İmran qocalıb yaşlaşmışdı. Allah ona övlad verməmişdi. Həyat yoldaşı Hənnə sonsuz bir qadın idi və Allahın ona bir övlad əta etməsini arzulayırdı. 

Allah-təala İmrana vəhy etdi ki, ona bərəkətli bir övlad hədiyyə edəcəkdir.
İmran sevindi və yoldaşına müjdə verib, dedi:
-Allah duamızı qəbul etmişdir. Tezliklə bizə xeyirli və bərəkətli bir övlad əta edəcəkdir.
O saleh qadın hamilə olduğunu hiss edib, çox sevindi.
Bir gün səhər Hənnə ibadətgaha getdi və o, doğulacaq körpəni Allah yolunda işləmək üçün nəzir edib, dedi:
-İlahi! Hamilə olduğumu sənin evinin xidməti yolunda azad edəcəyəm. Məndən qəbul et! Sən eşidən və bilənsən.
NƏZİR
Zəkəriyya peyğəmbər ibadətgahda idi. Bu xəbəri eşitdikdə sevindi. Bir daha Allahın hər şeyə qadir olmasını və istədiyi insana ruzi əta etməsini xatırladı. O, mehraba daxil olub, Allah üçün namaz qıldı. Sonra isə öz dükan və mağazasına yollandı.
Günlər, həftələr və aylar ötdü. İmran dünyadan köçdü, amma, Allahın ona əta etdiyi körpəsinin üzünü görmədi.
Azad olmaq zamanı çatdı. Hənnə inanırdı ki, Allah ona bərəkətli bir oğlan uşağı əta edəcəkdir. Amma, gözlənilmədən körpəsinin gözəl bir qız olduğunu gördü.
Bu zaman o, etdiyi nəzirə necə vəfa etsin? Qız ibadətgahda xidmət edə bilərmi? O, səmaya baxaraq dedi:
«İlahi! Körpəm qız doğuldu… Oğlanla qız eyni deyillər».
Allah-təala onun ürəyinə ilham etdi ki, bu qız böyük məqama çatacaq və tezliklə mehrab və ibadətgaha daxil olacaqdır.
Hənnə təvazö və təzim halında dedi:
-Mən onun adını Məryəm qoydum. Bununla onu və onun övladlarını qovulmuş Şeytanın vəsvəsələrindən sənin pənahına gətirirəm.
O saleh qadın qızını Məryəm adlandırdı: Yəni ibadət edən və ya ibadətgahın xadimi.
Məryəm böyüdü. İbadətgaha gedib, orada xidmətçi olmaq zamanı çatdı. Orada Məryəmin tərbiyəsini kimin öhdəsinə götürəcəyi barədə çətinlik yarandı. Bütün keşişlər onun tərbiyəsini öhdələrinə götürmək istəyirdilər. Çünki, o, saleh bir kişi olan İmranın və təqvalı qadın olan Hənnənin qızı idi.
Keşişlər razılığa gəldilər ki, Məryəmin tərbiyəsini qəbul etmək üçün püşk atsınlar. Püşk Zəkəriyyanın adına çıxdı.
Zəkəriyya təqvalı və imanlı bir kişi idi. O, Məryəmə yüksək ehtiram bəsləyirdi. Onun vücudunda xeyir və bərəkət görürdü. Zəkəriyya Məryəmin xalasının əri sayılırdı. O, Məryəmin tərbiyəsini öhdəsinə götürüb, bu işlə məşğul oldu.

BƏTUL
Məryəm ətraf aləmdən təcrid olunmuşdu. O, Beytül-müqəddəsin yuxarı hissəsində kiçik bir otaqda yaşayırdı. Zəkəriyyadan başqa heç kəsin onun yanına getmək və otağına girmək icazəsi yox idi.
Məryəm tənha böyüdü; pak bir şeh damcısı kimi, buludlar arxasındakı günəş və parlaq ay kimi.
Məryəm qönçə bir gülə bənzəyirdi; ətri fəzanı dolduran bir bənövşə gülünə.
O böyüdü; lakin, hamıdan uzaq və gözlərdən kənarda.
Məryəm öz vaxtını ibadət mehrabında keçirirdi. Təvazökarlıqla Allaha namaz qılırdı. Hər gün onun ruhunda yeni həqiqətlər parlayırdı. Mələklər ətrafına fırlanırdılar. Ona müjdə verirdilər ki, Allah onu seçmiş və çirkinliklərdən uzaqlaşdırmışdır. O, sədəf içində mirvari kimi idi. Allah-təaladan başqa heç kəs onun sirlərindən xəbərdar deyildi.

QIŞDA XURMA
Soyuq bir qış günü Zəkəriyya Məryəmin otağına getmək üçün ibadətgaha yüksələn hündür nərdivanla yuxarı qalxırdı. Onun üçün bir qədər çörək və bir az süd aparırdı.
Zəkəriyya su arxının şır-şır səsinə bənzər bir səs eşitdi. Orada Məryəmdən başqa heç kəs yox idi. Məryəm onu seçib, pak saxlamış Rəbbi ilə raz-niyaz edirdi.
Zəkəriyya yavaşca otağa daxil oldu. Qəribə bir səhnə gördü. O gördü ki, ətri otağın fəzasını doldurmuş bir qab təzə xurma Məryəmin qarşısındadır.
Zəkəriyya təəccüblə dedi:
-Bunları haradan gətirdin?
Məryəm özünün parlaq mələk simalı çöhrəsi ilə və təvazökarlıqla dedi:
-Bunlar Allahın tərəfindəndir. Həqiqətən, Allah istədiyi bəndəsinə hesabsız ruzi verir.
Zəkəriyyanın bütün vücudu imanla doldu. O öz-özünə dedi:
«Allah yay meyvəsini qışın ortasında imanlı bəndələrinə ruzi edir».
Günlər ötdü. Yay fəsli çatdı. Zəkəriyya Bətul Məryəmin görüşünə gəldi. Gördü ki, o, mehrabında Allah üçün səcdə edir və qarşısında portağal dolu bir qab vardır. Zəkəriyya Allahın yanında belə bir məqam və dərəcəsi olan bu cavan qıza bütün vücudu ilə ehtiram göstərirdi.
Allah-təala Məryəmə lütf göstərir, ona hesabsız ruzi verirdi. O öz xörəyini otağında görürdü. Çünki, o, Allah-təalaya tapşırılmışdı. Hətta əgər acından ölsəydi də heç vaxt saleh qadın olan anasının etdiyi nəzirə görə otağından çıxmazdı.

ZƏKƏRİYYANIN DUASI
Zəkəriyya Allah dərgahında Məryəmin məqam və dərəcəsini gördü. O, Allahın ona qış meyvəsini yayda və yay meyvəsini qışda nəsib etdiyini bildi. Allah hər şeyə qadirdir. O istədiyi məxluquna hesabsız ruzi əta edər.
Saleh və təqvalı kişi olan Zəkəriyya namaz qılmaq üçün ayağa qalxdı. O, Allah dərgahına dedi:
«İlahi! Öz qüdrətinlə mənə pak bir övlad əta et!»
Qəflətən mehrabın fəzasını bir nur bürüdü. Zəkəriyya mələklərin onu çağırdığını eşidirdi:
-Allah-təala sənə Yəhya adlı bir övladının olacağını müjdə verir. Bundan qabaq heç kəs belə adlanmamışdır.
Zəkəriyyanın arzusu qəbul olundu. O, paklıq, düzgünlük və imanda Məryəm kimi bir övlad arzusunda idi. Amma, dedi:
-Necə mən övlad sahibi ola bilərəm. Halbuki, yoldaşım doğmur və qocalmışdır.
Mələklər dedilər:
-Belədir. Allahın buyurdu ki, bu iş onun üçün asandır.
Zəkəriyya dedi:
-Haradan bilim ki, Allah Yəhyanı mənə əta edəcəkdir?
Mələklər dedilər:
-Əlaməti budur ki, sən üç gecə danışıq qüdrətini əldən verəcəksən.
Gecə çatan kimi hər şey qaranlığa qərq oldu. Zəkəriyya hiss etdi ki, dili ağac kimi olub və qətiyyən söz danışa bilmir. O, mehriban və bağışlayan Allaha səcdə etdi.
Allah-təala ona, uca məqama çatacaq pak bir övlad əta etdi. Zəkəriyya ibadətgahdan çıxdı. O, camaata moizə etmək istədi. İstəyirdi onlara desin ki, Allahı unutmayın, ona səcdə edin, həmişə onu yad edin. Amma, dili öz ixtiyarında deyildi. Zəkəriyya onlara səmanı göstərdi. Yə`ni, ey Bəni-İsrail! Orada sizin əməllərinizə nəzarət edən birisi var. Ey qövm! Allaha zikr edin və onu xatırlayın.
Üç gecə keçdi. Zəkəriyya hələ də danışıq qabiliyyətini itirmişdi. Dördüncü gün öz saleh yoldaşı Yəsabata dedi:
-Allah-təala mənə Yəhya adlı bir övladımız olacağını xəbər vermişdir.
O saleh qadın dedi:
-Yəhya? Necə də qəribə bir addır. Həm də axı mən doğmayan bir qadınam. Mən necə övlad sahibi ola bilərəm?
Zəkəriyya dedi:
-Allah-təala hər şeyə qadirdir.
Yaradılmışların qanunları onun əlindədir. Yer və göy onun ixtiyarındadır. Bizim atamız Adəmi torpaqdan yaradan odur.

MÖCÜZƏ
O zaman yəhudilər daş ürəkli insanlar idilər. Gördükləri şeydən başqa bir şeyə iman gətirməzdilər. Onların bəzisi sehrlə məşğul olur, bəziləri isə qızıl və cəvahirat mə’mulatları düzəldirdilər. Amma, hamısı mal-dövləti hər şeydən çox sevirdilər.
Onlar günbəgün Musanın göstərişlərindən uzaqlaşırdılar.
Ona görə də Allah-təala onları bu qəflətdən oyatmaq istədi.
Allah Zəkəriyyaya bir övlad əta etdi. Onun sonsuz həyat yoldaşı hamilə oldu. Ondan bir övlad doğuldu. Körpənin üzü iman və məhəbbət nuru ilə parlayırdı.
Hənnədən isə Məryəm adlı bir qız doğuldu. Allah-təala İmrana böyük məqama çatacaq bir övladın olmasını vədə vermişdi. Amma, İmran, övladı Məryəmi görməzdən qabaq dünyadan getdi.
Allah Məryəmi pak saxladı. Onu insanlar üçün nişanə etdi və ondan başqa bir nişanə vücuda gəldi.

MÜJDƏ
Məryəm tənha halda ibadətlə məşğul idi. Çöhrəsi nurla parlayırdı. Ürəyi ulduzların arasında pərvaz edir və göyləri seyr edirdi.
O pak və cavan qız səhər çağının şeh damcısı kimi parlayırdı. Ürəyi nur saçırdı. Ruhu şəffaf və lətif idi; sanki nura bürünmüş dünyalarda pərvaz edirdi.
Məryəm öz ətraf aləmindən ayrılmışdı və onunla dünya arasında kiçik bir pəncərədən başqa bir şey qalmamışdı. O, həmin pəncərədən yaşıl təpələrin arxasında olan mavi üfüqlərə baxırdı.
Birdən otağı nurla doldu. Nur halqası arasında bir cavanı gördü. Məryəm qorxaraq dedi:
-Əgər təqvalısansa, sənin şərindən rəhimli Allaha pənah aparıram.
O cavan dedi:
-Ey Məryəm! Mən sənin rəbbinin elçisiyəm. Gəlmişəm ki, sənə pak bir övlad bağışlayam.
Məryəm həya və utancaq halda dedi:
-Mən hələ heç kəslə evlənməmişəm. Necə övlad sahibi ola bilərəm?
Məryəm özü möcüzə idi. Amma, indi, tezliklə doğulacaq başqa bir böyük möcüzənin anası olacaqdı. O isə hələ də qız idi.
Mələklər dedilər:
-Ey Məryəm! Məsələ belədir: Rəbbin buyurub ki, bu iş mənim üçün asandır. Biz onu insanlar üçün nişanə edəcəyik. O, bizim tərəfimizdən bir rəhmətdir. Bu, sona çatmış bir işdir. Daha danışmağa ehtiyac yoxdur.
Mələk Məryəmə yaxınlaşdı və onun köynəyinə üfürdü. Məryəm hiss etdi ki, onun vücudunun dərinliklərinə böyük və çox nüfuzlu bir ruh daxil oldu.
Mələk gözdən itdi. Məryəm bildi ki, qarşıda çətin günləri olacaqdır. O böyük bir məsuliyyəti daşımalıdır.
Məryəm öz bətnində ilahi ruhu və əzəmətli bir vücudu daşıyırdı. Amma, nigaran və narahat idi ki, kim ona inanacaqdır. Camaat necə inanacaq ki, atasız uşaq doğula bilər?
Mübarək körpə Məryəmin pak bətnində inkişaf etdi. Aydın bir səhər vaxtı Məryəm yaxınlıqdakı təpələrə yollandı. O, heyrət içində idi. Amma, Allaha imanı, onun iradəsini daha da gücləndirmişdi.
Məryəm yoruldu. O bir xurma ağacının budağı yanında oturdu. Möhkəm doğuş ağrısı hiss etdi. Məryəm qışqırdı:
-Kaş bundan öncə ölüb, xatirələrdən silinəydim!
Məryəm düşünürdü ki, atasız bir övladı olduğu üçün ona kim inanacaqdır?
Birdən körpənin səsi eşidildi. O, Məryəmə müraciət edərək deyirdi.
-Anam qəmgin olma! Allah sənin üçün bir su arxı hazırlamışdır. Ondan iç və xurma ağacına söykən! Sənin üçün təzə xurma töküləcək. Onlardan ye və sudan iç. Onlar gözlərini işıqlandır.
Məryəm rahatlıq hiss etdi. Yavaş-yavaş qəlbinə daxil olan su arxı kimi idi. Amma, nigaranlıqla dedi:
-Oğlum! Camaat necə? Ey Allahın Ruhu! Camaata nə deyim?
-Ana! Onlara de ki, Allah üçün oruc tutmuşam. Bu gün heç kəslə danışmayacağam.
Möcüzə olan İsa doğuldu. Allahın qüdrətinə və onun insanlara qarşı rəhmli olmasına bir nişanə olmaq üçün atasız bir körpə doğuldu. Pak körpə anasının üzünə təbəssüm edirdi. Anası onu qucağına aldı. Sonra isə onu götürüb, qövmünə tərəf qayıtdı.
Məryəm təpələrdən ibadətgaha doğru endi. Camaat qəribə bir mənzərəyə şahid oldular. Öz-özlərinə dedilər:
«Məryəm özü ilə bir körpə gətirir. İmranın qızı Məryəm bir uşaqla gəlir. Hənnənin qızı Məryəm hələ evlənməyib, amma, bir körpəsi var».
-Nə olub?
-Nə oldu?
-Necə? Harada olub?
Məryəm özünün ibadətgahdakı otağına yollandı.
Bu həyəcanlı xəbər hər yerə yayıldı. Dillər əzbəri oldu. Hamı təəccüb edirdi. İmanlı insanlar sakit durmuşdular. Amma, bəzi insanlar dillərinə pis sözlər gətirirdilər.
Zəkəriyya camaatın acı sözlərini eşidirdi. Keşişlərin qulağına da bəzi şaiyələr çatdı. Ona görə də Zəkəriyya ibadətgahın keşişləri ilə birlikdə Məryəmin yanına getdi.

MƏN ALLAHIN BƏNDƏSİYƏM
Məryəm ibadət mehrabında namaz qılırdı. İsa beşiyinə uzanmışdı: parlaq bir ulduz kimi… Bahar vaxtı çiçəklənən qönçə kimi… Zəkəriyya və keşişlər otağa daxil oldular.
Onların biri kobudluqla Məryəmə müraciət edərək dedi:
-Çox çirkin bir iş görmüsən.
O birisi dedi:
-Ey Harunun bacısı! Nə atan pis bir kişi idi və nə də anan çirkin iş görən qadın!
Məryəm dayanmışdı. O öz qövmünə baxırdı. Onun çöhrəsində səmavi bir nur parlayırdı. Məryəm heç bir söz demədi. O, işarəylə körpəni göstərdi.
İnsanlar təəccüb edərək dedilər:
-Beşikdə olan bir körpə ilə necə danışaq?
-Biz necə körpə ilə danışaq? Beşikdə olan bir körpə söz deyə bilərmi?
Onların təəccüblə uşağa baxdıqları anda möcüzə baş verdi. Körpə dil açaraq hadisənin həqiqəti üzərindən pərdə götürdü. O dedi:
-Mən Allahın bəndəsiyəm. O mənə səmavi kitab vermiş, peyğəmbər etmişdir. Allah mənim və sizin rəbbinizdir. Ona ibadət edin.
Harada olsam Allah məni xeyir və bərəkətli etmişdir. O, diri olduğum müddətdə mənə namaz qılmağı və zəkat verməyi tövsiyə vermişdir.
Allah məni, anama qarşı yaxşılıq edən yaratmışdır, zalım və rüsvayçı yox.
Doğulduğum, dünyadan köçəcəyim və yenidən diriləcəyim gün mənə Allahın salamı olsun!
Bu həyəcanlı mənzərənin qarşısında Zəkəriyya Allaha səcdə etdi. O, Allahın ruhu və onun Məryəmə əta etdiyi əzəmətli vücud olan Məryəm oğlu İsanı təsdiqlədi.
Bəziləri təslim oldular. Ürəkləri imanla doldu. Bəziləri isə eləcə hadisəyə daş ürəkləri ilə yanaşır, o möcüzəyə inanmırdılar.

MÖHTƏRƏM AİLƏ
Allah Zəkəriyyaya vədə verdi ki, ona övlad əta edəcəkdir. O möcüzə də baş verdi. Yəhya doğuldu. Anası Yəsabat doğmaz bir qadın idi. Amma, Allah-təala İsanı atasız yaratmışdı. O, doğmaz bir qadına da övlad verə bilərdi. Ona görə də Zəkəriyya sevindi.
Yəhya doğuldu. Pak və imanlı bir uşaq idi. Allahı sevirdi, Allah da onu sevirdi. Zəkəriyyanın ailəsi möhtərəm və böyük ailə idi. Saleh ata, imanlı ana, ata və anasına yaxşılıq edən və insanların xeyrini istəyən uşaq.
İsa doğuldu; o həzrətin dünyaya gəlişi möcüzə və Allahın qüdrətinə insanlar üçün nişanə idi.
Yəhya da mö`cüzə ilə doğuldu. Çünki, anası doğmaz qadın idi. Allah ona saleh övlad əta etmişdi ki, insanlar üçün nişanə və rəhmət olsun.
Bu iki müqəddəs insan Allahın qüdrətinə və rəhmətinə iki nişanə və sübut idilər. İndi görək cavanlıq yaşlarında onlar üçün hansı hadisələr baş verdi.
Seyyid Kamal

islammektebi.org


more post like this