Cavab: “Hübut” lüğətdə yüksəklikdən aşağı səviyyəli, alçaq yerə enmək mənasınadır Çoxlu ayələrdə Adəm (əleyhis-salam)-ın behiştdən ixrac edilərək yer üzündə məskunlaşdırılması “hübut təbiri ilə gəlmişdir. O cümlədən: 1. “Biz onlara dedik: Hamılıqla yer üzünə enin, halbuki bəziniz digərinizin düşməni olacaqsınız.” 2. “Biz dedik ki, hamılıqla aşağı enin! Hər vaxt sizin üçün Bizim tərəfimizdən bir hidayət gəlsə, ona tabe olanlar üçün nə qorxu var, nə də qəm-qüssəli olarlar. 3. “Öz məqamınızdan aşağı enin, halbuki bəziniz digərlərinə qarşı düşmən olacaqsınız. (Şeytan sizin düşməninizdir, siz də onun düşmənisiniz.) Sizin üçün yer üzündə müəyyən vaxta qədər bəhrələnmək vasitəsi və qərargah veriləcəkdir. Quranda “hübut” kəlməsi bir məhəllədə (şəhərdə) qərarlaşmaq, onun içində yerləşmək mənasına da gəlmişdir. Belə ki, həzrət Musa (əleyhis-salam) və Bəni-İsrailin barəsində buyurulur: “Musa dedi: “Yaxşı yeməklərin yerinə pis yeməkləri seçirsinizmi?! (Onda, çalışın, bu səhradan) bir şəhərə enin. Çünki orada istədiyiniz şeylər sizin üçün vardır.” Adəmin hübutu, eləcə də bu hübutun hansı mənaya olmasının araşdırılması onun məskunlaşdığı behiştin hansı mənaya götürməyimizə bağlıdır: Görəsən, o behişt dünya (yer və ya bərzəx) behişti idimi, yoxsa axirət behişti? Qəti məsələ budur ki, əbədi behişt olmamışdır. Deməli, hübut – məqam cəhətindən olan enməkdir. Hər bir halda bu məsələ həm müfəssirlərin, həm də fəlsəfəçilərin tərəfindən irəli çəkilir, hər biri də bu barədə müxtəlif nəzəriyyə və ehtimallar irəli sürürlər. Biz yalnız müfəssirlərin nəzəriyyəsini qeyd edirik: Mərhum Təbərsi “Məcməul-bəyan” təfsirində buyurur: “Nüzul, hübut və vüqu kəlmələri eyni mənayadır. Bunların da mənası – “yüksəklikdən alçaqlığa doğru hərəkət etmək”dir. Bəzən “ihbitu misrən” ayəsində olduğu kimi, hübut – hülul, yəni hər hansı bir məkanda yerləşmək mənasında işlənir (ayənin mənası belə olur: bir şəhərə daxil olun, orada yerşəlin).” Mərhum Əllamə Təbatəbai bu barədə buyurur: “Hübut – behiştdən çıxmaq, yer üzündə qərarlaşmaq və məşəqqətlə dolu olan bir həyata daxil olmaq mənasınadır. “Qulnəhbitu bəzukum libəzin əduvv, və ləkum fil-ərzi mustəqərrun və mətaun ila hiyn” ayəsinin, eləcə də ondan sonrakı “qalə fiha təhyəvnə və təmutunə” ayəsinin zahiri mənası budur ki, hübutdan sonrakı məşəqqət və çətinliklərlə yanaşı olan həyatın necəliyi, ondan əvvəlki (behişt həyatındakı) həyat ilə fərqli idi. Lakin behiştdəki həyat asimani bir həyat olmuşdur ki, onda acmaq, susamaq, çətinlik və sair yox idi.” Bu alim buyurur: “Adəmin behişti asimanda idi, amma axirət behişti və əbədi behişt deyildi. (Çünki, hər kəs axirət behiştində daxil olsa, bir daha ordan xaric olmur.)” O böyük alim başqa bir yerdə “Asimanın mənası nədir? Asimani behişt hansı məna daşıyır?” kimi sualları araşdıraraq buyurur: “Adəmin behişti dünya behiştlərindən idi. Məqsəd budur ki, bərzəx yönlü behiştlərdən olmuşdur. Bu da əbədi behiştin müqabilinə dayanır.” O alim Adəmə səcdə əmrindən sonra İblisin (imtina edərək) mələklərin cərgəsindən çıxmasının – hübut etməsinin mənasını bəyan edərkən buyurur: “Fəxruc innəkə minəs-sağırın – (burdan) xaric ol, çünki sən zəlillərdənsən” – cümləsi “fəhbitu minha” cümləsi üçün bir təkidir. Çünki, hübut elə xaric olmaqdır. Onun xaric olmaqla fərqi yalnız bundadır ki, hübut müəyyən bir məqamdan xaric olaraq ondan aşağı dərəcəli bir məqama enməkdir. Həmin məna dəlildir ki, hübut dedikdə məqsəd yüksək məkandan aşağı enmək deyildir; əksinə, məqsəd yüksək bir məqamdan nisbətən aşağı məqama enməkdir. Bu da müddəamızı dəstəkləyir. Belə ki, biz dedik ki, “minha” və “fiha” kəlmələrindəki əvəzlik (ha – o) asiman və ya behişt kəlməsinə deyil, mənzilət və məqam kəlməsinə qayıdır. “Əvəzliyin qayıtdığı yer asiman və ya behişt kəlməsidir” deyənlərin məqsədi həmin məqamdır. Buna əsasən, ayənin mənası belə olur ki, Allah-taala buyurur: “Sənə əmr etdiyimiz zaman səcdə etmədiyin üçün (bu günah üzündən) gərək öz məqamından aşağı enəsən! Çünki sənin məqamın bəndəlik və itaət məqamı idi və sən belə bir məqamda təkəbbür etməli deyildin. Belə isə, buradan xaric ol! Çünki sən xar və zəlil edilmişlərdərsən.” Əllamə (r) başqa yerdə digər bir mühüm bir məsələyə işarə edərək buyurur: “Hübut ilə əlaqədar edilən əmr təkvini bir əmirdir (təkvini təklif, vəzifədir) ki, behiştdə məskunlaşdıqdan və səhvə düçar olduqdan sonra baş vermişdi. Deməli, ilahi nəhy (qadağa) ilə müxalifət və onun həmin ağaca yaxınlaşması zamanı heç bir din yox idi və ilahi təklif də verilməmişdi. Buna əsasən, mövla qarşısında günah və bəndəlik məqamında məsiyət baş verməmişdir.” “Əl-mizan”ın buyurduğu bu kəlamın izahında demək lazımdır ki, məxsus ağaca yaxınlaşmağın qadağan edilməsi irşad yönlü bir nəhy olmuşdur. Misal üçün, təbib xəstəyə deyir ki, əgər filan yeməyi yesən, filan xəstəliyə tutulacaqsan. Burada da Allah-tala buyurur ki, bu ağaca yaxınlaşma, onun meyvəsindən yemə. Çünki onun meyvəsindən yeməyin nəticəsi behiştdən çıxmaq olacaqdır. Əllamənin bu kəlamından hübutdan məqsədin nə olduğu və onun səbəbi gözəl şəkildə aydın olur. Ayətullah Cavadi Amuli bərzəx behiştini Adəmlə Həvvanın məskəni ünvanı ilə qəbul etdikdən sonra buyurur: “Həzrət Adəm təbiət aləminin fövqündə olan bir həyatdan təbiət hüdudlarına nəql olundu. Belə bir nəql olunma (köç etmə) vücud və məkan cəhətindən tənəzzüldür (enmədir). Bu, eynilə insanların hidayəti üçün Quranın Allah dərgahından aşağı enməsi kimidir. Bədənlə bir məkana enməsi nəzərdə tutulmur. Bundan əlavə, bu hübut həzrət Adəmin təzərrösü (ilahi dərgahda ah-nalə və yalvarışı) və tövbəsi ilə yanaşı olduğundan, o, “vilayət və xilafət hübutu” kimi təbir olunur.” İblisin enməsi məqam və mənzilət baxımından olan enmədir. Lakin Adəm insani kəramətin hifz olunması ilə eyni zamanda yer üzünə enmişdi. Yəni yer üzündə qərarlaşmaq Adəm ilə İblisin arasında müştərək idi, amma İblis özünün əvvəlki məqamını əldən verməklə yer üzünə endirildi, Adəm isə əvvəlki məqamını qorumaqla yer üzündə qərarlaşdı Deməli, İblisin iki hübutu vardır: 1. Adəmə səcdə ilə əlaqədar əmrin qarşısında təkəbbür göstərdikdən sonra mələklərin məqam və mənzilətindən aşağı enmək; bu da onun yüksək məqam və mənzilət ünvanı daşıyan behiştdən hübutu idi və “qaləhbitu minha” ayəsiona işarə edir. 2. Müvəqqəti bir yaşayış yeri olan Behiştdən aşağı enmək. Belə ki, Adəm ilə Həvvanı aldatmaq üçün ora yol tapmışdı. Bu hübut Adəmlə Həvvanı aldatdıqdan sonra o ikisi ilə birlikdə yer üzünə enməklə həyata keçdi “Təfsiri-nümunə” kitabında “Adəmin behişti hansı behişt idi?” sualının cavabında deyilir: Bəzilərinin o behiştin yaxşı, əməli saleh və pak insanlara vədə verilən behişt hesab etsələr də, zahir budur ki, o həmin behişt deyil, yer üzündəki gözəl ab-hava və münasib iqlim qurşağına malik olan məntəqələrdən birində yerləşən, ruh oxşayan və naz-nemətlə dolu olan bağlardan biri idi. Çünki: Əvvəla, vədəsi verilən behiştin nemətləri əbədidir. Quran ayələrinin çoxunda onun əbədi olmasına işarə edilir və ondan çıxmağın mümkün olmadığı vurğulanır. İkincisi, imansız və ruhən aludə varlıq olan İblisin o behiştə daxil olmasına yol yoxdur. Çünki ora nə şeytani vəsvəsələrin, nə də Allah qarşısında itaətsizliyin yeridir. Əhli-beyt (əleyhimus-salam)-dan nəql olunan hədislərdə bu mövzu aşkar şəkildə bəyan edilmişdir. Ravilərdən biri deyir ki, İmam Sadiq (əleyhis-salam)-dan Adəmin behişti barəsində soruşduqda həzrət buyurdu: “(O behişt) Dünya bağlarından olan bir bağ idi ki, günəş və ay onda saçırdı. Əgər əbədi behişt olsaydı, Adəm heç vaxt oradan qovulmamalı idi.” Buradan aydın olur ki, Adəmin yer üzünə nazil olması (hübutu) məkan cəhətindən deyil, məqam cəhətindən nazil olmaqdır. Yəni o, özünün çox dəyərli məqamından, belə bir naz-nemətlə dolu və sər-səbz behiştdən aşağı endirildi. Belə bir ehtimal da verilmişdir ki, bu behişt əbədi behişt olmasa da, başqa səma cisimlərində olan behişt olmuşdur. Bəzi rəvayətlərdə bu behiştin asimanda olmasına işarə edilmişdir. Lakin bu kimi rəvayətlərdə “səma” kəlməsinin yüksək məkana yox, yüksək məqama işarə edilməsi mümkündür. Hər bir halda çoxlu şahidlər göstərir ki, bu behişt axirət aləmindəki behiştdən tamamilə fərqli olmuşdur. Çünki o, (axirətdəki behişt) insanın seyr yolunun sonudur, bu isə onun seyrinin əvvəlidir. Bu behişt onun əməl və proqramının müqəddiməsi, o (axirətdəki) isə əməl və proqramlarının nəticəsidir. Bu təfsirin başqa yerinə deyilir: “Hübut – lüğətdə icbar üzündən (qeyri-ixtiyari) aşağı enməyə deyilir. Misal üçün, daşın yüksəklikdən aşağı düşməsi kimi. İnsan barəsində işlədilən zaman isə cəzalandırılma ünvanı ilə yüksəklikdən aşağı qovulması mənasınadır.” Adəm (əleyhis-salam) yer üzündə yaşamaq üçün yaradılmışdı və həmin cəhətdən behişt də çox naz-nemətli və təravətli bir məntəqə idi. Adəmin bu yerdən nüzulu və hübutu (enməsi) məkan cəhətindən deyil, məqam cəhətindən endirilməkdir. Yəni tərki-ovla etdiyi üçün Allah-taala onun məqamını aşağı endirdi və bu kimi gözəl behişt nemətlərindən məhrum edərək bu dünyanın əzab-əziyyətlərinin və məşəqqətlərinə düçar etdi. NUR-AZ.COM


more post like this