Bu mövzu iki şəkildə aydınlaşdırıla bilər. Həmin iki bəyandan biri elmi, digəri isə fəlsəfidir. Hər iki məsələ haqqında danışmağa çalışacağıq.
1. Oxuduğunuz kitabı çox diqqətlə nəzərdən keçirsəniz, onun bir və ya iki nəfər tərəfindən yazıldığını hiss edə bilərsiniz. Bir müəllif tərəfindən yazılmış kitabda xüsusi bir həmahənglik mövcud olur. İfadə və cümlələrdəki ardıcıllıq, uyğunluq, ifadə tərzi. İşarələr, mövzuya yanaşma üsulu kitabın neçə nəfər tərəfindən yazıldığını aydın göstərir. Bəs bunun səbəbi nədir?
Kitabda həmahənglik varsa, demək, o bir düşüncənin və bir qələmin məhsuludur. İki nəfər tərəfindən yazılmış kitabda isə həmin uyğunluqla rastlaşmaq mümkünsüzdür. İki müəllif nə qədər həmfikir olsa da, onlar arasında ziddiyyətlər mövcuddur. Kitabın həcmi böyüdükcə müəlliflər arasındakı fərqlər də özünü daha çox büruzə verəsidir. Varlıq aləmi özü də böyük bir kitabdır. Hətta heç bir insan bu kitabı vərəqləyib qurtarmaq gücündə deyil. Əgər bu kitabı vərəqləməyə qüdrətimiz yoxdursa, onu oxumaq barədə danışmağa da dəyməz. Bununla belə, onun hər bir səhifəsində, hər bir sətrində vahid bir nizam hökm sürür. Varlıq aləmində mövcud olan obyektiv nizamı heç bir elm əhli inkar etmir.
Varlıq aləminin bütün elementləri arasındakı mütləq nizamı istisnasız olaraq dünyanın bütün astronomları, fizikləri, kimiyaçıları, zooloqları, bioloqları, təbiətşünasları yekdil şəkildə təsdiq edərək deyirlər: “Dünyada vahid bir nizam hakimdir və bizim günəş sisteminə hakim olan qanunlar eynilə atomun daxilində də fəaliyyət göstərir.”
Varlıq aləmində fəaliyyət göstərən qanunlar o qədər ümumi və küllidir ki, dünyanın kiçik bir məntəqəsində kiçik bir sınaqla bütün varlıq aləminə hakim olan qanunu kəşf etmək olar. Məsələn, bütün varlıq aləminə hakim olan qanunlardan biri cazibə qüvvəsidir. Heç bir varlıq bu qanunun təsir dairəsindən kənarda deyil. Digər külli bir qanun genetikaya aiddir. Bütün canlı aləm yalnız öz oxşarını törədir. Bu oxşarlığa əsaslanaraq, bitkilər və heyvanlar müxtəlif növlərə bölünmüşlər.
Bir sözlə, ağıl və düşüncə sahibi olan istənilən bir şəxsə müraciət etsək, bu həqiqətləri təvazökarlıqla etiraf edər və bütün varlıq aləminə vahid bir nizamın hakim olduğunu bildirər.
Əgər varlıq aləminə bir yox, iki rəy və iki fikir hakim olsaydı, vəziyyət bu günkü kimi olmazdı. İki rəy nəticəsində, şübhəsiz ki, varlıq aləmində fəsadlar yaranardı. Hişam ibn Həkəm İmam Sadiqdən (ə) soruşdu: “Allahın birliyinin dəlili nədir?” İmam (ə) onun cavabında buyurdu: “Varlıq aləminin bağlılığı və davamı, yaranışdakı tamlıq Allahın birliyinin dəlilidir. Axı Allah-təala özü də buyurmuşdur ki, əgər yer üzündə və səmada Allahdan başqa bir yaradan olsaydı, onların nizamı pozulardı.”
2. İndi isə uyğun suala fəsəfi bəyanla cavab verməyə çalışaq. Bu yanaşma ilə Qurani-kərimin də bəzi ayələrində rastlaşırıq. Qurani-kərimdə bildirilir ki, əgər yerdə və göydə iki yaradıcı olsaydı, onlar ya oxşar, ya da fərqli olmalı idilər. Hətta onlar oxşar olmuş olsaydılar da, hökmən aralarında fərqlər də tapılmalı iid. İki varlığın bir-birinə eynən oxşar olması real deyil. Hətta zahirən bir-birindən fərqlənməyən əkizlər arasında da fərqli cəhətlər vardır.
Belə bir ehtimalın nəticəsi “tərkibdir”. Tərkib çoxluq səbəbidir. Fəlsəfi dəlillərlə sübut olunmuşdur ki, Allah bəsit olmalıdır. Tərkib çoxluq səbəbidirsə, bəsitlik yaradıcının ikilik ehtimalını aradan qaldırır.
Demək, yaradıcının iki olduğunu güman edərkən onların tamamilə fərqli olduğunu qəbul etməliyik. Şübhəsiz ki, iki fərqli mövcudun işləri də fərqli olmalıdır. Çünki heç bir cəhətdən müştərəkliyi olmayan iki varlığın əməl və işdə müştərək olduğunu düşünmək məntiqi deyil. Varlıq aləminə bir-birinə oxşar olmayan iki yaradıcı hakimlik etmiş olsaydı, onlar arasındakı fərq yerdə və göylərdə nizamın itməsi ilə müşayiət olunardı. Hansı ki, biz varlıq aləmində bunun əksini müşahidə edirik. İstənilən bir canlıya nəzər salsaq, bütün varlıq aləmindəki qanunların bu canlının həyatının davamı üçün uyğun olduğuna şübhəmiz qalmaz. Belə bir uyğunluq varlıq aləminə iki hakimin nəzarət etməsi ehtimalını sıfıra endirir. Bu sayaq dəlillərə “Mominun” surəsinin 91-ci ayəsində də işarə olunmuşdur.
Bəli, həm elmi, həm də fəlsəfi dəlillər sübut edir ki, varlıq aləminə başdan-başa bir iradə, bir pak zat hakimlik edir.


more post like this