﴿هُوَ الَّذِيَ أَنزَلَ عَلَيْكَ الْكِتَابَ مِنْهُ آيَاتٌ مُّحْكَمَاتٌ هُنَّ أُمُّ الْكِتَابِ وَأُخَرُ مُتَشَابِهَاتٌ فَأَمَّا الَّذِينَ في قُلُوبِهِمْ زَيْغٌ فَيَتَّبِعُونَ مَا تَشَابَهَ مِنْهُ ابْتِغَاء الْفِتْنَةِ وَابْتِغَاء تَأْوِيلِهِ وَمَا يَعْلَمُ تَأْوِيلَهُ إِلاَّ اللّهُ وَالرَّاسِخُونَ فِي الْعِلْمِ يَقُولُونَ آمَنَّا بِهِ كُلٌّ مِّنْ عِندِ رَبِّنَا وَمَا يَذَّكَّرُ إِلاَّ أُوْلُواْ الألْبَابِ﴾

 

TƏRCÜMƏ:

 

«Bu kitabı sənə nazil edən Odur. Onun (kitabın) bir hissəsi kəlmələri aşkar (və mənası aydın) olan «möhkəm» ayələrdir ki, onlar kitabın əsası və anasıdırlar (başqa ayələrdə olan qaranlıq məqamlar onların vasitəsi ilə aradan qaldırılır). Digər bir hissəsi «mütəşabih» (bir neçə mənası olan) ayələrdir (və onların mənası məzmununun genişliyi, məfhumunun dərinliyi və ondan nəzərdə tutulan məqsədlərin çoxluğu səbəbindən ilk nəzərdə aydın deyildir və onlar «möhkəm» ayələrin və sağlam ağlın köməyi ilə təfsir olunmalıdırlar). Amma qəlblərində (haqdan) dönüklük olan kəslər, fitnəkarlıq və təvil etmək (düzgün olmayan məna vermək) üçün bu kitabın mütəşabihinə tabe olarlar. Halbuki, onun təvilini (və həqiqi mənasının nə olduğunu) Allahdan başqa heç kəs bilmir. Elmdə qüvvətli olanlar (isə) deyərlər: «Biz (möhkəm və mütəşabih olmasından və bizim mənasını bilib bilməməyimizdən asılı olmayaraq) ona iman gətirdik, (onun) hamısı bizim Rəbbimiz tərəfindəndir». (Bunu) sağlam ağıl sahiblərindən başqa heç kəs başa düşməz.»

 

TƏFSİR:

 

QURANDA MÖHKƏM VƏ MÜTƏŞABİH AYƏLƏR

 

Əvvəlki ayələrdə Peyğəmbəri-Əkrəmin (s) nübüvvətinin aşkar dəlili kimi Quranın nazil olmasından söhbət gedirdi. Bu ayədə isə Quranın xüsusiyyətlərindən, bu böyük asimani kitabda mətləblərin necə bəyan olunmasından söhbət açılır. Əvvəlcə buyurulur: O, həmin Allahdır ki, bu kitabı sənə nazil etmişdir. Onun bəzi ayələri möhkəm (aşkar və açıq-aydın) olmaqla bu kitabın əsasını təşkil edir (sair mürəkkəb mənalı ayələri izah edir). Onun bəzi hissələri də mütəşabih ayələrdir. Bu ayələr mətləblərin dərin məfhumuna, cəhətinə və sair səbəblərə görə ilk baxışda çox mürəkkəb nəzərə çarpır.

 

Mütəşabih ayələr insanlar üçün bir növ imtahandır; elmdə dərin biliyə malik olanlarla inadkar fitnəkarları bir-birindən ayırır. Buna görə də ayənin davamında buyurulur: Qəlblərində azğınlıq olanlara gəldikdə isə, onlar fitnə-fəsad törətmək üçün mütəşabih ayələrə tabe olur, bu ayələri öz meyl və istəkləri əsasında, düzgün olmayan şəkildə təfsir etmək istəyirlər ki, camaatı azdırsınlar. Halbuki, onun əsl təfsirini və həqiqi mənasını Allahdan və elmdə dərin biliyə malik olanlardan başqası bilməz.

 

Sonra əlavə edilir: Məhz elmdə dərin biliyə malik olanlar düzgün idrak sayəsində həm mütəşabih, həm də möhkəm ayələrin düzgün mənasını bilir və «deyirlər ki, biz onların hamısına iman gətirmişik, hər şey Allah tərəfindəndir». Bəli, əql və fikir sahiblərindən başqası bunlardan agah olmaz.

 

Bu ayədən məlum olur ki, Quran ayələri iki qismdir: bəzi ayələrin məfhumu o qədər aydındır ki, onlarda heç bir inkara, sui-istifadəyə yer yoxdur. Onları möhkəm ayələr adlandırırlar. Başqa qismi isə mətləbləri çox dərin mənalı və yüksək səviyyədə olduğundan, bizim idrak dairəmizdən kənarda olan qeyb elmi, axirət aləmi, Allahın sifətləri və s. amillər barədə olduğundan onların həqiqi mənasını, sirlərini və həqiqətlərini dərk etmək üçün xüsusi elmi hazırlığa ehtiyac duyulur. Məhz bu ayədən istifadə edərək onları «mütəşabih ayələr» adlandırırlar.

 

Azğınlığa düşmüş və yolunu azmış şəxslər adətən çalışırlar ki, bu ayələri əllərində bəhanə edərək haqqın əksinə olan təfsirlər irəli sürsünlər. Nəticədə camaatın arasında fitnə-fəsad salaraq onları haqq yoldan çıxartsınlar. Amma Allah-təala və elmdə dərin biliyə malik olanlar bu ayələrin sirlərini bilir və camaat üçün şərh edirlər.

 

Əlbəttə, elm və bilik nəzərindən ön cərgədə olanlar (peyğəmbərlər və imamlar) onun bütün sirlərindən agahdırlar. Halbuki, başqaları yalnız öz elm və bilikləri səviyyəsində ondan müəyyən və cüzi şeylər başa düşürlər. Məhz buna görə də nəinki adi camaat, hətta alimlər belə Quranın sirlərini anlamaq üçün ilahi müəllimlərin varlığına ehtiyac duyurlar.

Nurul-Quran – «ALİ-İMRAN» SURƏSİ

 

 


more post like this