Sualda Allahın elmi haqqında qeyd olunanlar məntiqi və gerçəkdir. Yəni, doğrudan da, Allah hər şeyi əvvəlcədən bilir. Amma Onun hər şeyi öncədən bilməsi o demək deyil ki, bəşəriyyət həmin işləri görməyə məcburdur. Belə bir düşüncə tərzi kökündən yanlışdır. Bu məsələni aydınlaşdırmaq üçün iki incə məsələyə diqqət yetirmək lazım gəlir:
1. Bəşəriyyətin seçim qabiliyyəti bütün müdrik insanlar tərəfindən qəbul olunmuş bir həqiqətdir; insanın məcbur, iradəsiz olduğunu iddia edən məzhəb başçıları da onu “azad görünən məcbur” hesab edirlər. Onlar da insanın iradə məsələsinə ehtiramla yanaşır. İnsanın bir qisim işlərdə azad olduğuna inanırlar. Ona görə də bir şəxsdən küframiz sözlər eşitdikdə, övlad itaətsizlik göstərdikdə “Allah bunu bilir” deyib oturmur, cızığından çıxmış şəxsi cəzalandırırlar.
Qəbul etməliyik ki, əli qana batmış insan və ya badəni badə dalınca başına çəkən şərabxor gördüyü işlərdə azaddır, onun iradəsi fəaliyyətdədir. Vicdanı oyaq olan heç bir insan deməz ki, qatil və şərabxor günahsızdır, onlar bu işləri görməyə məcbur olmuşlar. Məgər cinayəti ürəyin döyünməsi ilə eyni tutmaq olarmı?! İnsan nəfəs alıb-verməyə məcburdur. Qətl və digər cinayətlər isə onun iradəsindən asılı olan bir işdir. İnsanın iradə cəhətdən azad olmasını inkar edənlər də özlərinə qarşı yersiz hərəkətlər gördükdə dərhal narahat olur, etiraz edirlər. Hansı ki, onların əqidəsinə görə, pis iş görən insan günahkar deyil. Zülm edən insan bu işə məcbur olmuşsa, bəs nə üçün məhkəməyə müraciət edilir?!
2. Deyildiyi kimi, Allah-təalanın elmi həqiqəti bildirir və həqiqətdən zərrəcə fərqlənmir. Amma nəzərə almalıyıq ki, bu elm xaricdən müəyyən xüsusiyyətlərlə gerçəkləşən şeyə aiddir.
Yəni insan öz həyatı boyu iki növ fəaliyyəti yerinə yetirir. Bir sıra işlər insanın istək və iradəsindən asılıdır. Bu işlər “ixtiyarı iş” adlandırılmışdır. Bir qisim işlər isə “qeyri-ixtiyari iş” hesab olunur. Məsələn, damarlarda qanın dövr etməsi, ürəyin döyünməsi insanın qeyi-ixtiyari fəaliyyətlərindəndir.
Qeyd olunduğu kimi, Allah-təalanın elmi həqiqətdən zərrəcə fərqlənmir. Bizim hərəkətlərimiz zahiri xüsusiyyətləri ilə lap əzəldən Allaha məlum olmuşdur. Allah-təala əvvəlcədən bilmişdir ki, biz hansı işi hansı anda azad şəkildə görəsiyik. İkinci qisim fəaliyyətlər də Allaha məlum olmuşdur. Allah əzəldən, əvvəlcədən bilmişdir ki, hansı işləri görməyə məcbur olasıyıq.
Yuxarıda xatırladılan iki nöqtəni nəzərdə saxlamaqla veriləcək cavabın izahına diqqət yetirin.
Sübut olundu ki, bizim hərəkətlərimizin bir hissəsi iradəmizdən asılıdır və onları edib-etməmək öz əlimizdədir. Bu da sübuta yetirildi ki, Allah-təala bizim işimizin mahiyyətindən xəbərdar olduğu üçün onların ixtiyari və ya qeyri-ixtiyari olmasını da bilir. Başqa sözlə, bizim hərəkətlərimiz xarici xüsusiyyətləri ilə birlikdə Allaha məlumdur.
Bu iki məsələyə əsaslanaraq, belə bir nəticə əldə edirik ki, Allah əvvəlcədən filan caninin, filan saatda filankəsi bıçaqla qətlə yetirəcəyini bilir. Ən əsası isə belə bir elm, yəni Allahın əzəli elmi insanın iradəsini əlindən almır. Qatil Allahın əzəli elmini bəhanə gətirə bilməz. O etdiyi cinayətdə özünü müqəssir saymaya bilməz. Bəli, Allah onun cinayət edəcəyini bilirdi. Allah təkcə bu əməldən yox, bu əməlin azad şəkildə icra ediləcəyindən xəbərdar olur.
Allahın əzəli elmi insanın iradəsinə zidd deyil. Əksinə, bu elm insanın azadlığını daha da aşkarlayır. Allahın elmində ziddiyyət olmadığından və bu elm həqiqətlə tam üst-üstə düşdüyündən insan heç bir maneəsiz azad şəkildə hərəkət edir. Əgər insan hər hansı işi görməyə məcbur olsaydı, Allahın elmi həqiqətə uyğun gəlməzdi.
Başqa sözlə, əgər biz öz işlərimizi azad şəkildə yerinə yetiririksə, demək, Allahın elmi həqiqətlə üst-üstə düşür. Məcburiyyət isə ilahi elmlə həqiqət arasında təzad deməkdir.
Daha sadə bir bəyan: yuxarıda deyilənlərin dərkinin bəziləri üçün çətin olacağını nəzərə alaraq, sadə bir misal çəkək. Sual olunur: Allahın əzəli elmini bəhanə gətirərək, cinayətkarları müqəssir saymayanlar aşağıdakı hallarda da eyni mövqeyi tutarlarmı?
Məsələn, bir çox müəllimlər öz şagirdlərinin gələcəyi haqqında fikir yürüdə bilirlər. Şagirdin hazırlıq səviyyəsindən xəbərdar olan müəllim onun alacağı qiyməti müəyyənləşdirməyi bacarır. Şagirdin tənbəlliyindən xəbərdar olan, tövsiyələri eşidilməyən müəllim vaxtını boş-boş işlərə sərf edən bu şagirdin imtahan verə bilməyəcəyini deyirsə, onu uğursuzluğa məcbur edirmi? Şagird öz müvəffəqiyyətsizliyində müəllimin rəyini bəhanə gətirə bilərmi? Əgər müəllim zəif şagird haqqında yüksək fikirdə olarsa, onun fikri imtahanda şagirdə kömək edə bilərmi? İl boyu kitab üzü açmamış şagirdin müvəffəqiyyətsizliyində müəllimin proqnozlarının günahı nədir?
Ədalətli və ağıllı mühakimə yürüdən heç bir insan şagirdin müvəffəqiyyətsizliyində müəllimin rəyini əsas götürməz. Tənbəl şagirdin gələcəyi haqqında fikir yürüdən müəllimin nə günahı var?! Şagird azad şəkildə hərəkət etmiş və kimsə onun qarşısını kəsməmişdir. Müəllimin onun haqqında dedikləri isə məcburiyyət kimi yozulmamalıdır.
Əlbəttə ki, bəndələrin taleyi haqqında Allahın elmi ilə şagirdlərin uğuru haqqında müəllimin məlumatları arasında fərqlər mövcuddur. Allahın intəhasız elmini müəllimin məhdud elmi ilə müqayisə etmək olmaz. Sadəcə, məsələni aydınlaşdırmaq xatirinə belə bir müqayisə aparmalı olduq. Bir sözlə, öncədən verilən məlumat insanın azadlığını əlindən almır.
Nəticə olaraq, deyə bilərik ki, Allah-təala bəşəriyyətə bir çox təbii xüsusiyyətlər vermişdir. Ona ağıl, düşüncə, iradə, ixtiyar, azadlıq əta etmişdir. İnsana həm səadət, həm də bədbəxtlik yolları aydın şəkildə göstərilmişdir. Hər bir insan öz taleyini müəyyənləşdirməkdə azaddır. İnsan özü öz taleyini yazır və başqa biri onun üçün ömür yolu cızmaq əzmində deyil. Allah-təalanın bizim gələcəyimizdən xəbərdar olması azadlığımıza zərrəcə mane olmur. Biz Xəyyamın şerindən misal göstərdik. Bu şerdə insan öz günahı üçün Allahın əzəli elmini bəhanə gətirir. Əlbəttə ki, bu yalnız bəhanə ola bilər. Bu gün qərbdə rəvac tapmış mütləq azadlıq ideyası da həmin qəbildəndir və əslində vicdanı aldatmaqdır. Dünya şöhrətli filosof Xacə Nəsirəddin Tusi Xəyyamın uyğun şerinə belə bir şerlə cavab verir:
Günahı yüngül iş sayarsa biri,
Bilsin, günahkarlar içində yeri.
Günaha haqq elmin səbəbkar sayan
Alimlər gözündə axmaqdır, insan.


more post like this