* “… Mən çox tez inciyən, həssas və azdanışanam. Kimisə əziyyət və narahat etməyi sevmirəm. Amma bilmirəm ki, nə üçün həmişə qüssəliyəm. Ərimin yaxşı xüsusiyyət və cəhətləri çoxdur, gözəl insandır. Amma nədənsə kiçik bir xoşagəlməz şey üçün tez coşub əsəbləşir… Öz tikanlı sözləriylə qəlbimi qırır… Maaşımı alandan-alana ailədə mehriban olur və bizimlə yumuşaq rəftar edir… Müştərək həyatımızın məsələlərinin həllində mənə düşünmək, rəy vermək fürsətini verməmişdir. Evin bütün işlərinə diqqətlə nəzarət edir. Əgər evdə bir güldanın da yerini dəyişsən o qədər danışır ki, elədiyimə peşman oluram. Evin hər bir böyük-kiçik, xırda-para işinə də ona aidiyyatı oldu-olmadı dəxalət edir. Bu yersiz dəxalətlərinin də adını “ailəyə kömək” qoyur. Evin bütün işlərinə qarışmasında ifrata varması səbəb olur ki, özümü həyatda və uşaqlarımın tərbiyəsində gərəksiz adam hesab edəm… Mən, hətta, öz maaşımı da özümə və qızıma xərcləməyə qadir deyiləm. İstəyirəm özümə, ya qızıma bir şey alım, buna icazə vermir və deyir ki, bunlar artıq xərc, israfçılıq, bədxərclikdir.  Öz pulumla özümə paltar almaq üçün də ondan icazə almalıyam… Artıq belə yaşamaqdan cana doymuşam…”.

 

 

 

? Sizin məktublarınızı oxuyub müqayisə etdikdən sonra belə qərara gəldim ki, sizə bəzi tövsiyə, məsləhətlərimi verim və bəlkə bu yolla sizin həyatınızdakı problemlərin həllində kömək etmiş olaram.

 

 

 

Əziz qardaşım! Evdə yemək-içmək kimi məsələlərlə yanaşı, insan ruhunun, sizin ailənizin mənəvi, maddi qidası olan – mənəvi, mədəni, tərbiyəvi və əyləncəli işlərlə də məşğul olmalısınız.

 

 

 

Uşaqlara kitab oxuyub və oxutdurmaq, şer, hekayə söyləyib və söylətdirmək, kinoya baxmaq, onların dərsləri ilə maraqlanmaq, onları istirahət, əyləncə parklarına, qohumlara baş çəkməyə aparmaq və deyib-gülüb əyləndirmək də ata-ananın və xüsusilə də, ailə başçısının vəzifələrindəndir.

 

 

 

Evin və ailə həyatınızın işlərində həyat yoldaşı və uşaqlarınızla məsləhətləşin və ən yaxşı və məqsədəuyğun yolu seçin. Bu seçim isə hamının sözünü dinləyib, fikrini öyrənib və onların razılığını cəlb etdikdən sonra olmalıdır. Belə etdikdə həm arvadınızın və həm də uşaqlarınızın şəxsiyyətinə qiymət verib hörmət etmiş olacaqsınız.

 

 

 

Ev işlərində yersiz müdaxilələr edib, ailənizin əl-ayağına dolaşmaqdansa yaxşı olardı ailənin və evin daxili müdiriyyətini arvadınızın öhdəsinə qoyub icazə verəsiniz ki, o, qadınlıq zövq və səliqəsiylə evi bəzəyib, ev işlərini qaydaya salıb, öz fikir və zəhmətinin nəticəsinə tamaşa etməkdən ləzzət alsın. Ona evi idarə etməkdə öz bacarığından istifadə etməyə icazə verin. O, sizdən kömək istəməyincə onun işlərinə müdaxilə etməyin.

 

 

 

Onun tez küsəyən və inciyən olduğunu nəzərə alıb onunla mehriban, yumşaq rəftar edin. Onun fikirləriylə kəskin, şiddətli müxalifət etməyib hörmətlə davranın. Çünki insanın qiyməti və dəyəri onu fikir və əməli ilə ölçülür. Siz işinə, düşüncəsinə dəyər vermədiyiniz bir insanla nə cür şad və xoşbəxt yaşaya bilərsiniz?

 

 

 

Həyat yoldaşınızın aldığı əməkhaqqı onun özünə məxsusdur. Siz onun icazəsi olmadan bu pulu evin xərci üçün istifadə edə bilməzsiniz. O, bu pulu öz meyli istədiyi yerdə xərcləyə, özünə, uşaqlarına paltar ala, istədiyi şəxsə bağışlaya və borc verə bilər…

 

 

 

Əlbəttə, əgər o, bu pulu könüllü olaraq ailə başçısının ixtiyarında qoyarsa, onda istədiyi kimi xərcləyə bilər.

 

 

 

? Amma siz, əziz bacım!

 

 

 

Həyatdan istədiyiniz həzzi almaq və yaşayışınızdan bezməmək üçün evdən xaricdə olan işinizi – əgər zəruri deyilsə – tərk edin və ya bu iş üçün ayırdığınız vaxtı azaldın. Bir əllə iki qarpız götürməyin. Çünki, düşərsə hər ikisi sınacaq. Ərinizin nöqtə-nəzər və fikirlərinə ehtiram qoyun. Onun fikirləriylə razılaşıb itaət edin. Yaxşı xüsusiyyətlərinə görə ona təşəkkür edib, öz sevgi və məhəbbətinizi bildirin. Heç vaxt küsməyin. Öz istək və umacaqlarınızı azaldın və bilin ki, insan həyatda müəyyən məhdudiyyətlərlə əhatə olunmuşdur. İnsanın bu dünyada bütün arzu və istəklərinə çatması qeyri-mümkün bir işdir. Nəzərə alın ki, hər insanın özünəməxsus xüsusiyyətləri vardır. Bunlardan bəziləri dəyişilə bilər, amma bəziləri dəyişilməzdir və onlarla uyğunlaşmaq lazımdır.

 

 

 

Allah-Taalaya sizə ruhi və cismi baxımdan sağlam övladlar bəxş etdiyi üçün təşəkkür edin. Ərinizlə köməkləşib onları gözəl təlim-tərbiyə edin. Onların oxuyub təhsil alması və elmlənməsində ciddi çalışın.  Çalışın ki, həyatda şad və təravətli olun. Unutmayın ki, bəzi problemlərlə Allahın razılığı üçün razılaşmalı, səbirli olmalı və axirət savabına çatmaq üçün çalışmaq lazımdır.

 

 

islammektebi.org


more post like this