Bismillahir Rəhmanir Rəhim…
Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə).
Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə…

71. “Ey iman gətirənlər, Allahdan qorunun (yəni əzabından) və doğrularla birgə (yanaşı) olun (qəlbən və əmələn). (Tövbə, ayə 119).
İbni Əsakir bu ayənin təfsirində belə rəvayət edir: Ayədə məqsəd budur: “Əli ibni Əbi Talib (ə) ilə birlikdə olun”. (Tarix Mədinətn Diməşq, c. 2, səh. 421-422)
İbni Abbas bu ayənin təfsirində belə demişdir: “Bu ayədəki “Ey iman gətirənlər” və “doğruçularla birgə olun” müraciəti İmam Əli ibni Əbi Talibə (ə) məxsusdur”. (“Mənaqib Xarəzmi” səh. 196).
Bu barədə yazan əhli-sünnə alimləri:
1. İbni Hacər Heysəmi “Səvaiqul-Muhriqə” səh. 93;
2. Gənci Şafei “Kifayətut-Talib” səh. 111;
3. Həməveyni Şafei “Fəraidus-Səmteyn” c. 1,səh. 68;
4. Suyuti “Əd-Durrul-Mənsur” c. 3,səh. 390;
5. Hafiz Suleyman Qunduzi “Meveddet Pınarları” səh. 33, 105, 130;
6. Zərəndi Hənəfi “Nizam Durrus-Səmteyn” səh. 92;
7. Əllamə Hindi “İrcəhul Mətalib fi Mənaqibi Əli ibni Əbi Talib” səh. 60;

72. “… haqqa tərəf hidayət edən kəs tabe olunmağa daha layiqdir, yoxsa hidayət olunmayınca özü hidayət tapa bilməyən kəs? Sizə nə olub, necə hökm edirsiniz?” (Yunus, ayə 35)
Hakim Həskaninin nəqlinə görə ibni Abbas bu ayənin təfsirində belə demişdir: “Öz aralarında münaqişə edənlər, məsələnin həlli üçün Peyğəmbərin (s.a.a.) yanına gəldilər və Peyğəmbər (s.a.a.) bəzi səhabələrinə əmr edərək onların aralarında hökm vermələrini istədi. Verdikləri hökmdən razılaşmadılar. Sonra Peyğəmbər (s.a.a.) imam Əlinin (ə) hökm verməsini istədi. İmam (ə) onların arasında hökm verdi və onlar onun verdiyi hökmdən razı oldular. Bunu görən bəzi münafiqlər onlara belə dedi: “Filan kişi sizə hökm etdi, ancaq razı olmadınız” Amma Əli (ə) sizə bir hökm verəndə onun hökmünə razı oldunuz, vay olsun sizə! Bunun müqabilində Uca Allah Əlinin (ə) haqqında yuxarıdakı ayəni endirdi, yəni ki, Əlinin (ə) verdiyi hökm ən doğru hökmdür.” (“Şəvahidut-tənzil” c. 1, səh. 265).

73. “O haqdırmı? – deyə səndən soruşarlar. De ki, “Bəli, and olsun Rəbbimə ki, o həqiqətən, doğrudur və siz onu aciz edən deyilsiniz” (Yunus, ayə 53).
Hafiz Hakim Həskaninin rəvayətinə görə: “Məkkə əhli ya Məhamməd (s.a.a.), Əlinin (ə) imaməti haqqında söylədiklərin gerçəkdirmi?-dedilər. Peyğəmbər (s.a.a.) buyurdu: “Rəbbimə and olsun ki, Əli (ə) haqqında söylədiklərim doğrudur”. (“Şəvahidut-Tənzil” c. 1,səh. 267)

74. De ki: “Allahın fəzli-kərəmi və onun rəhməti ilə” indi ancaq onunla sevinməlidir. (Yunus, ayə 58)
İbni Əsakir “Tarix Mədinətn Diməşq” kitabında Abdullah ibn Abbasın bu ayənin təfsirində belə dediyini rəvayət edir: “Allahın fəziləti Rəsulullah (s.a.a.) və Allahın rəhməti isə Əlidir (ə)” (“Tarixu Mədinətn Diməşq” səh. 428; “Fəzilətu Əhli-Beyti-Rəsulilləh” səh. 73.)

75. “Bilin ki, Allahın dostlarına qorxu yoxdur və onlar kədərlənməzlər”. (Yunus, ayə 62)
Xarəzmi Ənəsdən rəvayət edir ki, Peyğəmbər (s.a.a.) belə buyurdu: “Əli (ə) və onun övladları və sevənləri (tərəfdarları, şiələri) cənnətə ilk öncə girəcəklər. Və onlar cənnətdə Allahın və Allah dostlarının qonşularıdırlar.” (“Mənaqibu Xarəzmi” səh. 32)

76. Və (ey Peyğəmbər) elə olmasın ki, kafirlərin: “Nə üçün ona bir xəzinə nazil olmamışdır və ya onunla bir mələk gəlməmişdir?” – demələri ilə sənə vəhy olunanın bəzisini tərk etmiş olasan və qəlbin sıxılsın. Sən ancaq xəbərdarlıq edənsən və hər şeyə vəkil olan ancaq Allahdır” (Hud, ayə 12)
Bu ayənin təfsirində imam Sadiq (ə) belə buyurdu: Peyğəmbər (s.a.a.) bir gün imam Əliyə (ə) buyurdu ki: “Ey Əli (ə)! Allahdan səni mənə vəzir qılmasını istədim və O da qəbul etdi və bir də səni vəsim etməsini istədim, onu da qəbul etdi və səni ümmətimin üzərinə xəlifəm olmasını istədim, yenə qəbul etdi”, bu zaman Peyğəmbərin (s.a.a.) yanında duran və Qureyşlilərdən olan 2 kişi (qeyd: çox güman ki, bu Əbubəkr və Ömər olub) bir-birinə belə dedilər: “Allaha and olsun ki, su tuluğunun içərisində olan bir qab xurma, Məhəmmədin (s.a.a.) Rəbbindən istədiyindən daha xeyirlidir. Rəbbindən bir mələk gəlib, ona yardımçı olsaydı və yaxud ona bir mülk (var-dövlət) endirilib öz yoxsulluğunu aradan aparsaydı, Allaha and olsun ki, özü haqqı və ya batili Allahdan diləsəydi, istədiyi qəbul ediləcəkdi” – bu sözlərim cavabı olaraq Allah yuxarıdakı ayəni nazil etdi. (“Quranda Əhli-Beyt” səh. 124)
Əhli-sünnə alimlərindən Hakim Həskani də bu ayənin təfsirində yuxarıdakı hədisə yaxın bir hədis nəql etmişdir. (“Şəvahidut-Tənzil” c. 1, səh. 282-283)

77. “Öz Rəbbindən açıq-aydın bir dəlil (bəyyinə) olan və (öz əhlindən) onu izləyən bir şahidi olan şəxs (dəlil və şahidi olmayan dünya əhli kimlərdirmi?)… (Hud, ayə 17)”
Hafiz Süleyman Qunduzi imam Əlinin (ə) bu ayənin təfsirində belə buyurduğunu nəql edir: “Bəyyinə (açıq bir dəlil) həzrət Məhəmməd (s.a.a.), şahid isə mənəm”. (“Yənabiul-Məvəddə” səh. 25)
Şəvkaninin nəqlinə görə bu ayə haqqında Peyğəmbər (s.a.a.) belə buyurdu: “Rəbbindən açıq bir dəlil üzərində olan Mənəm və ardınca da rəbbi tərəfindən bir şahid gələn isə Əlidir (ə.).” (“Fəthul-Qədir” c. 2, səh. 466)
İbni Əsakir “Tarixu Mədinəti Diməşq” adlı kitabında bu ayənin təfsirində yuxarıda nəql etdiyimiz rəvayəti eynilə nəql edir (“Tarixu Mədinəti Diməşq” səh. 420-421)
Bu ümmətin şahidinin imam Əli (ə) olduğu barədə bir çox əhli-sünnə alimlərinin kitablarında nəql edilmişdir:
1. Suyuti “Durrul Mənsur” c. 3, səh. 324;
2. Müttəqi Hindi “Vənzul Ummal” c. 1, səh. 251;
3. Gənci Şafei “Kifayətut-Talib” səh. 111;
4. Fəxri Razi “Məfatihul-Ğeyb”;
5. Xarəzmi “Mənaqib Xarəzmi” səh. 197;
6. Məğazili “Mənaqib ibni Məğazili” səh. 270-271;
7. İbni-Əbul Hədid Mötəzili “Şərhul-Nəhcul-Bəlağə” c. 1, səh. 208;
8. Təbəri “Camiul Bəyan” c. 21, səh. 10;
9. Cəvzi “Təzkiratul Xəvasul-Umməti” səh. 10;
10. Hindi Ubeydullah “İrcahul Mətalib” səh. 62;
11. Məsud əl Bəğvi “Məalim ət-tənzil” c. 3, səh. 224;
12. Ələddin Əli ibni Muhəmmədin təfsiri c. 3, səh. 224.

78. “Yer üzündə bir-birinin yanında olan qitələr (müxtəlif iqlimli torpaq sahələri), bir su ilə suvarılan üzüm bağları, əkinlər və bir kökdən və ya başqa kökdən əmələ gələn xurma ağacları vardır…” (Rəd, ayə 4)
Cabir ibni Abdullah Ənsari bu ayənin təfsirində Peyğəmbərin (s.a.a.) imam Əliyə (ə) belə dediyini eşitdim: “Ya Əli (ə), insanlar müxtəlif saylardandır, sən və mən isə bir soydanıq (bir ağacdanıq)” (“Durrul Mənsur”; “Kənzul Ummal” c. 6, səh. 154; “Mənaqib Xarəzmi” səh. 86; “Müstədrək aləs-səhiheyn” c. 2, səh. 241)

79. “… (Ey Peyğəmbər!) sən ancaq xəbərdarlıq verənsən və hər bir qövm üçün bir hidayətçi var” (Rəd, 7).
Sələbinin rəvayətinə görə ibni Abbas bu ayənin təfsirində belə demişdir: “Bu ayə endiyi zaman həzrət Peyğəmbər (s.a.a.) belə dedi: “Xəbərdarlıq edən mənəm, hidayət edən isə Əlidir (ə.). Ya Əli (ə.) məndən sonra hidayət əhli səninlə hidayəti seçəcəkdir”
Təfsir alimləri də bu ayənin təfsirində bu ayədəki “hadi” xitabının imam Əliyə (ə) aid olduğunu nəql etmişlər:
1. Təbəri “Camiul-Bəyan” c.13,səh.72;
2. İbni Səbbağ Maliki “Fusulul Muhimmə” I fəsl;
3. Şəblənci Şafei “Nurul Əbsar” səh. 70;
4. Müfəssirlərin Şeyxi İsmail Hənəfi “Ruhul Bəyan” c. 2, səh. 440;
5. Suleyman Qunduzi “Yənabiul Məvəddə” səh. 26;
6. Gənci “Kifayətut Talib” səh. 109;
7. Nişapuri “Müstədrək Aləs-Səhiheyn” c. 3, səh. 129;
8. Muttəqi Hindi Hənəfi “Kənzul Ummal” c. 1, səh. 251;
9. Fəxri Razi “Məfatihul Ğeyb”;
10. Suyuti “Durrul Mənsur”;
11. Əyni “Mənaqib Əyni” səh. 18-26;
12. Hakim Həskani “Şəvahidut-Tənzil” c. 1, səh. 301-302;
13. İbni Şəhr Aşub “Mənaqib” c. 3, səh. 83.

80. “Onlar iman gətirən və qəlbləri Allahın zikri ilə aram olan kimsələrdirlər. Agah olun! Allahın zikri ilə qəlblər aramlıq tapar”. (Rəd, ayə 28)
Süyutinin rəvayətinə görə imam Əli (ə) Peyğəmbərdən (s.a.a.) belə nəql edir: “Onlar iman gətirən və qəlbləri Allahın zikri ilə aram olan kimsələrdirlər…” – yəni “Onlar Allah və Rəsulunu (s.a.a.) və Əhli-beytimi (ə) səmimi sevənlərdir” (“Durrul Mənsur” Süyuti).
Peyğəmbər (s.a.a.) imam Əliyə (ə) belə buyurdu: “Bu ayənin kimin haqqında endiyini bilirsənmi?” İmam Əli (ə) dedi ki: Allah və Rəsulu (s.a.a.) daha yaxşı bilirlər.” Rəsulullah (s.a.a.) dedi: “Bu ayə, məni təsdiq edib mənə iman edənlər və sənin övladlarını səndən sonra sevib sizlərə bu əmri (xəlifəliyi) təslim edənlər haqqında enmişdir” (“Quranda Əhli-Beyt” səh. 133)

Islamadogru.biz


more post like this