Məsələ 2305: Bir şəxs öz mülkündən nəyisə vəqf etsə, (ümumi istifadə üçün mülkündən çıxarsa) nə özü, nə də başqaları həmin şeyi sata, bağışlaya bilməz, həmin şeydən irs verilməz. Amma 1786-cı məsələdə deyildiyi kimi, bə’zi hallarda bu şeyi satmaq olar.
Məsələ 2306: Vəqf siğəsini ərəbcə və ya başqa bir dildə demək olar. Məsələn, “evini filan məqsədlə vəqf edirəm” deyilsə bəs edər. Bu halda qəbula ehtiyac yoxdur. Həmin vəqf ümumi və ya xüsusi ola bilər. Amma müstəhəb ehtiyat budur ki, şər’i hakim ümumi vəqfdə və şəxslər onlara olunan vəqfdə qəbul siğəsi desinlər.
Məsələ 2307: Əgər müsəlmanlara vəqf məqsədi ilə məscid tikilsə və onların ixtiyarına verilsə, dildə siğə olunmasa belə bəs edər.
Məsələ 2308: Bir mülk vəqf üçün ayrılsa və vəqf siğəsi oxunmazdan öncə, həmin mülk vəqf edilənlərə verilməmişdən qabaq, vəqf edən şəxs peşiman olsa və ya ölsə, həmin vəqf düzgün deyil.
Məsələ 2309: Bir malı vəqf edən şəxs müstəhəb ehtiyat budur ki, vəqf siğəsi oxuduğu anda vəqf etmiş olsun. Amma mal həmişəlik vəqf olunmalıdır. Bir şəxs desə ki, bu malı ölümümdən sonra üçün vəqf edirəm, iradı var. Nəyisə müəyyən müddətə, məsələn, 10 illik vəqf etmək də eyiblidir. Vəqf daimi olmalı, siğə oxunduğu andan həyata keçməlidir.
Məsələ 2310: Vəqf o zaman düzgün olur ki, vəqf edilən mal vəqf olunanlara və ya onların vəkilinə verilsin. Amma məscid və mədrəsə kimi ümumi vəqflərdə onun təhvil verilməsi şərt deyil. Müstəhəb ehtiyat budur ki, vəqf siğəsi oxunduqdan sonra mal vəqf edilənlərə və ya onların vəkilinə verilsin.
Məsələ 2311: Vəqf edən şəxs büluğ həddinə çatmış, ağıllı, məqsədli və azad olmalıdır. Vəqf edən şəxsin öz malı üzərində istifadə haqqı olmalıdır. Səfeh, şər’i hakim tərəfindən malına qadağa qoyulmuş borclu şəxs öz malından nəisə vəqf edə bilməz.
Məsələ 2312: Hələ ki, dünyaya gəlməmiş şəxslər üçün vəqf etmək düzgün deyil. Amma vəqf edilənlərdən bə’ziləri dünyaya gəlmişsə və bə’ziləri dünyaya gəlməmişsə, (məsələn, övladlara vəqf) sonradan dünyaya gələnlər də həmin vəqfə şərikdir.
Məsələ 2313: Bir şəxs özünə vəqf edə bilməz. (Məsələn, bir mülkü yalnız öz istifadəsi və ya ölümündən sonra məqbərəsinə xərc üçün ayıra bilməz.) Amma özü də tələbə olan şəxs mədrəsə və ya əkin sahəsini tələbələrə vəqf edə bilər. Bu halda özü də başqaları kimi həmin vəqfdən istifadə edə bilər.
Məsələ 2314: Əgər vəqf olunmuş şey üzərində nəzarətçi tə’yin olunsa, onun göstərişi əsasında əməl edilməlidir. Əgər tə’yin olunmasa, bu işi şər’i hakim görməlidir. Xüsusi vəqfdə isə (məsələn, övladlara vəqf olunmuş mülk) növbəti nəslin mənfəətini nəzərə almaq üçün mövcud nəsil və şər’i hakimin razılıqla nəzarətçi tə’yin etməsi ehtiyatdır. Vəqf təkcə mövcud nəslə aiddirsə, onlar ixtiyar sahibidirlər. Bu nəsil büluğ həddinə çatmamışsa, ixtiyar onların qəyyumlarının əlindədir.
Məsələ 2315: Xüsusi vəqfdə (məsələn, övlada vəqfdə) sahib mülkü icarəyə verib dünyasını dəyişsə, icarə vəqf və gələcək nəsillərin xeyrinə olarsa, icarə batil deyil. Amma vəqf edən olmasa və birinci nəsil mülkü icarəyə versə, icarə müddətində dünyasını dəyişdikdə növbəti nəslin icarə üçün icazəsinə ehtiyac var. İcarəçi bütün müddət icarə haqqını ödəsə belə, birinci nəslin ölümündən sonra sonrakı nəslin haqqı alınıb ona verilir. (Bir şərtlə ki, onlar icarəyə icazə versinlər.)
Məsələ 2316: Əgər vəqf edilmiş mülk yararsız vəziyyətə düşsə, yenə vəqf sayılır.
Məsələ 2317: Mülkün bir hissəsini vəqf etmək olar. Evin və ya əkin sahəsinin bir hissəsini vəqf etdikdə şər’i hakim və ya sahib vəqf olunmuş malı mütəxəssislərin nəzarəti altında ayıra bilər.
Məsələ 2318: Əgər vəqfi yerinə yetirməli olan şəxs ümumi vəqfə xəyanət etsə, onu tə’yin olunmamış yerə sərf etsə, şər’i hakim e’tibarlı bir qəyyum tə’yin edə bilər. Xüsusi vəqfin qəyyumu xəyanət etsə, şər’i hakim mövcud nəslin razılığı ilə onlara qəyyum ayıra bilər.
Məsələ 2319: Hüseyniyyə üçün vəqf olunmuş xalçanı məsciddə namaz üçün istifadə etmək olmaz. Xalçanın Hüseyniyyəyə aid olub-olmaması bilinməsə də, onu başqa yerə aparmaq düzgün deyil. Vəqf olunmuş digər mallar da belədir. Hətta bir məscidin möhürünü o birinə aparmaq olmaz.
Məsələ 2320: Əgər məscidin tə’miri üçün bir mülk vəqf olunduqda (mülkün qazancı) həmin məscidin tə’mirə ehtiyacı yoxsa və yaxın vaxtlarda ehtiyac olacağı ehtimal edilmirsə, mülkün qazancını digər məscidlərin tə’mirinə sərf etmək olar.
Məsələ 2321: Mülkün vəqfində məqsəd budursa ki, onun qazancını məscidin tə’mirinə, imam-camaata, azançıya xərcləsinlər, hansı üçün nə qədər nəzərdə tutulmuşsa, həmin məbləğ də sərf olunmalıdır. Əgər miqdar müəyyən edilməmişsə, qəyyumun nəzəri əsasında məsləhət olan şəkildə addım atılmalıdır.
Məsələ 2322: Dövrümüzdə təsis olunan, qeydə alınmış və hüquqi şəxs sayılan müəssisə və cəmiyyətlər üçün mülk ayırmaq olar. Bu halda əsasnaməyə uyğun hərəkət edilməlidir. Bu qəbil müəssisələrin mal-mülkü vəqfə bənzəyir. Amma bu vəqf deyil. Həmin mülk müəssisənin malıdır. Müəssisə və ya təşkilatı idarə edən şəxs dünyasını dəyişərsə, həmin mal varisə çatmır. Amma əsasnamədə belə bir şərt qoyularsa, varisə irs çatar. Qeyd edilən qaydalar məsləhət əsasında təşkil olunmuş, amma hələ ki, rəsmən qeydiyyata alınmamış müəssisələrə də aiddir.
həzrət Ayətullahül-üzma Məkarim Şirazinin Şəriət risaləsi

 


more post like this