Kişinin vəzifələrindən biri və ən başlıcası budur ki, ailəsinin gündəlik tələbatını – yemək-içmək, ev, paltar, kitab, dəftər və s… – təmin etsin. O, bu vəzifəni yerinə yetirməkdə tənbəllik və ya xəsislik etməməlidir. Ailəsinə xərclədiyi pula görə onlara minnət qoymamalıdır. Çünki Allahın Rəsulu (s) buyurur: “Qadınlarınızın (adi və ənənəvi qaydada) yemək-içmək və geyimlərini təmin etmək sizə (kişilərə) vacibdir.”Adi və ənənəvi qayda nə deməkdir?Yəni ailə üçün günün tələblərinə uyğun və əhalinin çoxu kimi yaxşı və normal qaydada dolanışıq və həyat şəraiti yaratmaq. Ailəni həddindən artıq və yersiz sıxıntı və qənaətlə saxlamamaq. Çünki mömin ilahi ədəb və qaydaları özünə ülgü götürməlidir. Yəni Allah-Taala ona bol ruzi veribsə, o da ailəsini firəvanlıq və bolluq içində yaşatmalıdır, amma Allah-Taala onun ruzisini azaldarsa, o da ailəsini qənaətlə dolandırmalıdır.[1]

 

İmam Baqir və İmam Sadiq (ə) buyurmuşlar: “Allah-Taalanın yanında bəyənilmiş o şəxsdir ki, ailsəi üçün daha çox rahatlıq və nemət – israf və həddini aşmadan – hazırlasın”.[2]

 

Amma buna baxmayaraq, yenə də ailə və uşaqlarına ruzi, dolanışıq baxımından pulu ola-ola da zülm edənlər tapılır. Bəziləri o qədər xəsis və paxıldırlar ki, gələcəyi fikirləşib ailəsinin bu gününü qara edir. Nə yaxşı yemək-içmək alır, nə də yaxşı əyin-baş. Bu qənaət deyil, insanın ruhunda yuva salmış bir rəzalətdir. Ən böyük eyib və nöqsandır. Paxıllıq və xəsislik bütün pislikləri özü ilə daşıyır və ailə, uşaq, uzaq və yaxın qohumları düşmən edir.

 

* “… Mənim fikrimcə kişi üçün ən pis əxlaq özünü bəyənmək, təkəbbür və xəsislikdir. Bizim kişi o qədər qürurludur ki, mənim, uşaqların salamını da almır. Ömründə bir dəfə də olsun uşaqları öpməyib. Deyir ki, öpsəm, həyasızlaşıb başıma çıxarlar. Deyir ki, oğlan böyüdüsə öz işinin dalınca getməli, canı çıxıb çörək qazanmalıdır. “Mən ata görməmişəm, bunlar da elə bilsinlər ki, ataları yoxdur…”.

 

Bunlar o tərəfə qalsın, mən ki, onun həyat yoldaşıyam, diri, ya ölü olmağımın onun üçün fərqi yoxdur. Əgər xəstəlikdən ölsəm də məni həkimə aparmır. Fikirləşməyin ki, yəqin pulu yoxdur. Elə deyil, pulu lap çoxdur. Ancaq o qədər xəsisdir ki, pul xərcləməyə əli gəlmir. Deyir ki, sabah qocaldım, işləyə bilmədim onda nə edəcəyəm? Bəlkə də inanmayacaqsınız, ancaq Allaha and olsun ki, belədir, bizim kişi soyuducudakı meyvələri də sayır. Deyir ki, kim meyvə yemək istəsə, məndən icazə almalıdır. O, meyvələri o qədər saxlayır ki, axırda çürüyüb zibilliyə tökülməli olur…”.

 

? Nə qədər bədbəxt bir xəsis olasan ki, salamın cavabını da verməyəsən! Nə qədər rəzillik gətirən bir paxıllıq ki, övladını öpməyəsən! Övlada məhəbbət göstərib ona bir təbəssüm, gülüş hədiyyə etməyə də paxıllıq edəsən! Zəif fikir və zəif ruhiyyəli olmağın müxtəlif nəticələri vardır. Belə insanlar öz ruhi və fikri zəifliyinin üstünü örtmək və yaranmış boşluğu paxıllıq və xəsisliklə doldurmaq istəyirlər. Çox vaxt belə zəifliklər Allah-Taalaya imansızlıqdan irəli gəlir. Allah-Taalanın zikrindən qafil olan qəlb onun rəhmət, məhəbbət dəryasını görmür və onunla ünsiyyət və əlaqədən kənarda qalır. Belə olduqda isə bu cür ruhi və fikri xəstəliklərə düçar olur. Əlbəttə ki, dəryadan uzaqlaşan adam gələcəkdə üzləşəcəyi susuzluq və quraqlıqdan qorxacaqdır. Ona görə də sabahın yoxsulluğu qorxusundan bu gün ac qalır.

 

İmam Əli (ə) buyurur: “Paxıl bədbəxtin işindən təəccübdə qalmışam! Ondan qaçan fəqirliyi qovur ki, özünə yaxın etsin və ona tərəf gələn var-dövləti əldən verir (münasib istifadə etmir). Nəticədə, dünyada kasıblar kimi yaşayır, axirətdə isə varlılar kimi hesab verir və sorğu-sual olunur.”[3]

 

Bəli, paxıllıq Allahı unutmağın nəticəsidir. Ondan uzaqlaşmağın və Onun tükənməyən qüdrət, sərvət və nəhayətsiz rəhmətinə iman gətirməməyin nəticəsidir. İmam Sadiq (ə) buyurmuşdur: “Paxıl adam üçün bu kifayətdir ki, Allah-Taalaya bədgümandır. Allahın vədlərinə inanmır. Çünki hər kəsin Allah-Taalanın lütfü və verəcəyi mükafatlara yəqini olsa, həmişə başqalarına kömək və ehsan etmək üçün çalışacaqdır.”[4]

 

Yəni Allahı yaxşı tanıyan və Onun heç vaxt əhdini pozmayacağına,[5] bəndələrin gördüyü işi Onun tərəfindən qiymətləndiriləcəyinə, onların ruzisini zəhmətlərinə əsasən veriləcəyinə inanan qəlb heç vaxt yoxsulluqdan qorxmaz, sabahın qüssəsini yeyib bu gününü acı, qaranlıq etməz və ailə-uşağını sıxıntılar içində yaşatmaz. Amma bu xəstəliyə tutulan hər kəs bundan canını qurtarmaq üçün onun dərmanını, yəni səxavət və başqalarına köməyi iki bərabər etməlidir. Yəni öz uşaqlarına, ailəsinə pul xərcləyib meyvə almaqla yanaşı, qohum-qonşuya da hədiyyə etməlidir. Çünki yaxşılıqlar pislikləri yuyur və qovub uzaqlaşdırırlar.[6]

 

 

[1] . “Biharul-ənvar”, Əllamə Məclisi, 77/157;

 

[2] . “Yenə orada”, 78/94, 136;

 

[3] . “Biharul-ənvar”, Əllamə Məclisi, 78/94, 136;

 

[4] . “yenə orada”, 73/307;

 

[5] . “Ali-İmran”/9;

 

[6] . “Hud”/114;

 

islammektebi.org


more post like this