Cavab: Sizin cavabınızda iki müqəddiməni qeyd etmək lazımdır:
Birinci müqəddimə:
Əqaid (islami kəlam – teologiya) alimləri Allah-taalanın hər bir cəhətdən yeganə olmasına dair çoxlu əqli dəlillər gətirilmişlər. Allahın yeganə olmasının mənası budur ki, müstəqil olan yalnız Odur və heç bir kəsə, heç bir şeyə ehtiyacı yoxdur. Hər bir şeyi O xəlq etmişdir, varlıqlara ruzi verir, hidayət edir, öldürür və s. Kəlam elmində bunlar Allahın xaliqqiyət (xəlq etmək), raziqiyyət (ruzi vermək), hidayət və s. işlərdəki tovhidi kimi bəyan olunur.
İkinci müqəddimə:
Yuxarıdakı sözün mənası bu deyildir ki, heç bir şəxsin və heç bir şeyin xaliqqiyyət, raziqiyyət, hidayət və bu kimi şeylərdə heç bir səbəbə ehtiyacı yoxdur; əksinə Allahın hikməti bunu tələb edir ki, xəlq etməyi, ruzi verməyi, hidayət etməyi, hətta Özünün işlərinin əksəriyyətini də səbəblər vasitəsi ilə icra mərhələsinə qoysun.
Misal üçün, Allah-taala xəstələrə birbaşa və heç bir vasitə olmadan şəfa verə, acıları doyuzdura, azğınları hidayət edə bilər, lakin Öz hikmətinin əsasında belə bəyənmişdir ki, hər bir iş üçün özünün xüsusi səbəbini qərar versin, hər bir işi həmin məcradan əncam versin. Deməli, acları Özünün yaratdığı çörəyin vasitəsi ilə doyuzdurur, xəstələrə Özünün yaratdığı dava-dərman, eləcə də Özünün xəlq və tərbiyə etdiyi təbibin vasitəsi ilə şəfa verir. Əlbəttə çörək, təbib, dava-dərman və bütün səbəb və vasitələr məhz Onun izni və iradəsi ilə təsir qoyur, özünün xüsusi nəticəsini göstərir. Dava-dərman, təbib, çörək, su və s. öz vücudlarını daim Allahdan alırlar və Onun istək və iradəsi ilə belə bir təsirlərə malikdirlər. Deməli, belə təsirlərin tövhid və Allahın yeganəli ilə heç bir ziddiyyəti yoxdur, onlar müxtəlif cəhətlərdə Allahın şərikləri deyildirlər, əksinə elə məxluqatdırlar ki, hər bir şeylərində, o cümlədən malik olduğu təsirlərdə Allaha ehtiyaclıdırlar. İndi yuxarıda qeyd olunan mətləblərə əsasən, sizin cavabınızı veririk:
Allah-taala yeganədir və hər vaxt Öz işindən xəbər vermək istədikdə tək halda olan kəlmə və əvəzlikdən istifadə etməlidir. Buna görə də Quranda dəfələrlə Özündən belə təbir etmişdir. Amma ərəb dilində və bəzən qeyri-ərəb dillərində danışan şəxs müxtəlif səbəblər üzündən bəzi hallarda mən bu işi gördüm demək əvəzinə biz bu işi gördük deyə təbir edir. Aşağıda həmin dəlillərdən bəzilərini qeyd edirik:
1. Qurani-Kərim insanlar arasında ən yaxşı ünsiyyət vasitəsi olan danışıq dilini seçmişdir. Camaat da öz danışıq dillərində bəzən filan kəs comərd kişidir (adamdır) deyirlər, halbuki ümumiyyətlə mümkündür ki, o, kişi deyil, qadın olsun. Qurani-Kərimdə də əntumul-fuqərau iləllah – siz kişilər Allaha ehtiyaclısınız – deyə kişi cinsindən olan əvəzlik gətirilir, halbuki xitab ümumidir: həm qadına, həm də kişilərə şamildir. Hər bir ağıllı insan başa düşür ki, siz dedikdə təkcə kişilər yox, bütün insanlar nəzərdə tutulur. Tək və cəm əvəzliyi hallarında da dəfələrlə fərdlər tək əvəzlik əvəzinə cəm əvəzlikdən istifadə edirlər. Misal üçün, biz gəldik, amma siz burda deyildiniz deyilir ki, həm biz, həm də siz cəm şəkildə gətirildiyi halda deyənin və eşidənin məqsədi tək halda olan şəxsdir. Amma təzim, ehtiram etmək, şəxsiyyətlə yad etmək üçün cəm əvəzliyindən istifadə olunur. Allah-taala barəsində də bəzən şərəfləndirmək və onu təzim etmək məqamında nəhnu – Biz əvəzliyindən istifadə olunur.
Hər bir halda danışan şəxs özünün əzəmətini dinləyiciyə xatırlatmaq üçün mən kəlməsinin əvəzinə əzəmət və böyüklüyə dəlalət edən biz kəlməsindən istifadə edir.
Qurandan misal: Fəth surəsinin 5-ci ayəsində deyilir: Həqiqətən Biz sənin üçün aşkar bir fəth verdik. Bəzi təfsirçilər demişlər ki, burada Allah-taala Özünün əzəmətinə işarə etmək üçün Biz Məkkə şəhərini fəth etdik – deyə buyurmuşdur.
Amma bu ayədə nə üçün biz kəlməsindən istifadə olunmasına gəldikdə isə, səbəbi budur ki, əzəmətə işarə edilən biz kəlməsi fəth etmək kəlməsi ilə daha münasibdir. Bu incə məsələ Biz səni şahid olaraq göndərdik ayəsində də qüvvədədir.
2. Bəzən də danışan şəxs əncam verdiyi işin əzəmətini göstərmək üçün mən bu işi gördüm demək əvəzinə biz bu işi gördük deyir. Quranda bunun misalı: Həqiqətən Biz onu (Quranı) Qədr gecəsində nazil etdik və ya Həqiqətən Biz sənə Kövsər əta etdik. Bunlar da Quranın və Kövsərin əzəmətinə dəlalət edir.
3. Bəzən Allah-tala hər hansı bir işin əncam verilməsi üçün istifadə etdiyi səbəbləri bizə anlatmaq üçün Biz kəlməsindən istifadə eərək Biz əncam verdik – deyə buyurur. Əl-mizan kitabında Rəd surəsinin 4-cü ayəsində təfsirində belə oxuyuruq:
Biz bəzilərini digərlərindən üstün etdik – ayəsindəki Biz təbiri buna işarədir ki, bu məsələdə Allah-taaladan başqa Onun əmri ilə əməl edən sair ilahi səbəblər də işlədilmişdir və hər şeyin axırı Allah-taalaya çatır.
Həmçinin Təfsiri-nümunədə Yunis surəsinin 61-ci ayəsinin izahında belə deyilir:
Allah-taalanın pak-pakizə, hər bir cəhətdən yeganə və misilsiz olduğunu nəzərə almaqla Onun barəsində cəm əvəzliyindən istifadə edilməsi Onun məqamının əzəmətinə işarədir. Həm də bunu çatdırır ki, ilahi məmurlar həmişə Onun əmri və fərmanı qarşısında mütidirlər, əmrinə itaətdə hazırdır. Həqiqətdə söz təkcə Ondan deyil, O və Onun ixtiyarında, Ona müti olan şəxslərdən gedir.
Qeyd
Bir ayədə hər üç hikmətin bir yerə toplanması, yəni cəm surətdə gələrək həm failin əzəmətini, həm işin əzəmət və böyüklüyünü, həm də səbəblərə diqqət yetirmiş olması mümkündür. Misal üçün, Həqiqətən, Biz onu Qədr gecəsində nazil etdik ayəsində qeyd etdiyimiz hikmətlərin hər üçü bir yerə toplanmışdır.

NUR-AZ.COM


more post like this