Cavab: Bismillahir-rəhmanir-rəhim.
İşinizə başlayarkən onun müqəddəsliyinə yetirdiyiniz diqqət və gözəl niyyətinizi dəyərləndirməklə, müvəffəqiyyət qapılarının üzünüzə açılmasını Allahdan diləyirəm. İmam Mehdinin (ə.c) sayəsi altında uğur qazanıb, onun dostlarından və köməkçilərindən olasınız.
Şərəfli müəllim peşəsi ağlın və şəriətin ehtiramını qazanmış peşələrdən olub, bütün müəllimlər arasında təqdir olunmuşdur. Qurani-kərimdə buyurulduğuna görə bütün insanların, həzrət Adəmin, eləcə də həzrət Məhəmmədin (s) müəllimi Allah-taala özüdür.
Əzəmətli peyğəmbərlərin ən böyük vəzifələrindən biri də təlim və tərbiyədir. Həzrət Rəsulullah (s) özü haqqında buyurur: «Yalnız müəllimlik üçün seçildim.»
Həzrət Əli (ə) və digər imamlar ilahi cəmiyyətdə təlim və tərbiyə sifətinin məzhəridirlər. Mədrəsə, elmin bəyanı, maarif, o əzəmətli şəxslərin hökmləri ilkin islam dövründən bu günədək genişlənmişdir. İslam mədrəsəsi yeganə təhsil ocağıdır ki, onda minlərlə müəllimlər təhsil alıb, dünyanın müxtəlif nöqtələrində, şəhər və kəndlərində, məscid və hüseyniyyələrdə elmə qatılmışlar.
İki ay, məhərrəm və səfər ayları boyunca islam aləmi həzrət Seyyidüş-şühəda imam Hüseyn (ə) əzadarlıq mərasimi keçirir. Bütün təlim-tərbiyə ocaqları bu mərasimlərin kəramətindən çiçəklənir. Bir zaman Mədinə məscidində imam Hüseynə (ə) məxsus dərslər qurular, səhabə və ardıcıllar belə bir müəllimdən dərs alardılar.
Aydındır ki, söhbətin faydalı elmlərdən getdiyini qeyd etməyə ehtiyac qalmır. Quran, əhkam, əxlaq, üsul, ədəbiyyat, tarix, biologiya, fizika, kimya, riyaziyyat və s. müəllimlərinin hər biri fəzilətlidir. Bütün bu təlimlər cəmiyyətə xidmət, islamın izzəti, biganələrdən ehtiyacsızlığı, ilahi razılıq əldə edilməsi üçün yerinə yetirilə bilər.
Müəllim müqəddəs hədəf, yüksək şüur və düşüncə ilə tədris edərsə, bu iş heç bir dünya malı ilə müqayisə edilə bilməz. Bu yolda niyyət xalis olduqca işin mənəvi dəyəri də artır.
Həzrət imam Cəfər Sadiq (ə) məktəbində minlərlə alim, hədisçi, təfsirçi və mütəxəssislər yetişmişdir. «Kimya elminin atası» ləqəbini almış Cabir ibni Həyyan da bu şəxslər arasındadır.
İslami cəmiyyətdə tədris, müəllim, müəllimin məqamı və şənindən danışılanda adı çəkilən bütün elmlər nəzərdə tutulur. İslam, Quran, şəriət elmlərinin xüsusi məqamı olsa da, dini kamilliyi, dünya həyatının nizamlanması, cəhalətin aradan qaldırılmasında bütün digər elmlərin rolu vardır. Eləcə də, müəllim ixtisasından asılı olmayaraq, şagirdləri islam, mərifət, Əhli-beytlə tanış edə bilir. Müəllimlik sənəti şagirdlərin doğru yola yönəldilməsi üçün gözəl bir imkan yaradır. Əksinə, müəllim sağlam əqidəyə malik olmazsa, şagirdlərin əqidə və əxlaqına mənfi təsir göstərə bilər.
Eləcə də, fəsad törədən, pozucu sahələr vardır ki, onların tədrisi günahdır. Peyğəmbər və imamlarla həmfikirlik, onlardan ilhamlanmaq müəllimin axirətinə təminat verir.
Ümid var ki, təlim-tərbiyə ocaqlarımız ilahi hökmlər və Quran təlimləri sayəsində cəmiyyəti tərəqqi və inkişafa çatdırsınlar. Eləcə də, əziz müəllimlər öhdəyə götürdükləri böyük vəzifəni layiqincə yerinə yetirib, ilahi dəyərlərin keşiyində duranlardan olsunlar.
Möhtərəm və əziz müəllimlərə, xüsusi ilə də bu fəaliyyətə yenicə başlayanlara nəsihətim budur ki, öz işləri ilə Allah razılığını qazanmaq istiqamətində iradəli olsunlar. Şagirdlərlə təvazökar və mehriban rəftar, tapşırılmış əmanətin yaxşıca qorunması müəllim ömrünü bütün cəmiyyət üçün faydalı edər.
Onu da qeyd edək ki, müəllimin ədəb və əxlaqı, rəftarı və danışıq üslubu, hətta geyimi və çöhrəsi də şagirdə təsir edir. Ailədən sonra insan üçün ən təsirli mühit məktəb mühitidir. «Yaxşı yerin torpağı yaxşı, pis yerin torpağı pis bitkilər bitirər» (Əraf-58).
Bütün bu məsuliyyətlər nəzərə alınarsa, dərs otağını ibadət otağı, müəllimlik fəaliyyəti ibadət hesab oluna bilər.
Kaş, sizinlə olub, böyük iftixara çataydıq!


more post like this