Ümid və arzu insan həyatına hərəkət verər. Həqiqətdə, insan bu ümid və arzu sayəsində fəaliyət göstərər və səy edər. Həzrət Peyğəmbər (s) buyurur: “Ümid və arzu rəhmət mənbəyidir. Onunla ana övladına süd verər. Bağban ağaclara baxar”.

Bir gün Həzrət İsa (ə) əyləşmişdi və bir qoca kişi yeri belləyirdi. İsa (ə) dua edir: “Allahım! Arzunu ondan al!” Bu zaman kişi əlindəki beli kənara qoyub uzanır. Bir az keçəndən sonra Həzrət İsa (ə) buyurur: “Allahım! Arzusunu ona geri qaytar”. Kişi ayağa qalxır və iş görməyə başlayır.

Arzu və ümidlərin sonu yoxdur. İnsan rəftarına təsir edən ən böyük amildir. Ancaq əgər bu amil həddini aşarsa, uzun arzu halına gələrsə, bədbəxtliyin ən pis vasitəsinə çevrilər. İnsanı özünə elə məşğul edər ki, əsil hədəfi olan Xaliqdən qafil olar.

 

“Bir çox kafirlər (müsəlmanların qələbəsini görəndə və ya ölən zaman və yaxud cəza günü) kaş müsəlman olmalarını arzulayarlar. Qoy yesinlər, (dünyanın ləzzətlərindən) bəhrələnsinlər və arzular onların başlarını qatsın. Tezliklə başa düşəcəklər”. (“Hicr” 2-3).

İmam Əli (ə) buyurur: “Ey insanlar! Sizin üçün iki şeyə görə qorxuram: biri havayi-nəfsin ardınca getmək, o biri isə arzuların sərhədsiz olmasına görə. Havayi-nəfsin ardınca getmək insanı Haqqdan saxlayar. Arzuların sərhədsiz olmasına görə axirəti yaddan çıxardar”.

İmamın (ə) yanında ən pis insan o kəsdir ki, arzusu uzun və rəftarı nalayiq olsun. İnsan bu qədər istedada malik olaraq, necə ola bilir ki, şeytanın tələsinə düşür. Bu cür insan nəinki cəmiyyətə faydalı olmaz, həm də öz şəxsi mənafeyini belə tapdalamış olar. Bu cür insan öz təkamülünü dayandırar və əcəlini yaxınlaşdırar.

İmam Əli (ə) buyurur: “Arzularımın uzun olması məni həqiqi mənfəətimdən məhrum edər”. Bir nəfər İmamdan (ə) ona nəsihət verməsini istəyir. Həzrət (ə) ona buyurur: “Onlardan olma ki, əməl olmadan axirətə ümid edirlər. Uzun arzularına görə tövbəni təxirə salırlar. Bu cür insanların bir çoxu ağır şəkildə can verərlər. Ağrılı həyatları başqaları üçün ibrət olar”.

İmam Səccad (ə) buyurur: “Allahım! O nəfsdən ki, çox zaman pisliyə əmr edir, Sənə şikayət edirəm. Mənim varlığımı Sənin yanında ən alçaqlardan qərar verir. Xəstəlikləri çox və arzuları uzundur”.

Şeytanın insan həyatındakı əsl rolu odur ki, bu arzuları onun gözündə zinətləndirir. Hətta peyğəmbərləri (ə) belə bununla aldatmağa çalışmışdır.

Uzun arzulardan çəkinək və şeytanın tələsindən uzaq olmağa çalışaq.

http://sualcavab.ge/


more post like this