Biz şiələr inanırıq ki, elm, qüdrət, qəni olmaq, iradə (istək), həyat və s. Allahın sübuti, həqiqi sifətləri olub kamal və cəmal adlandırılır. Bütün bu sifətlər Onun Zatının eynidir və Zatına artırılan, ariz olan sifətlər deyil. Bu sifətlərin vücudu Zatının vücudundan başqa bir şey deyildir. Deməli, misal üçün, Onun qüdrəti vücud baxımından elə həyatıdır və həyatı da elə qüdrətidir. Yə”ni O, diri (Həyy) olduğu ilə eyni zamanda qadirdir və qadir olduğu halda həyydir. Onun sifətləri və sifətlərinin vücudunda ikilik məsələsi əsla yoxdur. Sair kamal sifətləri də eynilədir, lakin o sifətlər öz məna və məfhumlarında bir-birindən fərqlənir, həqiqət, gerçəklik və vücudlarında isə bir-birindən heç də fərqlənmir. Çünki, əgər o sifətlər vücudlarında bir-birindən fərqli olsalar (sifətlərin də Zat kimi və əzəli və vacibül-vücud olması fərz edilir), bu halda sifətlərin sayına uyğun olaraq vacibül-vücudun çoxluğu lazım gələr və Allahın Zatının həqiqi vəhdətinə xələl yetişər. Bu da tovhid əqidəsinə ziddir.
Sübuti izafi (nisbi) sifətlərə gəldikdə isə, (xaliqiyyət, raziqiyyət, bütün varlıqların səbəbi, ilkinlik və s. kimi) bu sifətlər də özünün həqiqi mənasında vahid həqiqi bir sifətə qayıdır, o da Allahın bütün varlıqlara nisbətən qəyyum olmasıdır. Bu qəyyumluq da vahid bir sifətdir ki, ondan əsər-əlamət, nəzərlər müxtəlifliyini şərt etməklə bir neçə sifət çıxır.
Cəlal sifətləri adlanan səlbi sifətlərə gəldikdə isə, hamısı vahid bir mövzunun səlbinə qayıdır: o da imkanın Ondan səlb edilməsidir. Allah mümkünül-vücud deyilsə, imkanın səlb olunmasının (yaxud imkanın səlbinin) mənası cismiyyətin, surətin, hərəkət və sukunətin, ağırlıq və yüngüllüyün və s. kimi (mümkünül-vücuda xas olan) sifətlərin, ümumiyyətlə hər bir nöqsanın, çatışmamazlığın səlb olunmasıdır. Digər tərəfdən, Allahın mümkünül-vücud olmaması həqiqətdə vacibül-vücud olmasıdır. Onun vacibül-vücud olması isə kamal sifətlərindəndir. İmkanın səlbi əsl həqiqətdə vücudun vacibliyinə qayıdır və vücudun vacibliyi də kamal sübuti sifətlərdəndir. Deməli, cəlal (səlb) sifətləri də axırda kəmaliyyə (sübuti) sifətlərinə qayıdır və Allah-Taala bütün çəhətlərdən vahiddir, Müqəddəs Zatında çoxluğa yol yoxdur. Həmçinin, Onun Səməd və Vahid həqiqətində heç bir mürəkkəblik (tərkib) yoxdur.
Onun sübuti sifətlərinin səlbi sifətlərə qayıtmasına etiqad bəsləyənlərin sözləri çox təəccüb doğurur. Çünki, “Onun sifətlərinin eynilə Zatı olması”nı dərk etmək, qavramaq bu şəxslərə çox çətin gəlir, nəticədə sübuti sifətlərin labüd olaraq səlbi sifətlərə qayıtmasını təsəvvür edirlər ki, Allahın Zatının vəhdətinə və çoxluğun Ona yol tapmamasına əmin olsunlar. Bununla da ən qəbahətli bir əmələ düçar olmuşlar. Çünki, vücudun eyni, xalis vücud olan, bütün imkan cəhətlərindən və hər bir nöqsandan pak və münəzzəh olan bir Zatı yoxluğun eyni, sırf səlb güman etmişlər. Allah bizi bu cür fikir inhirafından, qələm sapqınlığından amanda saxlasın!
Həmçinin, Allahın sübuti sifətlərinin Zatına artırıldığına, əlavə olduğuna inananların da sözləri təəccüb doğurur. Bu təriqət ardıcılları əzəli varlığın çoxluğuna, vacibül-vücud üçün şəriklərin varlığına etiqad bəsləyirlər, yaxud onun mürəkkəb olduğunu söyləyirlər, halbuki Allah-Taala bu kimi işlərdən uzaqdır.
Mövlamız Əmirəl-mö”minin Əliyyibni Əbitalib (əleyhis-salam) buyurur:
“Ona ixlasın kamal həddi sifətləri Ondan (Onun Zatına əlavə olmasını) nəfy etməkdir. Çünki bütün sifətlər (məsələn, elmin insanla münasibəti kimi) şəhadət verir ki, o sifət movsufdan (vəsf olunandan) ayrıdır və hər vəsflənən şəhadət verir ki, o, sifətdən qeyridir. Deməli hər kəs Allahı (Zatına əlavə olunan sifətlə) vəsf etsə, sifəti Onunla yanaşı bilmişdir; və hər kəs Ona bir şey qoşsa, Onu çox fərz edər; və hər kəs Onu çox fərz etsə, hissə-hissə (analiz) edər; və hər kəs Allahın Müqəddəs Zatını hissə-hissə etsə, Ona qarşı cəhalətdə olar.”


more post like this