Cavab: İslam alimləri arasında bu məsələ ilə bağlı iki baxış mövcuddur. Hər iki tərəf öz baxışına uyğun dəlillər gətirir. Hər iki baxışı nəzərdən keçirək:
1. Həmin dövrdə bacının qardaşla evlənməsi qadağan edilməmişdi. Çünki bəşər nəslinin davamı üçün başqa bir yol yox idi. Ona görə də qardaşların öz bacıları ilə evlənməsi zəruri oldu. Nəzərə alsaq ki, yeganə hökm verən Allahdır, onda bütün iradlar yersiz görünər.
Bu nəzəriyyənin tərəfdarları Qurandan belə bir dəlil göstərirlər: “Ey insanlar. Sizi tək bir şəxsdən xəlq edən, ondan zövcəsini yaradan və onlardan da bir çox kişi və qadın törədən Rəbbinizdən qorxun.” Zahirən ayədən belə görünür ki, bəşər nəsli yalnız bu iki nəfərdən törəmişdir. Çünki ayədə bu iki nəfərin vasitə olması bildirilmir. Uyğun fikri mərhum Təbərsinin nəql etdiyi rəvayət də təsdiqləyir.
2. İkinci baxışa görə, Adəm övladlarının bir-biri ilə izdivacı mümkün olmadığından onlar yer üzündəki başqa bir nəsildən olanlarla evləndilər. Sonrakı nəsil isə əmiuşaqlarının izdivacı nəticəsində davam tapdı. Bu baxışı da təsdiq edən rəvayətlər var. Çünki Adəm nəsli yer üzündəki ilk insan nəsli deyil. Ondan əvvəl bir çox insan nəsilləri olmuşdur.
Nəticə olaraq deyə bilərik ki, Adəmin övladları Adəm nəslindən əvvəl mövcud olmuş insan nəslinin nümayəndələri ilə evlənmişlər. Allah-təalanın mələklərlə söhbətindən məlum olur ki, Adəm və Həvvadan qabaq yer üzündə insanlar olmuşdur.
NUR-AZ.COM


more post like this