Bismillahir Rəhmanir Rəhim…
Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə).
Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə…

91. Musa (ə) dedi: “Ey Rəbbim! Sinəmi açıb genişlət və mənim üçün işimi asan elə, dilimdən düyünü aç ki, sözümü anlasınlar və mənə öz əhlimdən bir vəzir (köməkçi) ver, qardaşım Harunu, onunla arxamı möhkəmləndir, onu işimə sərin et ki, səni daha çox təsbih edək və səni daha çox yad edək, həqiqətən, Sən bizim (halımızı) yaxşıca görənsən!” (Taha, ayə 25-35)
İbni Abbas belə dedi: Peyğəmbər (s.a.a.) Əlini (ə) yanına alaraq dört rükət namaz qıldıqdan sonra əlini səmaya doğru açaraq belə dedi: “Ey Rəbbim! Qardaşım Musanın (ə) sənə dua etdiyi kimi, mən də sənin qulun Məhəmmədəm (s.a.a.). Ey Rəbbim! Köksümü aç, işimi asanlaşdır, dilimdən də düyünü aç ki, sözümü yaxşı anlasınlar, öz əhlimdən mənə bir vəzir ver, qardaşım Əlini (ə), məni onunla dəstəklə, onu işimdə şərik qərar ver ki, səni daha çox təsbih edək və səni daha çox yad edək.” Daha sonra ibni Abbas belə dedi: “Bir carçının belə dediyini duydum, Ya Əhməd (s.a.a.) sənin istədiklərin sənə verildi.” (Əhli-sünnənin əksər hədis, təfsir və tarix kitablarında qeyd edilmişdir).

92. “Həqiqətən mən tövbə edən, iman gətirən, saleh əməl edən, sonra doğru yola hidayət olan şəxsi əlbəttə ki, bağışlayanam” (Taha, ayə 82)
İbni Hacər bu ayənin təfsirində belə nəql edir: “Möminlərin əmiri Əli (ə) və Əhli Beytin (ə) vilayətinə doğru girin” (“Dəlail Sidq” c. 2, səh. 218). Yəni doğru yol dedikdə məqsəd Əhli-beytin (ə) vilayətidir.

93. “Hər kəs məni yad etməkdən üz döndərsə, həqiqətən, yaşayışı çətin (dar) olar və qiyamət günü onu kor məhşur edərik.” (Taha, ayə 124)
Hafiz Həskani Hənəfinin nəqlinə görə İbni Abbas bu ayə haqqında dedi: “Həqiqətən kim Əlinin (ə) vilayətini tanımayıb tərk edərsə, qiyamət günü Allah onu kor və lal olaraq həşr edəcəkdir (toplayacaqdır).” (“Şəvahidut-Tənzil” c. 1, səh. 379-380)

94.”Əhlinə namaz qilmağı əmr et…” (Taha, ayə 132)
Peyğəmbər (s.a.a.) bu ayə nazil olandan sonra, hər namaz vaxtı qızı Fatimənin (s) və İmam Əlinin (ə) qapisına gedərək belə buyurdu: ”Haydı namaza, Allahın rəhməti üzərinizə olsun” və davamlı bu ayəni oxuyardı: Allah siz Əhli Beytdən (ə) pisliyi (şəkk-şübhə,şirki) uzaqlaşdırmaq və sizi pak etmək istəmişdir” (Əhzab 33) (“Şəvahidut-tənzil” c. 1, səh. 381-382)

95. “… Kafir olanlar üçün oddan paltar biçilmişdir. Başlarına da qaynar su tökülər” (Həcc, ayə 19)
Əbu Zərr belə dedi: Bu ayə Bədr günü Utbə ilə müharibə edərkən Əli (ə.), Həmzə və Ubeyd haqqıda endi.” (yəni, onlarla vuruşan kafirlər haqqında nazil oldu) (“Səhih Müslim” c. 2, səh. 550). Bu mözu bir çox əhli-sünnə kitablarında nəql edilmişdir:
1) Suyuti “Durrul Mənsur” c. 4, səh. 348;
2) Beyhəqinin Təfsiri;
3) Təfsirul Sufyanda səh. 167;
4) Təbəri “Zəxairul-Uqba” səh. 89;
5) Məğazili “Mənaqib ibni Məğazili” səh. 264-265;
6) Hakim “Mustədrək aləs-səhiheyn” c. 2, səh. 386;
7) Əbu Davud “Musnəd Əbu Davud” səh. 65.

96. “Sur çalındığı zaman, artıq aralarında nə qohumluq olar, nə də bir-birindən hal-əhval tutarlar.” (Mominin, ayə 101)
Məğazilinin nəql etdiyi bir rəvayətə görə Ömər ibni Xəttab Peyğəmbərin (s.a.a.) belə buyurduğunu nəql edir: “Qiyamət günü bütün qohumluq bağları kəsilir, ancaq mənim əsl-nəsəbim qalır və Əli ibni Əbu Talib (ə) mənim əsl-nəsəbimdəndir. Kim Əlini (ə) sevərsə ancaq məni sevmişdir, kim ona buğz (nifrət, düşmənçilik) etsə mənə buğz etmişdir” (“Mənaqib ibni Məğazili” səh. 109)
Təfsir alimləri qiyamət gününə qədər Perğəmbərin (s.a.a.) əsl-nəsəbinin kəsilməyəcəyinə dair rəvayətlər nəql etmişdirlər:
1) Xatib Bağdadi “Tarixu Bağdadi” c. 6, səh. 182;
2) Beyhəqi “Sunən Beyhəqi” c. 7, səh. 63-64;
3) Hafiz Əbu Nəim Əhməd ibni Əbdullah İsfahani “Hilyətul Uləma” c. 7, səh. 314;
4) Zəhəbi “Təzkirul Hafiz Ul Zəhəbi” c. 3, səh. 117;
5) İbni Səd “Təbəqətul-Kubra” c. 8, səh. 463;
6) İbni Hacər Heysəmi “Məcməuz-Zəvaid” c. 9, səh. 173 və c. 4, səh. 271.

97. “Və yaxın qohumlarına xəbərdarlıq elə” (Şuəra, ayə 214)
Peyğəmbər (s.a.a.) bu ayə nazil olandan sonra qohumlarını evinə toplayaraq onlara belə müraciət etdi: “Ey Əbdul Müttəlib oğulları! Allaha and olsun ki, ərəblərin heç bir gəncin, öz qövmünə, mənim sizə gətirdiklərimdən daha üstününü gətirdiyini bilmirəm. Şübhəsiz mən sizə, dünya və axirətin xeyrini gətirdim. Uca Allah mənə, sizi özünə tərəf dəvət etməmi əmr etmişdir. Sizlər mənim yaxın qohumlarımsınız. Allah hər göndərmiş olduğu Peyğəmbərə mütləq öz əhlindən bir qardaş, varis, vəzir və vəsi qərar vermişdir. İndi sizin hansınız ayağa qalxıb qardaşım, vəzirim və varisim olmaq, mənsən sonra vəsim, əhlim üzərində xəlifəm və borcumu ödəyən olmaq üzrə mənə beyət edər?” Hamının susduğunu görən imam Əli (ə) ayağa qalxıb dedi: “Mən beyət edərəm ya Rəsulullah (s.a.a.).” Peyğəmbər (s.a.a.) əlini imam Əlinin (ə) çiyninə qoyaraq dedi: Bu sizin içərinizdə mənim xəlifəm, vəsim və qardaşımdır, ona itaət edin” (“Quranda Əhli-Beyt” səh. 195). Bir çox təfsir və hədis alimləri bu mövzunu daha geniş nəql etmişlər:
1. Əbu Davud Sicistani “Sünən Əbu Davud” c. 2;
2. Əbu Cərir Təbəri “Camiul Bəyan” c. 19, səh. 121 və “Tarixul-Kəbir”;
3. İbni Əsakir “Tarixul-Diməşq” hədis 132;
4. Muttəqi Hindi “Kənzul-Ummal” c. 13, səh. 128-129;
5. İbni Kəsir “Əl-Bidayətu Vən-Nihayətu” c. 3, səh. 140;
6. Həzin təfsiri;
7. Məsud Bəğavi “Məalim ət-Tənzil” c. 5, səh. 127;
8. Ənis Əmir “Fəzilətu Əhli-Beyti Rəsulilləh” səh. 41, 42, 45, 55, 58;

98. “Onu və gəmidəkiləri qurtardıq, bunu aləmlərə bir ibrət etdik” (Ənkəbut, ayə 15)
İbni Abbas Peyğəmbərin (s.a.a.) belə buyurduğunu nəql edir: “Ya Əli (ə), sənin və övladlarından olan imamların məndən sonrakı məsəli, Nuhun (ə) gəmisi kimidir. Kim ona minərsə nicat tapar, kim ona tərk edib minməzsə boğulub həlak olar” (“Ğayətul-Məram” səh. 238)
Bu hədisi nəql edən əhli-sünnə məzhəbinin kitabları:
1. İbn Həcər Heysəmi “Səvaiqul-Muhriqə” səh. 234;
2. Məğazili “Mənaqib ibni Məğazili” səh. 132-134;
3. Suleyman Qunduzi “Yənabiul-Məvəddə” səh. 28;
4. Xətib Bağdadi “Tarixul-Bağdadi” c. 12, səh. 91;
5. İbni Kəsir Diməşqi “Təfsirul-Quranil-Əzim” c. 9, səh. 115;
6. Suyuti “Xəsaisul-Kubra” c. 2,səh. 266;
7. Hakim “Müstədrək” c. 3, səh. 150;
8. Hafiz Əbu Nəim “Hilyətul-Əvliya” c. 4, səh. 306;
9. Hafiz Heysəmi “Məcməuz-zəvaid” c. 9, səh. 168;
10. Zəhəbi “Mizanul-İtidal” c. 1, səh. 224.

99. “Allah siz Əhli-beytdən pisliyi (şirki, şəkki, nifaqı, küfrü) uzaqlaşdırmaq və sizi pak etmək istəmişdir.” (Əhzab, ayə 33)
Səhih Müslim Ayişədən belə rəvayət etməkdədir: “Bir sabah Peyğəmbər (s.a.a.) qoyun yunundan toxunmuş qara bir əbanı geyinərək evdən çıxmaq qəsdi ilə qapıya yönəldiyində, Həsən ibni Əlinin (ə) gəldiyini gördü, Peyğəmbər (s.a.a.) onu əbasının içinə aldı, sonra Hüseyni (ə), daha sonra sırayla Fatimə (s) və Əli (ə) gəldi, onların ikisini də əbasının içində yer verdikdən sonra bu ayəni (Əhzab, 33) oxudu.” (Səhih Müslim: c. 2, səh. 331; c. 4, səh. 24)
Əhli-sünnə uləmaları bu ayənin Əhli-beyt (ə) haqqında nazil olduğu barədə ittifaq etmişlər və bu ayədə Əhli-beyt (ə) dedikdə məqsədin Peyğəmbər (s.a.a.), Əli (ə), Fatimə (s), Həsən (ə) və Hüseynin (ə) olması barədə hamı ittifaqdadır. Məsələn:
1. Əhməd ibni Hənbəl “Müsnəd” c. 6, səh. 202;
2. Hakim “Mustədrək” c. 3, səh. 135;
3. Əbu Davud Tayalsi “Müsnəd Tayalsi” c. 8, səh. 274;
4. Saib Kəlbi “Təfsirul Kəlbi” səh. 137;
5. Muhibiddin Təbəri “Zəxirul Uqba”;
6. Əhməd Mustafa Məraği “Təfsurul-Məraği” c. 22, səh. 7;
7. Xarəzmi “Məqtəl Huseyn” c. 1, səh. 94;
8. Səbban “İsaful Rağibin” səh. 107;
9. İbni Əsir “Kamil fit-tarix” c. 3, səh. 204;
10. Nisai “Xəsais” səh. 4;
11. Təfsirut-tibyan c. 2, səh. 1;
12. “Kifayətut-talib” səh. 200;
13. Səhih Tirmizi c. 2, səh. 301;
14. Xəsaisul Nisai səh. 72-76;
15. “Müsnəd Əhməd ibn Hənbəl” c. 4, səh. 363;
16. Nizam Durrus-Səmteyn səh.18;
17. “Şərhu Səhih Buxari” c. 6, səh. 81;
18. “Sirətul-Hələbiyyə” c. 3, səh. 373;
19. “Riyazun-Nəzrə” c. 2, səh. 192;
20. “Əhmədətul-Qari” c. 7, səh. 592;
21. “Fəthul Bari” c. 7, səh. 124;
22. “Təzkiratul Xəvas” səh. 41.

100. “O və onun mələkləri sizə salavat göndərir ki, sizi qaranlıqlardan işıqlığa çıxartsın və O, həmişə möminlərə mehriban olub”. (Əhzab, ayə 43)
Xarəzmi Ənəs ibni Malikdən nəql etdiyi bir rəvayətdə belə buyurdu: “Mələklər mənə və Əliyə (ə.) 7 il salavat dedilər”, “Nəyə görə ya Rəsulullah (s.a.a.)?” – deyə soruşduqda belə dedi: “Çünki uca Allahın vəhdaniyyətini ilk qəbul edən mən və Əli (ə) idik.” (“Mənaqib Xarəzmi” səh. 31-32; Həməveyni “Fəraidus-Səmteyn”; İbni Əsir “Usdul-Ğabə” c. 4, səh. 18; Təbəri “Zəxairul-Uqbə” səh. 64)

Islamadogru.biz


more post like this