. Bu gənc öz maddi və mənəvi imkanlarını elm və bilik təhsilinə və ya ticarətə sərf etsə, xoşbəxt bir həyat sürəsidir. Amma bu sərmayələrdən sui-istifadə edib, öz imkanlarını şərabxorluğa, qumarbazlığa, cinayətə sərf etsə, özü öz əli ilə xoşbəxtliyinin üzərinə qara xətt çəkəsidir. Onun imkanları əlindən çıxası, sağlamlığı əldən gedəsi, düşüncəsi korşalasıdır. Bəli, hər iki təqdiri Allah müəyyənləşdirmişdir. Amma Allah bu təqdirlərin seçimində insanı azad qoymuşdur. Bir müddət azğın yolda olmuş insan öz taleyini dəyişib, doğru yola qayıda bilər. Bu yolla o öz taleyini də dəyişmiş olar. Allah insana çirkin yoldan qayıtmaq, etdiklərindən peşiman olmaq, xoşbəxtlik yolunda qədəm götürmək imkanı vermişdir.
3. Xəstələnmiş insan həkimə müraciət edib, müalicə olunduqda şəfa tapır. Təbii ki, bu insan həkimə müraciət etməsə, düzgün müalicə almasa, sağlamlığını itirəsi, yatağa buxovlanasıdır. Hər iki yolu Allah müəyyənləşdirmişdir. Seçim insanın əlindədir. Seçilmiş yolun aqibətini isə Allah müəyyənləşdirmişdir.
Siz varlıq aləmindəki ilahi sünnələrə, qaydalara nəzər salmaqla qəza-qədərin əsil mahiyyətini açıqlayan yüzlərlə nümunələr tapa bilərsiniz.


more post like this