Bismilləhir-rahmənir-rahim
“Biz hər bir şeyi bəyan edən Quranı sənə nazil etdik.”

Peyğəmbəri-Əkrəm (s.)-ə, O Həzrətin Əhli-Beytinə və İmam Zaman Həzrəti Məhdi (ə)-a inanmaq yalnız biz müsəlmanlara məxsus deyildir. Allahın Rəsulunun(s) peyğəmbərliyi, məsumların imaməti və İmam Zaman(ə)-ın zühuru barəsində müjdə bütün İlahi kitablarda olmuş, keçmiş ümmətlərin peyğəmbərləri və möminlər də bu əqidədə olmuşlar.

Qurani-Məcid bu barədə buyurur: “Həqiqətən Biz zikrdən (Tövratdan) sonra Zəburda yazdıq və qərara aldıq ki, bu yerin varisi Mənim saleh bəndələrim varis olacaqlar.”

Bütün şiə təfsirçiləri və əhli-sünnətin bəzi yazıçıları ayədə qeyd olunan “İbədiyəs-salihun” Həzrəti Məhdi(ə) barəsində olmasını təsdiqləyirlər.

Bu ayəyə əsasən, İmami Zaman (ə)-ın zühuru və ümum dünya hakimiyyəti barəsində Həzrəti Davud (ə)-ın Zəburu, Həzrəti Musa(ə)-ın Tövratı və başqa müqəddəs kitablarda bəşərat verilərək keçmiş ümmətlərin möminləri bu həqiqətlə tanış edilmişlər. Xoşbəxtlikdən keçmiş İlahi kitabların təhrif olunmasına baxmayaraq bu bəşarətlərin nişanələri hələ də qalmaqdadır.

Qurani-Kərimdə də İmam Zaman (ə)-ın zühur məsələsi dəfələrlə qeyd olunmuşdur. On birinci əsrin böyük şiə mühəddisi Əllamə Seyyid Haşim Bəhrani özünün “Əl-mu-həccətu fi ma nəzələ fil-Qaimil-Höccəh” adlı qiymətli kitabında Quranın 120 ayəsinin İmam Zaman(ə) barəsində olduğunu qeyd edərək bununla əlaqədar olan hədisləri yazıb nəzərini sübuta yetirmişdir. Müasir alimlərdən bəziləri isə bu ayələrin sayını 265 ayəyə çatdırmışdır. Halbu ki, bəzi ayələrin hələ də nəzərdən kənarda qalmış olması mümkündür.

Qeyd olunan ayələri İmam Məhdi (ə) və o Həzrətin qiyamı ilə əlaqələndirərək təfsir etmək yalnız şiə alimlərinə məxsus deyildir. Belə ki, əhli-sünnət alimləri də öz təfsir və başqa kitablarında bir çox Quran ayələrinin İmam Məhdi (ə) barəsində olmasını qəbul etmişlər. Türkiyənin böyük əhli-sünnət alimlərindən biri olan Şeyx Süleyman Qunduzi Hənəfi (1294 qəməri) özünün “Yənabiul-Məvəddəh” kitabının 3-cü cildinin 71-ci fəslini Quranda məhdəviyyət məsələsinə həsr edərək 57 ayənin İmam Məhdi(ə)-ın şənində təfsir etmişdir.

İndi isə şiə və sünni alimlərinin Həzrəti Bəqiyyətullah(ə)-ın qiyamı ilə əlaqələndirərək təfsir etdikləri 2 ayəyə işarə edirik:

1-Allah-taala Həzrəti Məhdi(ə)-ın zühuru və hökumətini vəsf olaraq buyurur: “ Biz istəyirik yer üzündə zəif saxlanılmışlara minnət qoyaraq, onları (yerdə) rəhbərlər və varislər qərar verək.” Təfsirçilər “ varis olub rəhbərliyə yetişənlər” mənasını İmam Məhdi(ə)-a məxsus etmişlər.

2-Allah-taala o Həzrətin qələbə ilə nəticələnən qiyam və mübarizələri barədə buyurur: “(yer üzündə) fitnə qalmayıb, bütün din yalnız Allaha məxsus olanadək onlarla (kafirlərlə) vuruşun.” Şiə təfsirçilərinin və bəzi əhli-sünnət kitablarında qeyd olunan nəzərlərə əsasən bütün fitnələr və azğınlıqların aradan gedəcəyi ilə nəticələnən bu vuruş öz həqiqətini İmam Məhdi(ə)-ın zühur əsrində tapacaqdır.

İmam Məhdi(ə) hədislərdə

“Biz onları İmamlar qərar verdik ki, (xalqı) bizim əmrimizlə hidayət edirlər. xeyirli işlər görməyi, namazı iqamə (bərpa) etməyi və zəkat verməyi onlara vəhy etdik. Onlar yalnız Bizə ibadət edirlər.”

İmam Zaman(ə)-ın xüsusiyyətləri və zühuru barəsində Həzrəti Peyğəmbər(s.) və digər məsumlardan (ə) nəql olunan hədislərin sayı o qədər çoxdur ki, təvatur həddinə çatmışdır . Demək olar ki, Əmirəl-möminin Əli (ə)-dan başqa heç bir məsum haqqında bu qədər hədis nəql edilməmişdir. Bu bəşarətlərin çoxluğu və dəqiqliyi elə bir dərəcəyə çatır ki, hətta İmam Kazım və İmam Rza əleyhissəlamın səhabələri hələ Həzrəti Məhdi(ə)-ın doğulduğu vaxtdan neçə illər öncə o Həzrətin qeybə çəkilib, zühur edəcəyi barədə kitablar yazmışlar.

Əhli-sünnətin ən qədim mötəbər kitablarından biri Əhməd ibn Hənbəlin yazdığı “Müsnəd”(241 qəməri) kitabıdır. Bu kitab Rəsuli-Əkrəm (s.)-dən İmam Məhdi (ə) barəsində nəql olunan yüz hədisə şamildir. Həmçinin Əbu Davudun (275 qəməri) və Termizinin (297 qəməri) “Sünən” kitablarında da “Məhdəviyyət” mövzusuna aid xüsusi bir fəsil toplanmışdır. Bunlardan əlavə əhli-sünnət alimləri indiyə qədər bütövlükdə İmam Məhdi(ə)-dan bəhs edən yüz əlli kitab yazmışdır.

Şiə əsərlərində “Məhdəviyyət” barəsində mövcud olan hədislərin sayı Rəsuli-Əkrəm (s.)-dən əlavə məsum İmamlardan da nəql olunduğu üçün daha artıqdır. Yalnız “Muntəxəbul-əsər” kitabında İmam Zaman(ə) barəsində 2103 hədis qeyd olunmuşdur.

Şiə alimlərinin Həzrəti Məhdi(ə) barəsində yazdıqları müstəqil kitabların sayı isə iki mindən artıqdır.

Ola bilsin ki, şiə və əhli-sünnət kitablarında bu mövzuda olan hədislərin sayının çoxluğu sayəsindədir ki, İmamət mövzusu ilə bağlı məsələlərdə şiə və sünni arasında ixtilafın olmasına baxmayaraq, Həzrəti Məhdi(ə)-ın zühuruna inam barəsində heç bir fikir ayrılığı yoxdur. Bu mövzu hər iki qrupun müştərək fikirlərindəndir. Əhli-sünnət Həzrəti Peyğəmbər(s.)-dən bu barədə belə nəql etmişlər: “Hər kəs Həzrəti Məhdi(ə)-ın qiyamını inkar edərsə, kafirdir.”

Həmçinin Həzrət Peyğəmbər (s.)-dən müxtəlif vasitələrlə nəql edirlər:

“Əgər dünyanın sonuna bir gün qalsa belə Allah həmin günü mənim Əhli-beytimdən, adı mənim adımdan olan bir kişinin qiyam etməsinə qədər uzadar. Yer üzü zülm və fəsadla dolduğu kimi o bütün dünyada haqq və ədaləti bərqərar edər.”

Müsəlmanların İmam Zaman(ə)-ın zühuruna inamlı olmaları ilə əlaqədar tarix boyu istər şiə, istərsə də sünnilər arasında çoxlu sui-istifadələrə də rast gəlinmişdir. Belə ki, bir çox insanlar müsəlmanların inhirafına bais olan, özlərini yaxud rəhbərlərini İmam Zaman kimi tanıtdıraraq yalandan iddialar etmişlər. O cümlədən: Əhli-sünnətin Şimali Afrikada “Sudanlı Məhdi” (1305 miladi) adı ilə, Hicazda vəhhabilərin “Məhəmməd ibni Abdullah Qəhtani” (1400 miladi) kimi tanınmış şəxsləri və İranda şiələrin arasında “Mirzə Əli Məhəmməd Şirazi”(1266 miladi) yalandan “Məhdəviyyət” iddiası etmişlər.

Allah-taala o Həzrətin zühuru ilə bütün dünyanı başdan-başa iman və ədalətlə doldursun.AMİN


more post like this