Yaradılış aləmində sifətlər şəklində zahir olan çoxlu kamallar mövcuddur. Bunlar müsbət sifətlər olub zahir olduqları hər yerdə özlərini daha kamil edir və ona daha artıq varlıq dəyəri verirlər. İnsan kimi canlı bir varlığın daş kimi cansız bir əşya ilə müqayisə olunmasında qeyd olunanlar aydın olur.
Şübhəsiz bu kamalları Allah xəlq edərək varlıqlara əta etmişdir. Əgər Allahın Özü bu kamallara malik olmasaydı onu başqalarına verə və onları təkmilləşdirə bilməzdi. Buradan sağlam əqli mühakiməyə əsasən hökm edərək demək lazımdır ki, Allahın elmi, qüdrəti vardır; O, bütün real kamallara malikdir. Bundan əlavə elm və qüdrətin nişanələri və nəticədə həyat əsərləri bütün yaradılış aləmində zahir olur.
Lakin Allah-taalanın müqəddəs zatının qeyri-məhdud və sonsuz olduğuna nəzər yetirdikdə Allah üçün sifətlər şəklində isbat olunan bu kamalların Onun zatı ilə eyni olması, eləcə də bir-birləri ilə eyniyyət təşkil etməsi məlum olur. Zat ilə sifət, eləcə də sifətlərin öz aralarında olan fərqlər isə yalnız məfhum mərhələsindədir, həqiqətdə isə bölgüyə yer olmayan vahiddən başqa bir şey deyildir.
İslam bu yersiz səhvin (vəsf etməklə zatın məhdudlaşdırılması, yaxud ümumiyyətlə kamalın inkar edilməsinin) qarşısını almaq üçün öz ardıcıllarının əqidəsini inkar ilə isbat arasında saxlayır. O, öz ardıcıllarına etiqadlarının belə olmasını tövsiyə edir: Allahın elmi var, amma başqalarının elmi kimi deyil; qüdrəti var, amma başqalarının qüdrəti kimi deyil; eşidəndir, amma qulaqla yox; görəndir, amma gözlə yox. Başqa sifətlər də belədir.


more post like this