İnsanların tanınmasında mühüm amillərdən biri onlara ailə prizmasından yanaşmadır. Nəcib və sağlam ailədə tərbiyə almış insanların əxlaqi və mə`nəvi durumu dərin və prinsipial olur. Bu səbəbdən də onlara daha çox e`timad göstərilə bilər. Əlbəttə ki, bə`zən qeyri-münasib ailələrdə layiqli insanlar yetişir. Əksinə, bə`zən ləyaqətli ailələrdən qeyri-saleh övladlar çıxır. Məqsədimiz budur ki, adətən, övladların əxlaqi xüsusiyyətləri onların ailə tərbiyəsindən qaynaqlanır. İnsan şəxsiyyətinin formalaşmasında ailənin mühüm rolu var. Hətta qidaların halal-haram olması insan ruhiyyəsində dərin iz qoyur. İslam tə`limlərində bu məsələyə xeyli əhəmiyyət verilmişdir. Halal-haram bilməyən, ehtiyacını istənilən bir yolla tə`min etməyə çalışan ailələrdə övladlar ruhi, mə`nəvi baxımdan zərbəyə mə`ruz qalır və bu zərbələrin nəticəsini aradan qaldırmaq asan olmur.
Bir rəvayətdə həzrət Peyğəmbərin (s) belə buyurduğu nəql olunur: “Tikanlı otdan çəkinin: Soruşdular: “Tikanlı ot nədir?” Həzrət buyurdu: “Pis ailədən çıxmış gözəl qadın.” Bu tə`bir kişilərə də aid edilə bilər. Bə`zi kişilər zahirən gözəl, var-dövlətli, vəzifə sahibi olsalar da, onların pis ailədə tərbiyə almaları şübhə yaradır.


more post like this